Bəşir Süleymanlı: "QHT-lərlə bağlı müsbətə doğru heç bir addım görmürük"

Bəşir Süleymanlı: "QHT-lərlə bağlı müsbətə doğru heç bir addım görmürük"
29 Yanvar 2021
Mətni dəyiş

Bu günlərdə prezident İlham Əliyev QHT-lərlə bağlı fərman imzaladı. Fərmanla “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanında dəyişiklik edildi.

Bəs görəsən, bu dəyişiklik QHT nümayəndələrinin illərdir gözlədiyi dəyişiklikdəndirmi? Bu sualla Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlıya müraciət etdik.

Bəşir Süleymanlı deyir ki, prezidentin fərmanı texniki xarakter daşıyır.

Onun sözlərinə görə, ötən il QHT-lərin bağladığı müqavilələrin elektron rəyestirə daxil edilməsi ilə bağlı prezident bir fərman imzalanmışdı. İndiki bu fərman da Ədliyyə Nazirliyinin üzərinə müxtəlif vəzifələr qoyur o fərmanın icrası ilə bağlı.

QHT rəhbəri deyir ki, təəssüf ki, biz müsbətə doğru heç bir addım görmürük: "O vaxt müsbətə doğru addım görərdik ki, QHT-lərin qeydiyyatı sadələşərdi və qanuna dəyişikliklə bağlı paket təqdim olunardı", - deyə Bəşir Süleymanlı qeyd edib.

Onun sözlərinə görə, ötən il prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüblər və bu görüşdən böyük ümidlərlə ayrılıblar.

"Cənab Hikmət Hacıyevlə görüşlərdə bununla bağlı pozitiv mesajlar verilmişdi və bildirilmişdi ki, QHT qanunvericiliyi ilə bağlı təkliflər yığılır. QHT qanunvericiliyinin dəyişdirilməsi istiqamətində müəyyən addımlar atılır. Təəssüflər olsun ki, həmin dövrdən bəri yarım ildən çox keçməsinə baxmayaraq hələ də biz heç bir müsbət dəyişikliyin şahidi olmamışıq. Milli Məclisin yaz sessiyasının gündəliyinə baxdım, QHT-lər və İctimai Birliklərlə bağlı, Fondlar və qrantlarla bağlı heç bir müzakirə nəzərdə tutulmayıb. Yəni, qanunvericiliklə QHT-lərin fəaliyyətini məhdudlaşdıran kifayət qədər qanun var və onların dəyişdirilməsi üçün heç bir hərəkətlilik görmürük. Ona görə də bu istiqamətdə hələ pozitiv mesajlar vermək mümkün deyil", - deyə Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı bildirib.

Hüquq müdafiəçisi deyir ki, digər tərəfdən də Avropa Şurasının sessiyası keçirildi, amma təəssüf ki, orada ancaq hökumət rəsmiləri iştirak etdi.

Onun sözlərinə görə, koronavirus pandemiyasi səbəbi ilə vətəndaş cəmiyyəti nümayəndələri sessiyaya qatıla bilmədi: "Əvvəl vətəndaş cəmiyyəti nümayəndələri də bu tədbirlərdə iştirak edirdi və müxtəlif görüşlər keçirilirdi. Ölkədəki insan hüquqlarının vəziyyəti ilə bağlı məlumatlar verilirdi", - deyə o, vurğulayıb.

Bəşir Süleymanlı deyir ki, təbii ki, hökumət tərəfindən müəyyən səylər var.

Onun sözlərinə görə, həm prezident administrasiyası tərəfindən, həm də digər qurumlar tərəfindən müəyyən dövrlərdə QHT rəhbərlərinə müraciət edilir ki, dəyişikliyin aparılması, problemlərin həll olunması ilə bağlı təkliflər verin.

"Deyirlər ki, biz çalışırıq, yeni pozitiv məsələlər var. Çox təəssüf ki, hələlik deyilənlərin nəticəsini görmürük. Sadəcə olaraq praktikada olan basqılar dayanıb. Əvvəllər QHT nümayəndələrinə qarşı bir qısnama var idi, indi yoxdur. Amma ümumilikdə fəaliyyətin təkmilləşməsi üçün də heç bir iş yoxdur ortada", - deyə Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun