Rusiyanın həbsdə olan müxalifət lideri Aleksey Navalnı korrupsiyanın ifşası və Rusiyada azadlıqların məhdudiyyətinə qarşı mübarizə səylərinə görə Avropa Parlamentinin Saxarov Mükafatına layiq görülüb.
Bu barədə Avropa parlamentinin rəsmi "Twitter" səhifəsində məlumat yayılıb.
Məlumatda deyilir ki, Navalnı yorulmadan Putin rejimindəki korrupsiya ilə mübarizə aparıb. Bu da onun həyatına təhlükə yaradıb, azadlığını əlindən alıb. Bugünkü mükafat onun bu cəsarətinə görədir. "Onun dərhal azadlığa buraxılması ilə bağlı çağırışımızı isə təkrarlayırıq", - deyə açıqlamada qeyd olunub.
Ötən il bu mükafat Belarusun prezident seçkilərinin Aleksandr Lukaşenkonun xeyrinə saxtalaşdırıldığını bildirən demokratik müxalifətə təslim edilmişdi.
Sovet dissidenti Andrey Saxarovun adını daşıyan 50000 avroluq (59 000 dollar) mükafatının digər qalibləri arasında Cənubi Afrika Respublikasının prezidenti Nelson Mandela, Venesuela müxalifəti və pakistanlı fəal Malala Yusufzay da var.