Avropa İnsan Haqları Məhkəməsi (AİHM) feysbukda prezidenti təhqir etdiyinə görə həbs olunan Vədat Şorlinin həbsi ilə bağlı qərar çıxarıb.
Məhkəmənin qərarına görə, Türkiyə vətəndaşı Vədat Şorlinin prezidentlə bağlı fikirlərinə görə 11 ay 20 gün həbs cəzası alması ifadə azadlığı hüququnun pozuntusudur. Məhkəmə qərarında qeyd olunub ki, Vədat Şorlinin həbs olunması üçün heç bir səbəb olmayıb.
Avropa Məhkəməsi bildirib ki, Türkiyə Cəza Qanununun 299-cu maddəsi (Prezidentin təhqir olunması) ifadə azadlığı hüququ ilə birbaşa ziddiyət təşkil edir.
Qeyd olunub ki, dövlət orqanları və dövlətin rəsmi şəxsləri tənqid oluna bilərlər və heç kəs buna görə təqib olunmamalıdır. Bildirilib ki, dövlət başçısının etibarını qorumaq üçün xüsusi imtiyazları olmamalıdır, bu, ayrıseçkilikdir.
Məhkəmə qərarda qeyd edib ki, Türkiyə dövləti həbs olunan Vədat Şorliyə 7500 avro (14 min 852 manat) təzminat ödəməlidir və Türkiyə Cəza Qanunundakı 299-cu maddə Avropa Konvensiyası ilə uyğunlaşdırılmalıdır.