1 Oktyabr 2021
Mətni dəyiş
Belarus hökuməti ötən il prezident seçkilərin ardından baş qaldıran etiraz dalğasından sonra ölkədə müstəqil medianı məhdudlaşdıran bir sıra addımlardan əlavə daha bir xəbər saytını bloklayıb.
Belarusun İnformasiya Nazirliyi Rusiyanın eyniadlı məşhur qəzetinin Belarusdakı şöbəsi olan "Komsomolskaya Pravda" saytına girişi bloklayıb. Nazirlik hər gün təxminən 20 000 nəfərin istifadə etdiyi populyar veb saytın bloklanması qərarına heç bir səbəb göstərməyib.
Sayta giriş Belurusun paytaxtı Minskdə bir mənzildə atışma nəticəsində iki nəfərin - müxalifət tərəfdarı və KQB zabitinin öldürüldüyü barədə məlumat yayımlandıqdan bir neçə saat sonra məhdudlaşdırılıb.
Xəbərlərdə müxalifət tərəfdarının dostunun onu yüksək qiymətləndirən bir şərhi dərc edilib. Belarus rəsmiləri hadisə barədə çərşənbə axşamı gecəsi məlumat verib və iddia edib ki, "çox təhlükəli bir cinayətkar" "terror fəaliyyətləri ilə məşğul olan şəxsləri" axtarmaq üçün mənzilinə gələn təhlükəsizlik işçilərinə atəş açıb.
Onlar KQB zabitlərindən birinin öldüyünü və cinayətkarın "cavab atəşi" ilə öldürüldüyünü bildirib. Belarus dövlət telekanallarının yaydığı kadrlarda mülki geyimli kişilərin mənzilə girməyə çalışdıqları görünüb.
Rəsmilər təhlükəsizlik işçilərinə atəş açdığı iddia edilən adamın adını açıqlamayıb, ancaq həmin vaxt mənzildə olan həyat yoldaşının həbs edildiyini deyib.
Dövlət xəbər agentliyi Belta "müxalifətlə əlaqəsi olan bir ekstremist qrupun üzvlərinin guya həmin mənzildə yaşadığını" bildirib.
Belarus hökuməti keçən il hökumət əleyhinə nümayişlərdə etirazçıları "ekstremist" və "terrorçu" adlandırmışdı.
Böyük etirazlar Qərbin "saxta" adlandırdığı 2020-ci ilin avqust ayında keçirilən prezident seçkiləri nəticəsində avtoritar prezident Aleksandr Lukaşenkonun altıncı müddətə seçilməsindən sonra baş qaldırmışdı.
Lukaşenko hökuməti etirazçılara qarşı zorakılıqlar tətbiq etmiş, 35 mindən çox adamı həbs etmiş, minlərlə insanı ağır şəkildə döymüşdü.