27 Oktyabr 2021
Mətni dəyiş
Belarus polisi ölkənin cənub-şərqindəki Homel şəhərində sosial medianın “ekstremist” kanallarına abunə olmaq ittihamı ilə onlarla insanı həbs edib.
2020-ci ilin avqustunda keçirilən mübahisəli prezident seçkilərindən və Belarusda etirazlar baş qaldırandan bəri hökumət Telegram-ın yüzlərlə müxalifət kanalını və sosial media saytını “ekstremist” elan edib və belə saytlardan istifadə edənlər ya həbs edilə, ya da cərimələnə bilər.
"Viasna" hüquq-müdafiə mərkəzinin oktyabrın 26-da bildirdiyinə görə, bir gün əvvəl 30-a yaxın şəxs qadağan olunmuş Telegram kanallarından istifadə etməkdə ittiham olunub.
"Viasna" bildirib ki, təhlükəsizlik işçiləri 22 yaşlı tələbəni küçədə tutaraq maşına mindirib və telefonunun parolunu vermədiyi təqdirdə ona qarşı ciddi tədbirlər görüləcəyi ilə hədələyib. Telefona girişi təmin etdikdən sonra onun "ekstremist" Telegram kanallarına abunə olduğu aşkar edilib və üç dəqiqəlik məhkəmə prosesində o, 15 sutka həbs cəzasına məhkum edilib.
Belarus Prezidenti Aleksandr Lukaşenko hökuməti demokratiya tərəfdarı hərəkata qarşı sərt şəkildə repressiyalara əl ataraq minlərlə insanı həbs edib və müxalifətin ən yüksək fiqurlarının əksəriyyətini ölkəni tərk etməyə məcbur edib.