Su bütün dəyirmanı aparıb, sən də soruşursan navalça hanı. Atalar məsəli.
Gənclik dövru 90-cı illərə düşmüş şəxslərin qəribə bir vərdişi var. Bir yerə yığıldılarsa, söhbət hərlənib-fırlanıb gedib çıxır 90-cı illərə. Bəs, elektrik enerjisinin fasilələrlə verildiyi, bəzən günlərlə verilmədiyi, qazın olmadığı, ağır qeyri-müəyyənlik ab-havasının, xaosun, kəskin ziddiyyətlərin hökm sürdüyü, qəpik-quruşa çevrilmiş maaşların, pensiyaların aylarla gecikdiyi o kasıb illəri bu adamlar üçün belə əziz, doğma edən nədir?
O dövrdə gənc olmaqları?
Əlbəttə, keçmişi, xüsusən gənclik dövrünü nostalji hisslərlə xatırlamaq insana xas xüsusiyyətdir. Keçmişi, xüsusən gənclik dövrünü nostalji hisslərlə xatırlamaq insanın fundamental hüquqlarından biridir. Heç kimə bunu qadağan etmək olmaz. İnsanlar gənc qalmaq üçün ən müxtəlif vasitələrə, ən qəribə prosedurlara əl atırlar. İnsanlar gənc qalmaq üçün, əgər imkan varsa, ətək-ətək pul xərcləyirlər. Gənc və sağlam, təravətli qalmaq çox yaxşı şeydir. Kim bunu bacarırsa, ona halal olsun.
Mən də gənclik dövrümü nostalji hisslərlə xatırlayıram. Xüsusən bədənimin hansısa əzası mənə əziyyət verəndə, gənclik dövrümün sağlamlığı üçün darıxıram. Amma orası da var ki, gənclik dövrümü nə qədər nostalji hisslərlə xatırlasam belə, təzədən gənc olmağımı əsla istəmərəm. Güclə gəlib bu yaşa çatmışam. Keçmişdə baş verənləri təzədən yaşamağa heç bir qram da həvəs yoxdur. Tam səmimi deyirəm, yaşlanmağıma, gəncliyin indi mənə xeyli dərəcədə mənasız görünən hiss və həyacanlarından yaxamı qurtarmağıma sevinirəm. Gəncliyə xas hiss və həyacanlarım yadıma düşəndə ətim tökülür. Elə utanıram, elə xəcalət çəkirəm ki, başımı soxmağa yer axtarıram. Bu mənada indiki yaşım məni tam qane edir. Bura qədər gəlib çatmaq heç də asan olmayıb…
Bir dəfə qəribə bir gün keçirdim. Yas yerinə getmişdim. Orda uşaqlıq tanışlarım və dostlarımla qarşılaşdım. Belə qərara gəldik ki, yasdan sonra gedib hardasa oturaq, boğazımızı yaşlayaq, dərdləşək. Elə belə də etdik. Yasdan çıxıb restorana getdik. Restoranda toqqamızın altını babat bərkitdik, boğazımızı necə lazımdırsa yaşladıq, doyunca dərdləşdik. Sonra restorandan çıxıb həm bilyard zalı, həm də çayxana, qəlyanxana kimi fəaliyyət göstərən maraqlı bir məkana getdik.
İş elə gətirdi ki, orda da bir neçə uşaqlıq tanışlarımla, dostlarımla qarşılaşmalı oldum. Onların sifətlərinə baxanda qəribə hisslər keçirirdim. Özümdən aslı olmayaraq maraqlı düşüncələrə qərq olurdum. İllər onları nə qədər dəyişdirsə də sifətlərinin təməl cizgiləri olduğu kimi qalmışdı. Mənə elə gəlirdi ki, uşaqlıqda gördüyüm bu adamların sifətlərinə yatdıqları zaman kimsə karandaşla zarafata bığ, saqqal çəkib. Üstəlik sifətlərinə karandaşla bığ, saqqal çəkilmiş bu adamlar indi ata, əmi, dayı olublar. Bütün bunlar xeyli dərəcədə gülməli görünürdü. Mənə elə gəlirdi ki, özümün də iştirak etdiyim cizgi filminə baxıram. Deməli, həyat bu imiş. Amma necə görünməyindən, necə qəbul etməyindən aslı olmayaraq, fakt faktlığında qalır. Bəli, sifətlərinə sanki karandaşla bığ, saqqal çəkilmiş bu adamlar ata, dayı, əmi olublar. Bu cizgi filmi zad deyil, əsl həyatdır, həqiqətdir, danılmaz faktdır.
Nəsə, burada dayanaq. Çox dərinə getməyək. Dərinə getməyə heç gərək də yoxdur. Heç özüm də bilmirəm bunu niyə yazdım. Yazının əvvəllində qoyduğumuz sual açıq qalmaqdadır, bizdən cavab gözləyir.
Deməli belə razılaşdıq ki, gənclik dövrü 90-cı illərə düşmüş adamların 90-cı illəri həvəslə, şövqlə xatırlamalarının başlıca səbəblərindən biri onların həmin dövrdə gənc olmaqlarıdır. Bu heç, bunu qoyaq kənara.
Gənclik dövrü 90-cı illərə düşmüş adamların 90-cı illəri həvəslə xatırlamalarının daha iki səbəbi var.
Əvvala, imperiyanın çöküşünü, hər şeyin alt-üst olmasını, küçələrin adlarının kütləvi surətdə dəyişdirilməsini, heykəllərin aşırılmasını (və bu qəbildən olan digər mənzərələri) görmək hər adama qismət olmur. İmperiyanın çöküşü çox nadir hadisədir.
İkincisi, 90-cı illərdə ümumən kasıbçılıq olsa da, pul beş-altı əldə cəmləşməmişdi, həm ticarətdə, həm də ictimai-siyasi-mədəni müstəvilərdə xeyli azadlıqlar vardı. Bu gün baş verənlərin fonunda, bu günün pəncərəsindən baxanda 90-cı illərdə mövcud olmuş azadlıqlar adama hətta xeyli absurd görünür. Təsəvvür edin, teatr festivalı keçirilir, festivalın münsiflər heyətində isə hakimiyyəti ən sərt şəkildə tənqid edən adam əyləşib. Yaxud şəhərin düz mərkəzində yerləşən teatrın baş rejissoru muxalifətçidir. Həftənin yeddi günü qəzetlərdə hakimiyyəti yıxıb sürüyür.
90-cı illərdə kasıbçılıq olsa da ölkənin ictimai-siyasi-mədəni həyatı bu günlə müqayisə olunmayacaq dərəcədə maraqlı idi. “Kasıbçılıq olsa da” deyirəm, əslində o dövrdə ölkənin ictimai-siyasi-mədəni həyatında hökm sürən azadlıqlar elə hakimiyyətin əlində pulun az olmasından qaynaqlanırdı. Hakimiyyətin əlində pul az olduğuna görə hamının ağzın yuma, hamının könlünü ala bilmirdi. Pul az olduğuna görə hakimiyyət nümayəndələri saatlarla dayanmadan danışmağa, çeviklik göstərməyə, vətəndaşlara şərhlər, izahlar verməyə məcbur olurdular. Nəticədə vətəndaşlar ən azı bütün günü dövlət televizyasının ekranında həm havayı, həm də maraqlı siyasi şoulara baxmaq şansı qazanırdılar.
Vəziyyətin tam aydın olması üçün belə bir paralel apara bilərik. Tutaq ki, X. adlı bir kişi bir zənən xeylağını ələ keçirmək istəyir. Bu X. adlı kişi nə etməlidir? Ya bəribaşdan üzük, şuba, maşın, ev bağışlayıb, qərəz “sponsorluq edib” sorğusuz-sualsız, rahatcana işin görməlidir, ya da aydan, ulduzdan, güldən, çiçəkdən, kəpənəkdən zaddan danışmalıdır, romantik şeirlər deməlidir, gələcəyə aid şirin vədlər verməlidir, qarşı tərəfin xəyallarını qıcıqlandırmalıdır… Əlbəttə, hər ikisi bir yerdə olsa, yəni X.adlı kişi həm “sponsorluq edib” – üzük, şuba, maşın, ev hədiyyə verib, həm də aydan, ulduzdan, güldən, çiçəkdən, kəpənəkdən zaddan danışsa, romantik şeirlər desə, qadın üçün daha yaxşı olar. Ümumiyyətlə, lap dərindən götürsək ən yaxşı variant o olar ki, kişi qadınla qanuni nigaha girsin, munasibətləri legitimləşdirsin. Amma heç bir kişi öz xoşuna nigah masasına oturmur. Belə şey yoxdur. Hər bir kişini bu və ya digər formalarda nigah masasına oturmağa məcbur edirlər. Necə deyərlər, azadlıq verilmir, azadlıq alınır.
90-cı illərdə pul az olduğuna görə hakimiyyət işini görmək üçün xalqa aydan, ulduzdan, güldən, çiçəkdən, kəpənəkdən danışmağa, gələcəyə aid şirin vədlər verməyə, romantik şeirlər deməyə məcbur idi. Sonra isə… Sonra ölkəyə pul axmağa başladı, hakimiyyət xalqa aydan, ulduzdan, güldən, çiçəkdən, kəpənəkdən danışmağa, şirin vədlər verməyə, romantik şeirlər deməyə ehtiyac görmədi. Çox yox, beş-üç manat verib, xalqın könlünü aldı. Xalq da beş-üç manat alıb, özünü elə göstərdi ki, guya qarşı tərəf bunun “sponsoru” yox, səmimi sevgilisidir, hətta qanuni, legitim əridir. Çünki həm hakimiyyət, həm də xalq pula hazır deyildi. Ölkəyə axan pul hər iki tərəfi hazırlıqsız yaxaladı. Əbəs yerə deyilməyib: pulu xərcləmək, qazanmaqdan daha çətindir.
Pulun çoxluğu hakimiyyəti ən müxtəlif avantüralara əl atmağa həvəsləndirdi. Hakimiyyət birdən-birə elə varlandı ki, reallıq hissini itirdi, gözü ayağının altını görmədi. Burada bir müdrik adamın sözü yada düşür. Həmin müdrik adam deyirdi ki, pul qırx üç dərəcə istilik verir, hər kəs bu istiliyə dözə bilmir. Ardınca bu hikmətli sözlə əlaqəli nəsə bir ibrətamiz əhvalat da danışırdı. Hal-hazırda yadıma düşmür, yoxsa yazardım. Bəli, hakimiyyət də pulun verdiyi qırx üç dərəcə istiliyə dözə bilmədi. Xalq isə beş-üç manat alıb, hakimiyyətin avantüralarını öz tərəfindən alqışladı, dəstəklədi. Beləcə, ölkənin ictimai-siyasi-mədəni həyatı bozlaşdı. İndi getdikcə pul azalır. Pul azaldıqca ölkənin ictimai-siyasi-mədəni həyatı da bozluqdan çıxır, ölkənin ictimai-siyasi-mədəni həyatı yavaş-yavaş maraqlı olmağa başlayır.
Yox, apardığımız bu paralel nədənsə çox qarışıq alındı. Gəlin, daha sadə bir paralel aparmağa cəhd edək. Qar yağanda hətta ən bərbad kənd belə kənardan bir az abırlı görünür. Ölkəyə axan pul bərbad kəndin üstünə yağan qar rolunu oynadı. İndi qar yavaş-yavaş əriyir (oxu pul azalır) kəndin əsl siması görünməyə başlayır. Məncə bu paralel daha konkretdir.
Belədə isə, hər şeyin doğrusunu ALLAH bilir.