25 Oktyabr 2021
Mətni dəyiş
40-dan çox ölkə Çinin Sincan vilayətində etnik uyğurların və digər türk müsəlmanların vəziyyəti ilə bağlı cümə axşamı Birləşmiş Millətlər Təşkilatında çıxış etdikləri rəsmi bəyanatda narahatlıqlarını ifadə ediblər.
"İşgəncə, məcburi sterilizasiya, cinsi təcavüz və uşaqların zorla ayrılması kimi insan hüquqlarının ümumi və sistematik şəkildə pozulması halları var. Din, hərəkət, ifadə azadlığı, eləcə də uyğur mədəniyyəti ciddi şəkildə məhdudlaşdırıb" – deyə, Fransanın BMT-dəki səfiri Nikolya de Rivye narahatlıq ifadə edən 43 ölkənin adından bəyan edib.
Birgə bəyanatda ölkələr həmçinin uyğurları və digər azlıqların nümayəndələrini hədəf alan "geniş izlənmə" və "dini və etnik azlıqlara qarşı kollektiv repressiya" ilə əlaqədar narahatlıqlarını da ifadə ediblər. Onlar Çini insan hüquqları üzrə ali komissarın Sincana girişinə imkanı verməyə çaırıblar.
İnsan haqları qrupları və bəzi hökumətlər Çini 1 milyondan çox uyğuru həbs düşərgələrinə göndərməklə günahlandırır. Pekin düşərgələrin dini ekstremizm və terror hücumlarının yayılmasını dayandırmaq üçün nəzərdə tutulmuş "peşə təhsili mərkəzləri" olduğunu deyir.
Baş Assambleyada insan haqları ilə bağlı bəyanata qoşulan ölkələrin sayı və müxtəlifliyi son illərdə əsasən Qərb dövlətlərindən ibarət qrupun digər ölkələrdən Pekinə təzyiqləri artırmaq səylərində iştirak etmələrini istəməsindən sonra artmağa davam edir.
Türkiyə və Afrikada Liberiya və Esvatini kimi ölkələr bu il ilk dəfə bu səylərə qatılıb. Lakin Səudiyyə Ərəbistanı və Pakistan da daxil olmaqla Çinə yaxın bəzi müsəlman ölkələr bu bəyanata qoşulmayıblar.
Çinin BMT-dəki səfiri qrupun tənqidini "əsassız" kimi qiymətləndirib.
"ABŞ-a və bir neçə başqa ölkəyə bunu deyirəm: Sizin dediyiniz yalanlar tamamilə əsassızdır. Sincanda sabitlik, inkişaf və rifah yaşanır və Çin xalqının həyatı gün-gündən yaxşılaşır" - deyə, səfir Tsanq Tsun bildirib.
Tsanq onlarla ölkənin Pekini dəstəklədiklərini və insan hüquqları adı altında ölkələrin daxili işlərinə müdaxilələni tənqid etdiklərini deyib.
Bu tərəfdarlar arasında Belarus, Eritreya, İran, Şimali Koreya, Suriya və Venesuela kimi insan hüquqları ilə bağlı durumun ağır olduğu ölkələr var.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Başele Sincana səfərlə bağlı müraciət edib, lakin onun səfərinin şərtləri ilə bağlı müzakirələr illərdir davam edir.
Komitənin iclasından sonra keçirilən mətbuat konfransında səfir Tsanq "Sincanın qapısı hər zaman açıqdır" deyib və bir çox diplomat, jurnalist və din xadiminin regionu artıq ziyarət etdiyini əlavə edib.