30 Oktyabr 2021
Mətni dəyiş
Belarusun Daxili İşlər Nazirliyi cümə günü ölkən müxalifətin ən məşhur sosial media kanallarından üçünü ekstremist təşkilatlar kimi təsnif edib. Belə ki, həmin kanallara abunə olan insanları 7 ilə qədər həbs cəzası gözləyir.
Keçən il prezident Aleksandr Lukaşenkoya qarşı kütləvi küçə etirazları zamanı həm nümayişləri koordinasiya etmək, həm də polisin zorakılığı ilə bağlı görüntüləri paylaşmaq üçün Telegram kanalları kimi sosial media platformalarından geniş istifadə olunub.
Polşada sürgündə olan bir belaruslu müxalifətçi tərəfindən idarə olunan NEXTA xəbər orqanının Telegram-da üç kanalı, bundan əlavə onun 9,5 milyon əhalisi olan ölkədə 1 milyona yaxın abunəçisi olan NEXTA Live kanalı var.
"Daxili İşlər Nazirliyi NEXTA, NEXTA-Live və Telegram kanallarının fəaliyyətini ekstremist təşkilatlar kimi tanıyıb və fəaliyyətlərinin qadağan edilməsi barədə qərar qəbul edib" - deyə, nazirliyin məlumatında bildirilib.
Bundan əvvəl NEXTA-dan materiallları paylaşan hər kəs cərimə və ya 30 gün həbs cəzasına məhkum edilirdi. Lakin yeni təsnifat o deməkdir ki, abunəçilər ekstremist təşkilatda iştiraka görə mühakimə oluna və 7 ilə qədər həbsə məhkum edilə bilərlər.
"Bu gün Belarusda daha 1,4 milyon ekstremist peyda olub. Daxili İşlər Nazirliyi NEXTA, NEXTA Live və LUXTA Teleqram kanallarını "ekstremist birləşmələr" kimi tanıyıb. Bu o deməkdir ki, Belarusda yaradıcılara, idarəçilərə və abunəçilərə qarşı cinayət işi açıla bilər" - deyə, NEXTA Twitter səhifəsində yazıb.
Etirazlar ötən il prezident seçkilərindən sonra başlayıb və, Lukaşenkonun rəqiblərinin dediyinə görə, veteran lideri hakimiyyətdə saxlamaq üçün açıq-aşkar saxtakarlıq edilib.
Etiraz aksiyaları zamanı on minlərlə insan saxlanılıb. Hüquq müdafiəçilərinin dediyinə görə, etirazlardan sonra 800-dən çox insan siyasi məhbus kimi həbs edilib.