Oktyabrın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha iki qərarını elan edib.
Qərarlar 35 ərizəçinin müraciəti əsasında çıxarılıb.
Onların ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, köləliyin, məcburi əməyin yolverilməzliyi və mülkiyyət hüquqlarının pozuntusu iddiaları ilə bağlıdır.
"Ülvi Həsənov və Məcid Məcidli Azərbaycana qarşı" işdə ərizəçilər müxalifətyönlü gənc fəallardır.
Onlar 2013-cü ilin iyulunda Bakının İçərişəhər metro stansiyasında vərəqələr yayarkən polislər tərəfindən saxlanılıb.
Polisə aparılan ərizəçilər bir gecə nəzarətdə saxlanılıb.
Barələrində “inzibati xəta haqqında protokol” tərtib edilib və onlar hökumət əleyhinə vərəqələr yaymaqda, polis məmurunun qanuni əmrinə tabe olmamaqda günahlandırılıblar.
Nəticədə 15 sutka həbs ediliblər.
Ərizəçilər AİHM qarşısında ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarına müdaxilə olunduğunu bildiriblər.
Məhkəmə onların iddialarını əsaslı hesab edib və ədalətli məhkəmə araşdırması, ifadə azadlığı hüquqlarına müdaxilənin baş verməsi qənaətinə gəlib.
Azərbaycan hökumətinə ərizəçilərin hər birinə mənəvi zərər üçün 5850 avro təzminat ödəmək öhdəliyi qoyub.
Bosniya və Herseqovina vətəndaşları Azərbaycana qarşı
"Seudin Zoletic və başqa 32 nəfər Azərbaycana qarşı" işdə isə ərizəçilər - 33 Bosniya və Herseqovina vətəndaşı Azərbaycanda aldadıldıqlarını iddia edirlər.
Onlar AİHM-ə şikayətlərində bildiriblər ki, Bakıdakı məşhur “Buta Saray”, “Bakı Ekspo Mərkəzi”, “28 Mall” alış-veriş mərkəzi də daxil olmaq üzrə məşhur binaların inşa edilməsində çalışıblar.
Şikayətdə Gənclər və İdman Nazirliyinin də adı keçirdi. Ərizəçilərin bəziləri həmin nazirliyə aid olduğu bildirilən Mingəçevir – Kür Olimpiya Mərkəzinin inşasında çalışdıqlarını bildirmişdilər.
33 ərizəçi iddia edib ki, onları işə götürərkən, hər saat üçün 5-7 dollar ödənilməsi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdirilməsi razılaşdırılıb. Ancaq onlara cəmi 3-4 dollar ödənilib.
Yaşayış durumları dözülməz olub, pasportları əllərindən alınmış bosniyalılar acınacaqlı şəraitdə saxlanılıb, hamam, tualeti olmayan, yüz nəfərə qədər insanın sığdığı, sərt daxili qaydaların tətbiq edildiyi baraklara yerləşdiriliblər.
Ərizəçilər yerli və beynəlxalq hüquq müdafiə qurumları vasitəsilə üzləşdikləri rəftarı məhkəməyə çıxara biliblər.
Hüquq müdafiə qurumlarının müdaxiləsindən sonra onlara cüzi miqdarda ödəniş edilib, pasportları geri verilib, hava limanına aparılaraq ölkələrinə göndəriliblər.
Ərizəçilər Avropa Məhkəməsində iddia edirdilər ki, onlara münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusuna yol verilib.
AİHM onların iddialarını qismən qəbul edib.
Hesab edib ki, 33 ərizəçinin hər birinə münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi hüququnun pozuntusuna yol verilib.
Hökumət ərizəçilərin hər birinə mənəvi zərərə görə 5 min (ümumi 165 min) avro ödəməlidir.