19 Oktyabr 2021
Mətni dəyiş
Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
İttihama əsasən, Ata Abdullayev Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən, Avropa Oyunları, “Formula-1" kimi yarışlarla bağlı yaradılan Əməliyyat Komitəsinin mühasibi vəzifəsində çalışmış Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Sonda 2400 manatlıq “iPhone 11 Pro Max” markalı telefonu alıb. Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan isə 6 min manat istəyib. O, icra nümayəndəsini Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.
İttihama görə, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə günahlandırıb, ondan da pul tələb edib. Ata Abdullayevin işi üzrə daha bir zərərçəkmiş isə Elçin Əliyev adlı şəxsdir. Onun Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, 15 min manat pul tələb etdiyi bildirilir.
Adları çəkilən 4 zərərçəkmişdən yalnız Elmar Əliyev məhkəmədə iştirak edib.
Hakim Ata Abdullayevdən özünü təqsirli bilib-bilmədiyini soruşub.
“Mən məhkəmədə iştirak etmək istəmirəm. Çıxarın məni buradan (məhkəmə zalındakı şüşə kabinədən-red.). Haqqımı sizə halal edirəm, nə qədər istəyirsiz, hökm oxuyun. Canım sizə fəda olsun...“, - Ata Abdullayevin cavabı belə olub.
Daha sonra o, nisbətən sakitləşərək, ittiham aktında yazılanları qəbul etmədiyini söyləyib.
Ardınca zərərçəkmiş Elmar Əliyev dindirilib. O bildirib ki, Ata Abdullayev ona zəng edərək, aqressiv danışıb:
“Elə tez-tez danışırdı ki, nə dediyini tam anlamaq olmurdu. Mənə zəng eləyəndə onu həyatda görməmişdim, sosial şəbəkələrdən tanıyırdım. O vaxt şərikimlə aramızda problem oldu, ondan sonra Ata Abdullayev zəng eləyib məni hədələdi ki, “sən məmursan, dövlətin malını talayırsan”. Halbuki, mən heç vaxt dövlət qulluqçusu olmamışam. O işdə də xarici dil biliyimə görə müddətli müqavilə ilə işləyirdim. Guya mən Avropa Oyunlarından sonra Atletlər kəndindəki evlərdən mebel, soyuducu, paltaryuyan götürüb satmışam. Tam yalan idi. Ona görə də fikirləşdim ki, nə istəyir, eləsin, ona pul verməyəcəm”.
Zərərçəkmiş deyib ki, Ata Abdullayevin şərikinin sifarişi ilə zəng edib pul istədiyindən şübhələnib. Sonradan Ata Abdullayev ondan niyə dostunu döyməsi, bununla əlaqədar polisə şikayət etməsi haqqında soruşanda əmin olub:
“O, birinci dəfə mənə zəng edəndə fikirləşdim ki, ictimaiyyət arasında tanınan adam deyiləm, məmur deyiləm, niyə mənə zəng eləsin? Mən müqavilə ilə işləyən mühasib olmuşam. Anladım ki, şərikim Turalın sifarişidir. Özü də deyəndə lap əmin oldum. Pulu vermədim. Bir neçə gün sonra canlı yayım açıb, mənim haqqımda danışdı. Özüm baxmamışdım, tanışlar-qohumlar zəng edib xəbər verdi”.
Zərərçəkmiş bildirib ki, hüquqi məsələlərin həlli üçün mərhum vəkil Adil İsmayılovla müqavilə bağlayıb. Adil İsmayılovun da bu məsələ ilə əlaqədar Ata Abdullayevlə telefon danışığı olub: “Ata Abdullayev məni elə təqdim edirdi, sanki nazirəm, nazir müaviniyəm. Bu adam pulla sifarişlər yerinə yetirir. Bunu hamı bilir. Bu, canlıya çıxanda mənə dedilər ki, hamı bilir niyə eləyir, nə istəyir ver, əl çəksin. Əvvəl 10 min demişdi, sonra “İphone” istədi. Dostumdan xahiş elədim, 2400 manata telefonu aldı, apardı Ata Abdullayevin göndərdiyi adama verdi. Dostum telefonu alanda kodunu çəkib saxlamışdı. Bundan sonra Ata Abdullayev məndən əl çəkdi, canlı yayımı da sildi”.
Ata Abdullayev “hamı bilir” sözünü təhqir kimi qəbul edib: “Bu söz təhqirdir. Məni təhqir eləməyin”.
Zərərçəkmişdən soruşublar ki, 2019-cu ildə şantaj olunduğu halda, niyə 2021-ci ildə DTX-ya şikayət edib? Elmar Əliyev cavabında bildirib ki, Ata Abdullayevin polis idarələrinə ərklə girişinin şahidi olub: “Gözümün qarşısında polis idarəsinə vəsiqə təqdim eləmədən, yoxlanılmadan girən adam idi. Mən də o, həbs olunandan sonra şikayət ərizəsi verdim”.
Zərərçəkmiş ifadəsinin sonunda Ata Abdullayevə verdiyi mobil telefonun qaytarılmasını tələb edib.
Ata Abdullayev zərərçəkmişin yalan danışdığını, onun haqqında heç bir video yaymadığını, onu şantaj etmədiyini bildirib: “Mən bu gün fəxr edirəm ki, İlham Əliyev ideyalarına qulluq edirəm. Bu gün DTX-da məni qoruyurlar. Allah da onları qorusun”.
Ata Abdullayevin sözlərinə görə, onun Elmar Əliyevdən telefon aldığını təsdiqləyən heç bir sübut yoxdur: “Bəlkə müstəntiq Stiv Cobsdan arayış alıb? Heç bir sübut yoxdur. Olmayan video ilə məni ittiham edirlər”.
O, Baş prokuror Kamran Əliyev, DTX-nın rəisi Əli Nağıyev, ədliyyə naziri Fikrət Məmmədov, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev də daxil olmaqla, bir sıra vəzifəli şəxslərə minnətdarlığını çatdırıb:
“Hər birinizə minnətdaram, Allah canınızı sağ eləsin. Mən günahımı bilirəm. Mənə aydındır ki, niyə buradayam. Hörmətli hakimlər, siz Heydər Əliyev, İlham Əliyev dəyərlərini, Konstitusiyanı müdafiə edirsiz. Mən buradan çıxmaq istəyirəm. Mən Heydər Əliyevin, Zərifə xanımın, şəhidlərimizin, atamın məzarını ziyarət eləmək istəyirəm. Mən 8 aydır 6 kvadrat metrlik otaqda tək qalıram. Düzdür, iki dəqiqədən bir mənim təhlükəsizliyimi, psixoloji durumumu yoxlayırlar. Cənab hakim, mənim atam yoxdur, sizdən ata kimi xahiş edirəm, kömək edin”.
Ata Abdullayev məhkəmədə bir neçə dəfə ağlayıb.
Məhkəmə prosesi oktyabrın 26-da davam edəcək.
Bu il martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham olunur.
O, bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunmuşdu. O zaman onlayn qaydada kartlardan oğurluqda təqsirləndirilən Ata Abdullayevə sonradan məhkəmənin hökmüylə şərti cəza verilmişdi.