1 Oktyabr 2021
Mətni dəyiş
Sentyabr 30-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elməddin Əhmədov inzibati qaydada həbs olunub. Bu barədə Turan-a partiyadan məlumat verilib.
Bildirilir ki, Elməddin Əhmədov bir neçə gün öncə Saatlı rayonunun Nabatakənd, Çolpu və Orta Muğan kəndlərinin sakinlərinin su tələbilə aksiya keçirilməsindən sonra həbs olunub.
"Aksiya günü Orta Muğan kənd sakini, Azərbaycan Xalq Cəbhəsi Partiyası Saatlı şöbəsinin üzvü Asim Ağayev inzibati qaydada 10 sutka müddətinə həbs olunub. Bu gün isə həmin kəndin sakini, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elməddin Əhmədovu saat 10:00-da Orta Muğan kəndinin ərazi icra nümayəndəsinin inzibati binasına çağırıblar. Binada gözləyən polis əməkdaşları Elməddin Əhmədovu həbs edərək polis idarəsinə aparıblar".
Partiyadan qeyd ediblər ki, bir neçə saat Əhmədovdan xəbər ala bilməyiblər: "Daha sonra məlum olub ki, onu Saatlı Rayon Məhkəməsinə apararaq İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə inzibati qaydada həbs ediblər".
Partiyadan vurğulayıblar ki, hər iki fəalın həbsi siyasi xarakterlidir.
Daha əvvəl yerli sakinlər bildirmişdilər ki, aksiya iştirakçıları suvarma sularının olmadığına etiraz ediblər. Onların sözlərinə görə, rayon polis əməkdaşları aksiyanın qarşısını alıblar və bu zaman sakinlərdən biri xəsarət alıb.
Daxili İşlər Nazirliyinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə Turan-a bildirilib ki, kənd sakinlərinə qarşı polis müdaxiləsi və vətəndaşların xəsarət alması ilə bağlı iddialar həqiqəti əks etdirmir: "Polis ərazidə ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması üçün qanunla müəyyən olunan vəzifələri yerinə yetirib. Vətəndaşların şikayətlərini dinləmək üçün rayon İcra Hakimiyyətinin başçısı, rayon hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri əraziyə gəliblər. Rəhbər şəxslər tərəfindən kənd sakinlərinin qayğıları və onları narahat edən hallar dinlənilib, problemin həlli istiqamətində görülən işlərlə bağlı sakinlər məlumatlandırılıb".
Qurumun rəsmisi Elməddin Əhmədovun saxlanılmasını təsdiqləyib: "Onun saxlanmasının bir neçə gün əvvəl keçirilən aksiya ilə əlaqəsi yoxdur. Elməddin Əhmədov törətdiyi əmələ görə saxlanılıb. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Həbsində heç bir siyasi motiv yoxdur".