Evin birinci uşağıyam. Qardaşım məndən dörd yaş balacadır. Ağlım kəsəndən bəri valideynlərim həmişə işləməli olublar. Buna görə də, gün uzunu evdə tək qalmışam. Balaca qardaşımı saymasaq... O illərdən artıq evin bütün məsuliyyəti mənim üzərimdə idi. Yadımdadır, bir dəfə balaca qardaşım o qədər ağladı ki, onu sakitləşdirmək üçün əlinə qayçı verdim. O, qayçı ilə oynamağa başladı və susdu. O an yadıma düşəndə, hələ də tüklərim biz-biz olur.
Həmin vaxt beş yaşım var idi. Bu yaşda bir uşağın özündən kiçiyə valideynlik etməsinin nə demək olduğunu bilirəm. Kiçik yaşlarımda qab yumaq, yemək bişirmək, evi səliqəyə salmaq gündəlik işlərimdən idi. Anam işdən gələndə, evi ona təhvil verirdim. Əslində, anam çox da zəhmli deyildi, evdə mənimlə özü arasında “müdir-işçi sistemi” yaratmamışdı. Amma mən anamı müdir kimi görür, onun zövqlərini və davranışlarını nümunə götürürdüm.
Anam yemək bişirməyə vaxt tapmayanda, yeməyi mən bişirirdim. Bu vaxt da, qardaşımın nələri xoşladığını əsas götürməli idim. Anam onu ərköyün böyütmüşdü, hər şeyi sevmirdi. Yeməyi az qala zərgər dəqiqliyi ilə hazırlamalıydım. Sonra çirklənən qablar yuyulmalı, stolun üstü silinməli, mətbəx və döşəmə əskilərindən pis qoxu gəlməməsi üçün yuyulub, asılmalı idi.
Qulağı ağrıdığı üçün, ağlamaqla özünü müalicə edən bu çarəsiz uşağı görənlər düşünə bilərdilər ki, bu yaşda uşağın körpə çiyinlərinə bu qədər məsuliyyət yükləmək qəddar hərəkətdir. Düşünürəm ki, belə deyil. Bu məsuliyyətin böyük bir qismini heç kim mənə yükləməmişdi, özümün ev işlərində marağım vardı. Anamı da bu “sistemə” mən öyrəşdirmişdim. Elə alışmışdı ki, ev işlərini görmədiyim gün məni danlayırdı.
Məsuliyyətim gündən-günə artırdı. Həyət evinə köçməyimiz işimi daha da çətinləşdirdi. Ev daha tez-tez tozlanır, pəncərələri daha tez-tez silmək lazım gəlirdi. Artıq anamın davranışları mənə keçmişdi, sevdiyi şeyləri sevir, onun xoşlamadığı şeylərə əsəbiləşirdim.
Anamın əsas qayğılarından biri xalça idi. Xalçanın üstünə nəsə töküləndə, o bərk əsəbiləşir, hətta qarğış edirdi. Bir-iki heyvan adı da çəkirdi ki, sonra o heyvanların adını deyəndə, məni nəzərdə tutduğunu anladım. Bizim evimizdə əl yuduqdan sonra, silinməmiş əllərlə otağa keçmək ya da yaş əlləri havada çiləmək, öz ölüm fərmanına imza atmaq idi. Belə şeylər görəndə anam yenə özündən çıxır, qarğışlar, müxtəlif vəhşi heyvanların adları havada uçuşurdu.
Küləkli havada pəncərələri açıq buraxmaq, qızmar günəşli havada paltarları çöldə saxlamaq, döşəməyə ya da masaya şirə dağıtmaq, çirkli qabları yumamaq, döşəməyə bir damcı su tökmək və bunun kimi onlarla məişət hadisələrinə də, anam eyni reaksiyanı verirdi.
Zaman keçdikcə, yaşıdlarımdan fərqləndiyim hiss edilirdi. Məktəbdə valideynlər öz aralarında uşaqlarından gileyləndiyi vaxt, onlara qulaq asırdım. Uşaqlar özləri də necə tənbəl olduqlarından danışırdılar. Çox təəccüblənirdim, axı mən hər şeyi bacarırdım, onlar isə heç nə etmirdilər. Analarına sanki nökər kimi baxırdılar. Bu söhbətlər barədə düşünür və anlaya bilmirdim, acınacaqlı halda olan kimdir, mənəm, yoxsa onlar...
Məişətin bütün yükünü çəkdiyimə baxmayaraq, anam yenə də düşünürdü ki, mən evdə heç nə etmirəm. Qonaq getdiyimiz yerdə məndən gileylənir və qohumları mənə məsləhət verməyə məcbur edirdi.
Anamı razı salmaq mümkün deyildi. Evdə edilməli olan doqquz iş vardısa, mən onların yalnız birini etməmiş olurdumsa, öhdəsindən gəldiyim səkkiz tapşırığı anam sanki, görmürdü. Heyfslənirdim. Bəzən dözməyib, əsəbləşirdim və anamla söz güləşinə çıxırdıq. Sonda otağımın qapısını möhkəm çırpıb, “güləş”i dayandırdığıma işarə verirdim. Anam isə o biri otaqdan mənə çox sərbəst böyüdüldüyümü, tərbiyəsiz olduğumu deyirdi. Səs çox boğuq gəlirdi, amma eşidirdim. Əslində, doğrudan da, sərbəst uşaq olmuşam. Heç vaxt valideyn təzyiqini və nəzarətini hiss eləməmişəm. Ev işlərinə özümü bu qədər qapdırmağımın yaxşı tərəfini də, pis tərəfini də böyüyəndə hiss edəcəkdim.
Uşaqlıqda “evdar qadın” olmağım həyatımın digər hissəsinə silinməsi çətin bir iz qoydu. Mən təmizlik xəstəsinə çevrildim. Bəli, xəstə idim. Bu psixoloji xəstəlik mənim gündəlik həyatıma və ətrafımdakılara ciddi təsir edirdi.
Yeddi ay köhnə bir binanın otağını təmizləyib, orada yaşadım. Otağımın qapısı iki fərqli dünyanı birləşdirirdi. Bir tərəfi sökülmüş, zibilliklərlə dolu, tozlu və dağınıq otaqlar, digər tərəfi isə təmiz, xalçalarla döşənmiş, heç bir yerdə ləkə və qüsur olmayan otağım. Hər divarda özümün çəkdiyim rəsmlər, çərçivələnmiş qədim markalar, yerdə iki tər-təmiz xalça, stollarda şamdanlar və çoxlu gül dibçəkləri var idi. Evin bir divarını tutan təmiz və zövqlü pərdələr evə ayrı gözəllik qatırdı. Ev, həqiqətən, sənət əsəriydi. Bəli, ev. Bura mənim evim idi. Bu evə girənlər sadəcə təmiz yerə deyil, həm də, hər millimetrində mənim qaydalarımın, dominantlığımın və nəzarətimin olduğu bir otağa girirdi.
Ətrafımdakılar artıq mənə öyrəşmişdilər. Daha doğrusu, təmizlik xəstəliyimə...
Mənim otağım xaric, binanın hər yeri incəsənət məkanı kimi fəaliyyət göstərir. Karantin səbəbilə bağlı olduğundan, burda yaşamaq mənə bir az daha rahat gəlirdi. Bəzən uşaqlar otağa səhər yeməyinə gəlirdi. Həftəlik görüşlər bəzən mənim otağımda baş tuturdu. Bir dəfə yenə uşaqlar səhər yeməyinə gəldilər. Şirniyyat gətirmişdilər. Leyli xalçanın üstündə oturub, öz payını yeməyə başladı. Mənim fikrim-zikrim onda qalmışdı, öz yeməyimi yaddan çıxarmışdım. O yeyəndə, çörək qırıntıları yerə tökülürdü...
İlahi! Axı bir insan əlində qab ola-ola, necə qırıntıları yerə tökə bilər? Koftasının üstü, ağzının qıraqları, əlləri, xalçanın üstü qırıntılarla dolu idi. Məni soyuq tər basdı. Leyli, düşdüyüm halın əvvəlcə fərqinə varmadı, sonra vəziyyətimi görəndə, mənə baxdı, gülümsəyib, zarafata salmaq, fikrimi dağıtmaq istədi. O bilirdi ki, içimdəki Ramil fəryad edir, Ramilin ürəyi partlayırdı. Beynim soyuq tər içərisindəki bədənimi ayağa qaldırıb, Leylini boğmağı əmr edirdi, aqressivlik sifətimdə özünü büruzə verirdi, ağlamaq istəyirdim, amma bu, zəiflik yox, əsəb göz yaşları olacaqdı, qırıntılar sanki mənə gülür, ələ salırdılar.
Düşünə bilmirdim. O mənim xalçamı çirklətmişdi, təmizlikdən parıldayan xalçamı. Axı, xalça mənim evdə qoruduğum çox az şeylərdəndir. Əlimdə olsa, ətrafını bağlayıb, heçkəsin ona barmağını belə sürtməsinə icazə verməzdim. Leyli əli ilə bir-bir qırıntıları təmizlədi. Amma mən oranı özüm təmizləməli idim, ancaq o vaxt özümə gələ bilərdim. Təmizlik məsələsində heç kimə güvənmirdim.
Bu otaqdakı stresli anlar sadəcə yemək qırıntılarının xalçaya dağılması ilə bitmirdi. Binada ayaqqabı ilə gəzməyə öyrəşən insanlar bəzən buraya da daxil olanda, ayaqqabı ilə içəri keçirdilər. Xalçalarımın biri tünd rəngli olduğundan, ayaqqabı izləri dərhal gözə çarpırdı. Bunu gördüyüm zaman çox gərginləşir, gələnlərlə aqressiv davranırdım. Mənim düşüncəmə görə, evdə ayaqqabı ilə gəzmək, sadəcə çirki bir yerdən digər yerə aparmaq deyil, həm də mikrob üçün nəqliyyat vasitəsidir. Ev bütün dünyadan fərqlənən, təmiz, etibarlı yerdir, özünü ən rahat, təhlükəsiz hiss edəcəyim yeganə məkandır.
Elə həmin otaqda İlqarın ad gününü qeyd edəcəkdik. Əslində, çox balaca bir məkana bu qədər adamın yığılması, məni narahat edirdi. Vəziyyətə, qonaqlara nəzarət imkanım azalır, dominantlığım zəifləyirdi, amma İlqara görə buna hazır idim. Xalçama şərab dağıdılmışdı, bunu görəndə kimin etdiyini düşündüm: hamıdan şübhələnirdim. Sonra bir nəfər şamla rəqs etmək istədiyini dedi. Sərxoş qonaqlardan çoxu o adama qoşulmağa həvəsli idi.
Budur, o qorxunc rəqs başladı. Ərimiş şam xalçaya tökülürdü və onun izi bu gün də xalçanın üzərindədir, həmin günün xatirəsi olaraq, xalçadan mənə baxıb, gülümsəyir.
Əvvəllər xalçaya tökülən xırda şeyə görə İlqar acılayırdım. Amma, bunun mənə edilmiş psixoloji zorakılıq zənciririn davamı olduğunu dərk edəndən sonra, yavaş-yavaş bu alışqanlığımı tərgitməyə başladım. Məncə, mən artıq bunu bacarmışam. İtim Rio və pişiyim Fridanın bəzən xalçaya qusmağı belə daha məni dəli etmir, düşünməməyə çalışıram və o an hiss etdiyim qəzəbi bloklayıram.
Heyvanla təmasa gəlincə, anam deyir ki, o da uşaq vaxtı çox heyvansevər olub. Çöldə nə heyvan tapırmışsa, evə gətirirmiş. Bir dəfə, evə dovşan gətirib, nənəm isə o dovşanın qulaqlarından tutub, üçüncü mərtəbədən aşağı atıb. Tısbağa, pişik balası, sərçə hətta çömçəquyruğunu uşaq vaxtı evə gizlincə soxan anam, bizə heç vaxt heyvana əl vurmağa qoymur, onun bitli, mikroblu olduğunu deyirdi. Uşaq vaxtından bu sözlərlə böyüdüyümə görə, heyvanlarla o qədər də yaxın deyildim. Hansısa iti, pişiyi sığallayandan sonra, əllərimi yumadan heç nəyə toxunmurdum.
Ümumiyyətlə, əl yumaq məndə psixoloji davranışdır. Çöldən evə gələndə, heyvanlara toxunanda, yeməkdən əvvəl və sonra əl yumasam, üzərimdə xəstəlik gəzdiyini, əllərimin fiziki olaraq, ağırlaşdığını hiss edirəm. Evdə Frida yemək stoluna qəflətən çıxdığı zaman, əsəbləşir və onu qorxudaraq, oradan enməyə məcbur edirəm. Artıq o da öyrəşib, bu hərəkəti etdiyi zaman mənə baxır, mənim oturduğum yerdən azacıq qalxmağım onun tez-tələsik stoldan düşüb, qaçmağına kifayət edir.
Evdəki bir başqa qanun isə, Rio və Fridanın mətbəxə daxil olmamasıdır. Bəzən onlar bu qanunu unudub, mətbəxə girəndə, “tez çıx bayıra!” kəlməsi partlayır, ikisi də eyni anda qaçıb, əkilir. Amma heyvanlarla aramdakı əlaqəni gücləndirmişəm. Rio nə qədər çirkli olsa da, ona toxunduqdan sonra əllərimi yumadan yemək belə yeyə bilirəm. Bu problemin də öhdəsindən gəlmişəm. Amma görünür, anam hələ də aşmayıb. Rionu nə qədər çox sevsə də, ona toxunduqdan sonra əllərini nəm salfetlə silməmiş, heç nəyə toxuna bilmir.
Həddindən artıq təmizkar olmağın, ətrafındakı insanlara necə təsir etdiyini daha da ətraflı danışsam, deyə bilərəm ki, insanlar bəzən məndən qorxur, çəkinir, mənim olduğum ərazini çirkləndirməməyə səy göstərirlər. Yuyulmuş stəkanı bir də özüm yumasam, su içmirəm. Uzun zaman belə şeylərin şahidi olanlar buna öyrəşir, mən onlardan su istəyəndə, gözümün qarşısında stəkanı bir daha yuyurlar. Yuyulduqdan sonra qablarda qalan qida ləkələri, çəngəl və qaşıqlardaki qalıntılar məni çox iyrəndirir. Qonaq getdiyim hər evdə buna diqqət edirəm. Çirkli qab-qacaq görəndə, durub onu yumaqdan çəkinmirəm. Bu hərəkət, ən az, ev sahibinə mesajdır: “bax, çirklidir və mən yuyuram, Təmiz saxlamaq lazımdır”.
Təmizkar olmaq, ekoloji məsələlərdə də problem yaradır. Təbiəti çirkləndirməməyə cəhd edirəm, plastik və digər zərərli maddələrdən mümkün qədər az istifadə edirəm, amma məsələ ev təmizliyinə gələndə, kifayət qədər kimyəvi maddə və tonlarla suyu istifadə etməkdən yayınmıram. Getdiyim restoranlarda sifarişim gəlməmiş, salfetləri işlədib, bitirirəm. Hər şeyin ayrı salfeti olmalıdır: yemək üçün, ağız üçün, əl üçün, çəngəl və qaşıq üçün. Qarşılaşdığım ən ürək bulandıran məqamlardan biri də, dostların restoranda “fast-food” yeyərkən stolun üzərinə düşən yemək qırıntılarını əllərilə götürüb, yenidən ağızlarına ötürürlər. İlahi! Bunu görəndə tüklərim biz-biz olur. Emosiyalarımı gizlətməyi bacarmasam da, belə hallarda iyrəndiyimi və həmin insanlara qəribə baxdığımı dərhal gizlədə bilirəm.
Ev işlərini və yemək bişirməyi yaxşı bilməyim, məni istənilən yerdə daha rahat hərəkət etməyimə və özümə qulluq məsələsində köməyimə çatır. Yaşıdlarımın, hətta məndən böyük insanların yemək bişirməyi və ev işlərini bilməməsi, məni daha da qürurlandırır. Baxmayaraq ki, bu təcrübəni mənə göstərilən psixoloji zorakılıq sayəsində yığmışam.
Düşünürəm ki, indi daha yaxşıyam. Hətta çox yaxşıyam. Artıq xalça mənim üçün müqəddəs bir şey deyil. Onun funksiyası üstündə müəyyən proseslərin baş verməsi üçün daha yumuşaq, daha xoşagəlimli olmasıdır. Xalça çirklənə də bilər. Divarlar çirklənə bilər, yerə nəsə dağıla bilər, əllərini yuduqdan sonra onları çiləyə bilərsən, çəngəli yaxşı yumaya bilərsən, stəkanlarda su və ya dodaq, əl ləkəsi qala bilər, ev tozlana bilər və s.
Bəli, bunlar adi hallardır. İnsanların uşaqlıqda aldığı travma və zorakılıqları onları bir ömür izləyə bilər. Fikirləşirəm ki, artıq yaxamı bu travmadan qurtara bilmişəm. Bu bir saniyəyə, ya da bir günə baş vermir, müəyyən zaman tələb edir. Empatiya hissi bu prosesi sürətləndirmək üçün ən düzgün üsuldur. İnsanlar mənim evimi və ya xalçamı çirkləndirdiyi zaman, onlara qəzəblənmək yerinə bir saniyəlik düşünmək, mənə bu travmadan xilas olmağa təkan verdi.
Hekayə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə gənc yazarlar üçün keçirilən “Yazı sənəti labaratoriyası” layihəsi çərçivəsində yazılıb.