29 Oktyabr 2021
Mətni dəyiş
Media azadlığı uğrunda beynəlxalq koalisiyaya daxil olan ölkələr Rusiyanın “xarici agentlər” haqqında qanununu tənqid ediblər və Rusiya hakimiyyətindən “ölkədə müstəqil jurnalistikaya qarşı artan təqibləri” dayandırmağı tələb ediblər.
18 ölkənin imzaladığı “Rusiyada mətbuat azadlığı haqqında” bəyanat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.
Medianın təqibinə misal olaraq sənəddə Aleksey Navalnıya dəstək aksiyalarında jurnalistlərin həbsi, “Doxa” tələbə jurnalının redaktorlarının axtarışları və həbsləri, “Layihə” nəşrinin “arzuolunmaz təşkilat” kimi tanınması, BBC jurnalisti Sara Reynsfordun ölkədən çıxarılması, Bellingcat, “Meduza”, “Vacib hadisələr”, “VTimes”, The Insider, Mediazona, OVD-Info, “Dojd” kimi nəşrlərin “KİV - Xarici Agentlər” siyahısına daxil edilməsi göstərilib.
“Biz Rusiya hökuməti tərəfindən müstəqil media və jurnalistlərin təqib edilməsini pisləyirik. Rusiya Federasiyasından insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl etməyi tələb edirik, həmçinin ondan mətbuat azadlığına və jurnalistlərin təhlükəsizliyinə hörmət etməsini və təminat verməsini xahiş edirik. Biz Rusiya hökumətini müstəqil səslərə qarşı təzyiqlərə son qoymağa, jurnalistlərə qarşı siyasi motivli iddiaları dayandırmağa və haqsız yerə həbs olunanların hamısını azad etməyə çağırırıq”, bəyanatda qeyd edilib.
Hazırda Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən tərtib edilən “KİV - Xarici Agentlər” reyestrində 88 təşkilat və fiziki şəxs qeyd olunub. Onlardan 71-i 2021-ci ildə reyestrə daxil edilib.
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, ölkədə “xarici agentlər” üçün kütləvi siyahıya alma yoxdur. Eyni zamanda o, etiraf edib ki, Rusiyada “xarici agentlər” haqqında qanunun təkmilləşdirilməsinə ehtiyac var.
Sentyabr ayında 200-dən çox media orqanı, qeyri-kommersiya, təhsil və xeyriyyə təşkilatı Rusiya qanunvericiliyinin “xarici agentlər”lə bağlı ləğvini tələb edən petisiya yaymışdı. Onu 193 mindən çox insan imzalayıb.