İqlim dəyişiklikləri dünya əhalisinin 85 faizinin həyatına təsir edir.
1951-ci ildən 2018-ci ilə qədər yayımlanmış ekoloji məqalələri süni intelekt vaistəsi ilə araşdıran alimlər deyirlər ki, 100 min məqalə iqlim dəyişikliyinin dünya və insanlar üzərində təsirlərini ortaya qoyur.
Alimlər müxtəlif regionlarda yazılmış elmi məqalələri tədqiq etməklə həmin regionlarla bağlı ümumi nəticəni əldə ediblər, beləliklə iqlim dəyişikliyinin dünya əhalisi üzərindəki təsirlərini müəyyən ediblər.
AFP Xəbər Agentliyinə danışan professor Maks Callaghan bildirib ki, artıq sübut olunub ki, iqlim dəyişikliyi bütün qitələrə təsir edir. Callaghan deyib ki, hətta dünya və insanlar üzərində olan bu təsirlərin də nədən ibarət olduğu aydınlaşdırılıb.
Tədqiqatçılar kompüterlərə iqlimlə əlaqəli elmi sənədləri fərqləndirməyi bacaran proqram əlavə ediblər və bununla da köç ənənələrini dəyişən kəpənəklərdən tutmuş, istiliklə əlaqədar insan ölümlərinə, meşə örtüyü dəyişikliyinə qədər olan bütün məqalələrin siyahısını hazırlayıblar.
Araşdırmaların nəticələrinə görə, dünya əhalisinin 85 faizində iqlim dəyişikliyi problemlərin təsirləri müşahidə edilib.
Araşdlrmaçılar bildiriblər ki, müxtəlif regionlarda ekoloji vəziyyəti əks etdirən məqalələrin az olması həmin regionla bağlı konkret təsəvvürün yaranmasına mane olub. Maks Callaghanın sözlərinə görə, inkişaf etmiş ölkələrdə çox məqalələr olduğu üçün araşdırma nəticələri daha dəqiq və rahat əldə edilib.