4 Oktyabr 2021
Mətni dəyiş
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) oktyabrın 3-də “Pandora Sənədləri”adlı araşdırmasının nəticələrini yayımlayıb. Jurnalistlər dünyanın hər yerindən offşor şirkətlərin sahibləri haqqında məlumatlar yer alan 12 milyon sənədi təhlil ediblər.
Dünya liderlərinin, siyasətçilərin və milyarderlərin gizli sərvətləri və ticarətləri maliyyə sənədlərinin ən böyük sızıntılarından birində ifşa edilib.
“Pandora Sənədləri” araşdırmasında təxminən 35 indiki və keçmiş lider və 300-dən çox dövlət məmuru yer alır.
“BBC Panorama” “The Guardian” və digər media-tərəfdaşlarla birlikdə apardığı araşdırma zamanı Britaniya Virgin Adaları, Panama, Beliz, Kipr, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və İsveçrə də daxil olmaqla, bir çox ölkələrdən 12 milyon sənəd və 14 maliyyə şirkətindən fayllar əldə edə bilib.
Bəzi fiqurlar korrupsiya, çirkli pulların yuyulması və qlobal vergidən yayınma ilə üz-üzədirlər.
Ancaq ən böyük ifşalardan biri öndə gələn və varlı insanların İngiltərədə gizli mülk almaq üçün qanuni olaraq şirkətlər qurmalarıdır.
Sənədlər alqı-satqının arxasındakı 95 min offşor şirkətindən bəzilərinin sahiblərini ortaya çıxarır.
Hesabatda Böyük Britaniya hökumətinin dəfələrlə vəd verməsinə baxmayaraq, bəzi mülk alıcılarının çirkli pul yuma fəaliyyətlərini gizlədəcəkləri təhlükəsi fonunda offşor mülk sahiblərinin reyestrini təqdim edə bilməməsi vurğulanır.
Öz ölkəsini qarət etməkdə ittiham olunan Azərbaycan Prezidenti İlham Əliyev və ailəsi belə nümunələrdən biridir.
Araşdırma nəticəsində məlum olub ki, Əliyevlər və onların yaxın tərəfdaşları Böyük Britaniyada 700 milyon dollarlıq mülkiyyət sövdələşmələrində gizli şəkildə iştirak ediblər.
Londonda 44,7 milyon dollarlıq mülkü olan oğlan
Bu araşdırmalar Britaniya hökuməti üçün utancverici ola bilər, çünki Əliyevlərin özlərinin Londondakı mülklərindən birini Kraliçaya məxsus daşınmaz əmlakları idarə edən “Crown Estate” şirkətinə satdıqdan sonra 41 milyon dollar gəlir əldə etdiyi görünür. Bu şirkət Britaniya Maliyyə Nazirliyi tərəfindən idarə edilir.
Sənədlərdə göstərilir ki, İlham Əliyevin ailəsi Britaniyada daşınmaz əmlakı ofşor şirkətlərdən istifadə edərək alıb. Sənədlərə görə, Əliyev ailəsi Britaniyada 17 daşınmaz əmlak alıb, onlardan biri Londonda prezidentin oğlu üçün 44,7 milyon dollar dəyərində ofis binasıdır. Londonun zənginlər yaşayan Mayfair ərazisindəki bu bina 2009-cu ildə, Heydər Əliyevin 11 yaşı olanda alınıb. Onu əvvəlcə Prezident İlham Əliyevin ailə dostunun şirkəti alıb, bir ay sonra isə Heydər Əliyevin adına keçirilib.
Əliyevlər ailəsinə məxsus digər bir bina isə 2018-ci ildə “Crown Estate”-ə 89,4 milyon dollara satılıb.
“The Guardian” qəzeti yazır ki, Əliyev ailəsi açıqlama verməkdən imtina edib.
“Crown Estate” BBC-yə deyib ki, o, əmlak alınan zaman qanuna uyğun bütün yoxlamaları aparıb, ancaq indi məsələyə yenidən baxır.
Sənədlərdəki əməliyyatların çoxunda heç bir qanuni pozuntu müşahidə edilmir.
Sənədlərdə həmçinin göstərilir ki, Britaniyanın keçmiş Baş Naziri Tony Blair və həyat yoldaşı Londonda ofşor şirkəti vasitəsilə ofis alarkən 422 min dollarlıq daşınmaz əmlak vergisindən yayınıblar.
Sənədlərə görə, Rusiya prezidenti Vladimir Putin Monakoda gizli mülklərə sahibdir.
Ukrayna Prezidenti Vladimir Zelenski 2019-cu ildə seçkiləri qazanmazdan öncə gizli offşor şirkətindəki payını transfer edib.
Sızdırılmış maliyyə sənədlərində göstərilir ki, İordaniya kralı Britaniya və ABŞ-da dəyəri 100 milyon dollardan artıq olan daşınmaz əmlak imperiyasına yiyələnib. Sənədlər Abdulla 2-ci bin Əl-Huseynin Britaniyanın Virgin adaları və digər vergi sığınacaqlarındakı ofşor şirkətlər şəbəkəsini aşkara çıxarıb - bu şirkətlər vasitəsilə o, 1999-cu ildə hakimiyyətə gəldikdən bəri 15 ev alıb. Onlardan biri Malibudakı 67,7 milyon dollarlıq 3 evdir.
“Bu miqyasda bir şey daha əvvəl olmamışdı və bu, offşor şirkətlərin insanlara çirkli pulları gizlətmək və ya vergidən yayınmaq üçün nə təklif edə biləcəyini göstərir”, deyə ICIJ-dən Ferqus Şil bildirir.
“Öz vətəndaşlarının hesabına başqa ölkələrdə yüz milyonlarla dollarlıq əmlak almaq və öz ailələrini zənginləşdirmək üçün offşor hesablardan istifadə edirlər”, o əlavə edib.
Ümumilikdə araşdırmada dünyanın 120 ölkəsindən 600-dən çox jurnalist iştirak edib.
ICIJ hesab edir ki, araşdırma “bir çox şeyin gizli qutusunu açır” və “Pandora Sənədləri” adı da məhz buradan gəlir.