Azərbaycan hökuməti 24 min 900 manat həcmində cərimələnib.
"aihmaz.org" saytının məlumatına görə, Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabrın 14-də Azərbaycanla bağlı iki şikayət üzrə qərarını açıqlayıb.
Bu işdə birinci ərizəçi hüquq maarifçiliyi və insan haqlarının qorunması sahəsində ixtisaslaşan ictimai birlik olan Demokratiya və İnsan Haqları Resurs Mərkəzi olub. İkinci ərizəçi isə vəkil və birinci ərizəçinin qurucusu və sədri Əsabəli Mustafayevdir.
İş 2014-cü ildə maliyyə pozuntuları əsası ilə QHT-lərə açılan cinayət işinin araşdırması çərçivəsində ərizəçilərlə bağlı məhkəmə qərarlarından verilmiş şikayətlərlə bağlı idi.
Hər iki ərizəçi bank hesablarının dondurulması kontekstində mülkiyyət və səmərəli müdafiə vasitələrinə malik olmaq hüquqlarına müdaxilədən şikayət etmişdi.
Ölkədən çıxışına qadağa qoyulan vəkil Ə.Mustafayev isə həm də hərəkət azadlığı hüququna müdaxilədən şikayətçi olmuşdu.
Ərizəçilər yekunda iddia edirdilər ki, onların haqlarına tətbiq edilən məhdudiyyətlə siyasi məzmunludur. Onlar hesab edirdi ki, məhdudiyyətlər Azərbaycandakı insan haqları müdafiəçilərinə və QHT fəallarına qarşı rəsmi kampaniyanın tərkib hissəsi idi və onların fəaliyyətini iflic etməyə hesablanmışdı.
AİHM hesab etdi ki, ərizəçilərə münasibətdə mülkiyyət (1 Saylı Protokolun 1-ci maddəsi), səmərəli müdafiə vasitələrinə malik olmaq (Maddə 13), hərəkət azadlığı (4 Saylı Protokolun 2-ci maddəsi) hüquqları pozulub. AİHM həmçinin qərar verdi ki, hərəkət azadlığı və mülakiyyət hüququ ilə birgə götürülməklə, ərizəçilərin Konvensiyanın 18-ci maddəsi (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) ilə təminat altına alınan hüquqları da pozulub.
Qərara görə, hökumət qərar qəti olduqdan sonra mənəvi zərərə görə birinci ərizəçiyə 8 min, ikinci ərizəçiyə 15 min avro təzminat ödəməlidir. Xərc və məsrəflərə görə, 1900 avro təzminat ödənilməlidir.