8 Oktyabr 2021
Mətni dəyiş
Böyük Britaniyada yerləşən ərəb mediası "Elaph" İsrailə məxsus iki ədəd F-35 qırıcı təyyarəsinin Azərbaycana gətirildiyi barədə məlumat yayıb. OC Media yazır ki, sayt bu məlumatı İsraildən olan vəzifəli şəxsə istinadən paylaşıb. İddia oktyabrın 2-də dərc olunub.
İsraildəki mənbə onu da deyib ki, ehtiyac yaranacağı təqdirdə, İsrail Azərbaycana əlavə hərbi texnika göndərməyə hazırdır.
Bundan əvvəl İran rəsmiləri Azərbaycan hakimiyyətini ölkədə İsrail qüvvələrini yerləşdirməkdə ittiham etsə də Prezident İlham Əliyev cavabında bunu təkzib edib.
"Əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın", Prezident söyləyib.
Oktyabrın 1-də İran Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayıb. Quru qoşunları komandiri Kiyumərs Heydəri bildirib ki, “Xeybər fatehləri” adı altında keçirilən hərbi təlimlərə zirehli bölmələr, artilleriya bölmələri, PUA, elektron müharibə və vertolyotla atəşin daxil edilib.
Sentyabrın 12-də Azərbaycan Ermənistanla sərhəddə, Qafan-Gorus yolunun Azərbaycandan keçən hissəsində polis və gömrük postu qoyub, ölkə ərazisinə girən İran nömrəli nəqliyyat vasitələrinin gömrük rüsumuna cəlb olunmasına başlayıb. Bundan sonra iki ölkə arasında münasibətlər tədricən gərginləşib. İki ölkə rəsmisi bir neçə dəfə vəziyyəti müzakirə etmək üçün görüşsə də ümumi gərginlik dəyişməyib.
İranın Ali dini lideri Ayətullah Xamaneyi Twitter hesabında Azərbaycana təhdid olduğu hesab edilən tvit paylaşıb: "Öz qardaşlarına quyu qazanlar bu quyuya öncə özləri düşür", deyə o yazıb.
Bir neçə gün sonra, oktyabrın 5-də isə onun Bakıkadı nümayəndəliyi hesab olunan Ocaq Nejat bağlanıb. Azərbaycan rəsmiləri bunun səbəbinin COVID-19 pandemiyası ilə əsaslandırıb.