Rövşən Hacıbəyli
Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün son illərdə təkcə QHT Şurasından müxtəlif təşkilatlara 1 milyon 200 min manat qrant verilib
İllərdir “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” üçün milyonlar xərclənir. Diaspora Komitəsi, Xarici İşlər Nazirliyi, onların xəttiylə xaricdəki səfirliklərimiz, başqa dövlət qurumları büdcə vəsaitini bu yolda “xərcləyirlər”. Ölkə başçısı da çıxışlarında xüsusi vurğulayır ki, aparılan uğurlu siyasət nəticəsində dünya Azərbaycanı dəstəkləyir. Son Tovuz hadisələrisə bunun əksini göstərdi.
“Dünyanın 130-dan çox ölkəsi İlham Əliyevin COVİD-19-la bağlı təşəbbüsünü dəstəklədi” təbliğatı aparanlar Ermənistanın xain hücumu nəticəsində generalımız da daxil olmaqla yüksək rütbəli zabitlərimizin, əsgərlərimizin həlak olduğu olaya biganə qaldı. Niyə? Çünki aparılan təbliğat saxta, əsası olmayan, xalqın başını qatmağa hesablanan siyasətdir. Qarabağın işğalından keçən 30 ilə yaxın vaxt ərzində biz, ölkə olaraq bu problemi dünyaya çatdıra bilməmişik. Düzdür, pullar xərclənib, ancaq zaman o pulların şəxsi məqsədlər üçün xərcləndiyini ortaya qoyub. Hakimiyyətdə olanların, onların xaricdəki təmsilçilərinin - səfirlərin, diaspor işi qurmaq tapşırılanların biznes maraqları Qarabağı arxa plana keçirib.
2007-ci ilin sonlarında yaradılan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə hökumət “Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı” həm də vətəndaş cəmiyyəti institutlarına həvalə edib; özü də pullu. Bu illər ərzində böyük pullar xərclənsə də, yenə haqq səsimiz dünyaya çatmır, dünya ictimaiyyətinin dəstəyini görmürük. Niyəsini bir araşdırmayla çatdırmağa çalışacam. Yeri gəlmişkən, bu viruslu günlərdə, lap ondan qabaq da bir çox xidmətlə bağlı elanlarda xüsusi qeyd olur: ÇATDIRILMA PULSUZDUR! Toxunduğumuz mövzudasa çatdırılma pulludur! Heç çatıb-çatmadığı da bilinmir...
Qarabağ adı gələndə ilk yada düşən Akif Nağı və onun rəhbəri olduğu Qarabağ Azadlıq Təşkilatıdır. İşinə görə yox, adına görə. O, Şuradan aldığı qrantlarla Rusiya (8 min manat), İran (8 min manat), İsveç (10 min manat) ictimaiyyətini, 2018-ci ildə isə ümumiyyətlə, “beynəlxalq ictimaiyyəti” məlumatlandırmağa (9 min manat) səy göstərib.
Bundan başqa, “Qarabağ həqiqətlərinin əks olunduğu CD və DVD-lərin, çap materiallarının hazırlanması və yayılması, Türkiyə, İran və Gürcüstan QHT-ləri ilə bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi” layihəsinə 2015-ci ildə Şuradan 19 min manat qrant alıb. Hazırladıqlarının uğurlu olub-olmamasına mütəxəssislər qiymət verə bilər.
Akif Nağı “Qarabağ həqiqətlərini əks etdirən DVD-lərin, çap materiallarının hazırlanması və yayılması” layihəsinə 2016-cı ildə də 14 min manat alıb. Ancaq bilinmir bunlar yeni məlumatlar olub, yoxsa ötənilkilərin təkrar çapı...
2014-cü ildəsə “Türkiyənin Ankara, İranın Təbriz, Gürcüstanın Tbilisi şəhərlərinin universitetlərində Qarabağla bağlı informasiya guşələrinin yaradılması, güşə üçün Azərbaycan, Türkiyə türkcəsi, ingilis, rus, fars, ərəb, gürcü dillərində çap materiallarının hazırlanması” layihəsinə Şura 12 min manat verib.
2013-cü ildə “Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağ həqiqətlərinə dair Türkiyədə konfrans, görüş, disput və digər tədbirlərin keçirilməsi” layihəsi isə Şuraya 7 min manata başa gəlib.
Ancaq bu da son deyil, Akif Nağı "Qarabağ dünən, bu gün və sabah" mövsusunda elmi-praktik konfransın materiallarının ingilis və rus dillərinə tərcüməsi, kitab şəklində çap edilməsi, internetdə yerləşdirilməsi” layihəsi üçün də 12 min manat alıb. Layihələrin adının, materiallarının eyni olmasına fikir verməyin, başlıcası Qarabağ boyda dərdimizi beynəlxalq aləmə çatdırmaqdır.
Başqa bir misal. Azəri Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlının 2017-ci ildə “Milli maraqlar hər maraqdan ucadır!” adlı layihəsi qalib gəlib. Elə təkcə layihənin adı hər şeyi deyir, kimin nə sözü ola bilər. Bundan başqa, demək olar, Şuranın hər müsabiqəsində bu təşkilata qrant verilir, Qarabağ həqiqətlərini Türkiyədəki qardaş və bacılarımıza çatdırmaq üçün...
- Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği - 8 min manat. 2018-ci il.
- Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması - 8 min manat. 2019-cu il.
- Türkiyə universitetlərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin geniş müzakirə edilməsi – 8 min manat. 2020-ci il.
İxtisasca doktor olan, illərdir mandatla mükafatlandırılan Məlahət İbrahimqızı deputat olmaqla yanaşı, “Lider Qadınlar” İctimai Birliyinin rəhbəridir. O da Qarabağ probleminə biganə qalmayıb, "İnsan hekayələri - qarabağlı uşaqların söylədikləri" adlı layihəsinə Şuradan 7 min manat alıb.
Yeri gəlmişkən, deputatlarımız və ya övladları həmişə milli maraqları hər şeydən uca tutub QHT Şurasının qrant müsabiqələrində iştirak edirlər. Bu yolla QHT sektoruna da töhfələrini verirlər. Ziyad Səmədzadə, Hadı Rəcəbli, Əli Hüseynli, Çingiz Qənizadə, Asim Mollazadə, Gövhər Baxşəliyeva, Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Elman Nəsirov, Bəxtiyar Əliyev və başqaları özləri, övladları hər il keçirilən müsabiqələrdə Qarabağ probleminin tanıdılması yolunda, insan hüquq və azadlıqları sahəsində yorulmadan çalışırlar.
2020-ci ildə Qarabağ həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq həvəsimiz 2018-ci il səviyyəsinə çatmasa da, vətənpərvər oğul və qızlarımız ruhdan düşməyib. Maraqlıdır ki, bütün illərdə dünya ictimaiyyətinə Qarabağ həqiqətlərini çatdırmaq deyəndə QHT rəhbərlərinin ilk yadına düşən Türkiyə olub. Baxmayaraq ki, Türkiyə dünya ictimaiyyəti içərisində Qarabağ həqiqətlərini eşitməli olan ən sonuncu ölkələrdən biridir. Çünki daim Azərbaycanın yanında olan qardaş ölkə bu həqiqətləri bəzən ölkə vətəndaşlarından, bəlkə, elə o həqiqətləri yaymaq istəyən QHT rəhbərlərindən daha yaxşı bilir. O layihələrdən az bir hissəsinin adıyla tanış olun:
- Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağ həqiqətlərinə dair Türkiyədə konfrans, görüş, disput və digər tədbirlərin keçirilməsi;
- Qarabağ problemi ilə bağlı Türkiyədə kitab dərci və konfrans keçirilməsi;
- Türkiyədə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırlması üzrə silsilə tədbirlərin keçirilməsi;
- Türkiyənin Ankara, İranın Təbriz, Gürcüstanın Tbilisi şəhərlərinin universitetlərində Qarabağla bağlı informasiya guşələrinin yaradılması, güşə üçün Azərbaycan, Türkiyə türkcəsi, ingilis, rus, fars, ərəb, gürcü dillərində çap materiallarının;
- Türkiyə Respublikasının Ankara Esgişeher, Konya, İzmir şəhərlərindəki universitetlərdə Qarabağ informasiya guşəsinin yaradılması;
- Türkiyə universitetlərində Qarabağ informasiya guşəsi və türk dilində internet resursunun yaradılması;
- Qarabağ həqiqətlərinin Tükiyə ali məktəblərində təbliği;
- Qarabağ həqiqətləri barədə informasiyanın Türkiyə üniversitetlərinin tələbələri arasında təbliği və informasiya güşələrinin yaradılması;
- Fransa və Türkiyə KİV-ləri arasında Azərbaycan həqiqətləri ilə bağlı görüşlərin keçirilməsi və məlumatların yayılması;
- Erməni vandalizmi ilə bağlı Türkiyə və Avropa ölkələrində tədbirlərin təşkili;
- Türkiyədə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üzrə silsilə tədbirlərin keçirilməsi;
- Ermənistanın işğalçı siyasəti barədə dünya ictimaiyyətinin məlumatlandırılması üçün region ölkələrinin QHT-ləri ilə əməkdaşlığın təşkili, yazılı materialların hazırlanması və paylanması və s.
Ancaq başqa örnəklər də var. “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin rəhbəri Mariya Hüseynova
“Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional problemlər barədə Bolqarıstan ictimaiyyətinin məlumatlandırılması” layihəsini ardıcıl aparıb. 2014-də 8 min, 2015-də 8 min, 2016-da 13 min, 2017, 2018 və 2019-da Şuradan ildə 7 min manat qrant alıb.Ümid edək ki, ardıcıl aparılan məlumatlandırma nəticəsiz qalmaz.
"Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi" İctimai Birliyi (Rövşən Ağamalıyev) “Lələtəpədə yazılan dastan” adlı qısametrajlı sənədli filmin çəkilməsi üçün Şuradan 7 min manat qrant alıb. Film də çəkilib, 2018-ci il oktyabrın 8-də təqdimat da olub, saytlar da bu barədə yazıb. Qısametrajlı film 21 oktyabr 2018-ci ildə “Youtube”-da yerləşdirilib. Keçən 21 ay ərzində bu filmə cəmi 10 nəfər baxıb. 10 nəfər baxış sayı olan filmə 7 min manat xərc çəkməyə dəyərdimi?
“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi (Xatirə Vəliyeva) “Karabakh.tv-nin fəaliyyətinin təşkili və Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə təbliği” layihəsinə 7 min manat qrant alıb. Qarabağ təbliğatını aparmaq məqsədilə yaradılan sayta sonuncu xəbər bu il fevralın 11-də qoyulub...
“Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyi “Xan kəndi” sənədli filminin hazırlanması üçün 2015-ci ildə Şuradan 9 min manat alıb. Film “Youtube” kanalında bir neçə yerdə var. 25 yanvar 2018-ci ildə kanala yerləşdirilən bu sənədli filmə cəmi 5 nəfər baxıb. Bu filmin başqa iki paylaşımında baxış sayı birində 30, o birində isə 43-dür.
“İravan.az” saytı da QHT Şurasının maliyyə dəstəyi ilə yaradılıb. Demokrat İslahatçı Gənclər İctimai Birliyi saytın fəaliyyətinin davamı və ingilisdilli variantının təqdimatı üçün 2017-ci ildə Şuradan 7 min manat qrant alıb. Saytın ingilisdilli variantına sonuncu xəbər 03.10.2018-ci ildə, rusdilli variantında 04.10.2018-də, Azərbaycan dilində olan variantda isə sonuncu xəbər 26.02.2019-cu ildə qoyulub. Sayt o qədər “populyardı” ki, hətta Röya Ayxanla bağlı xəbərin də oxunma sayı “0”dır.
Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyi (Qafar Mehdiyev) erməni faşizminin ifşası (erməni, rus və digər dillərdə olan qaynaqlarda ermənilərin alman faşistləri ilə əməkdaşlığı), “armenianfascism.com” saytının yaradılması, “Erməni faşizmi” adlı kitabın hazırlanıb çap etdirilməsi üçün Şuradan 2017-ci ildə 7000 manat qrant alıb.
Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası 2018-ci ildə də təxminən eyni adlı layihə üçün yenidən 7000 manat qrant udub. “Ermənistanda ortaya çıxarılan yeni sənədlərdə erməni cinayət, satqınlıq və vəhşiliklərinin ifşası (beynəlxalq tədbirin təşkili və “armenianissue.info” saytının yaradılması)”.
Çox təəssüf, qurumun bu layihələrlə bağlı hansı işləri gördüyü bilinmir, sadə səbəb saytların açılmamasıdır.
Bir çox təşkilatlarınsa əhatə dairəsi, həm də bazası zəngindir. İstənilən fəaliyyət sahəsində ixtisaslaşmada heç bir problem yoxdur. Məsələn, İstehlakçıların Huquqlarının Mudafiəsi İctimai Birliyi (Natiq Əkbərov) “Məktəblərdə milli vətənpərvərlik dərslərinin kecirilməsi” layihəsinə Şuradan 9 min manat qrant alıb. Burada məktəblilər istehlakçı rolunda olub...
Görünür, bəziləri təcrübəsiz olduqlarından layihənin sonrasını düşünmür. Təcrübəlilərdən, bu işə illərini verənlərdən örnək götürmək heç ağıllarının ucundan keçmir. Məsələn, Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfərova “Ermənistan və Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması” layihəsinə 5 000 manat qrant alıb. Bu layihənin eyni məzmunlu başqa layihələrdən əsas fərqi odur ki, burda başlıqda həqiqətlərin “düzgün”çatdırılması xüsusi vurğulanıb. Başqa heç bir layihədə düzgün sözü yoxdur; 8,10,12,19 minlik layihələrdə belə. Yəni biz bilmirik yüzlərlə başqa təşkilat həqiqətləri düzgün çatdırır, ya da ümumiyyətlə, çatdırırlarmı?
“İrəli” İctimai Birliyi Mirhəsən Seyidov “Münaqişə tərəfi Azərbaycan: Həqiqətlər və reallıq mövzusunda beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsinə 19 min manat alıb. Ancaq internet resurslarında bu layihənin icrası ilə bağlı hər hansı xəbər tapılmır. Tapılan yeganə informasiya “İrəli”nin müsabiqədə qalib gəlib belə bir layihəyə maliyyə alması ilə bağlıdır.
“Düşüncə” Gənclərin İnkişafına Yardım İctimai Birliyi (Emil Hüseynli) “Dağlıq Qarabağdakı qondarma rejim haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması və işğal altında olan bölgəyə qanunsuz səfərlərlə mübarizəyə həsr olunan saytının yaradılması” üçün 2015-ci ildə QHT Şurasından 12 min manat qrant alıb. 22 sentyabr 2015-ci ildə keçirilən təqdimat mərasimində Şura sədri Azay Quliyev də çıxış edib:
“Saytın hazırlanmasında məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud durumu, problemin həlli istiqamətində görülən işlərlə bağlı materiallar yerləşdiriləcək. Əsasən xarici dilli internet məkanı üçün nəzərdə tutulan bu saytda Azərbaycanın və dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikirlərinə, məqalələrinə yer veriləcək”.
Yoxdur belə bir sayt, internetdə axtarış verəndə qarşıya bu mənzərə çıxır.
[caption id="attachment_85624" align="alignleft" width="1024"] www.dailykarabakh.com[/caption]Jurnalist Qadınlar Assosiasiyası İctimai Birliyi (Sevil Yusifova) də Qarabağ probleminə biganə qalmayıb. Birlik “Ermənistanın işğalçılıq siyasətini ifşa edən kitabların gürcü dilinə tərcümə olunaraq çapı və yayılması” kimi çətin bir layihə üçün Şuradan 7 min manat alıb.
Ondan qabaq eyni istəklə - “Ukraynanın gündəminə Azərbaycan həqiqətlərini gətirək” adlı layihəylə qalib olub - 6 min manat qrant qazanıb.
“Gürcüstan mediasına Azərbaycan haqqında yazıların çıxarılması” layihəsi də (6 min 500 manat) uğurlu işlərdəndir.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (Abbasov Səbuhi) “Ağdaban qətliamının tanıdılması məqsədilə iki dildə www.agdaban.az informasiya mərkəzinin yaradılması” layihəsi ilə müsabiqədə qalib olub, 2017-ci ildə Şuradan 7 min manat alıb. İnternet resurslarında bu layihənin adı yalnız müsabiqədə qalib olduğu vaxt çəkilib, ondan sonra o barədə heç bir informasiya yoxdur. İnternetdə belə bir sayt da görünmür...
[caption id="attachment_85625" align="alignleft" width="1024"] www.agdaban.az[/caption]Şuranın müsabiqələrini incələdikcə ortaya çoxlu belə faktlar çıxır. Xeyli təşkilatın adı yalnız müsabiqə qalibləri sırasında var, sonra onların layihə ilə bağlı hansı işlər gördüyü bilinmir, belə informasiyalar yoxdur. Görünür, QHT Şurası verdiyi layihələrin sonrakı taleyi ilə maraqlanmır. Baxmayaraq ki, layihələrin monitorinqinə də Şuradan layihə verilir.
Saysız layihələr içərisində ən uğurlusu “Xan Şuşinski” Fondunun (Bəyimxanım Verdiyeva) “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və “Könlüm keçir Qarabağdan” adlı konsert proqramının keçirilməsi” layihəsidir (13 min manat).
Yəni yuxarıda adı sadalanan layihələr və ortada olan işlərdən, hakimiyyətin apardığı siyasətdən o qənaətə gəlmək olur ki, bu gedişlə bizim ancaq könlümüz Qarabağdan keçəcək, özümüz yox...