Azərbaycan Rusiya və Türkiyədən infeksionistlər, reanimatoloq və pulmonoloqlar dəvət edib.
Hazırkı mərhələdə bəlkə də doğru addımdır. Amma eyni zamanda, bu bir etirafdır ki, biz bacarmadıq.
Niyə bacarmadıq?
Əminəm ki, Azərbaycan səhiyyəsinin imkanlarından, öz yerli mütəxəssislərimizin və bütövlükdə cəmiyyətimizin potensialından lazımi səviyyədə istifadə olunmadı. Məgər bizdə Qamkrelidze, İmnadze, Tsertsvadze kimi adamlar yoxdurmu? Əlbəttə, var. Adını çəkdiyim gürcü həkimləri hansısa qeyri-adi işlər görmədilər, sadəcə, öz bilik və bacarıqlarını ortaya qoydular, hökumət də bu mütəxəssislərin rəyini dinləyərək onların tövsiyələrinə əməl etdi. Məsələn, ən son faktı deyim.
Bildiyiniz kimi, Avropa Birliyi (27 ölkə) Gürcüstan vətəndaşları üçün öz qapılarını açdı. Bu qərardan sonra Tengiz Tsertsvadze (Tiflis infeksion xəstəxanasının direktoru) hökumətə tövsiyə etdi ki, siz iqtisadi maraqları, turizmi filan düşünüb, eyni addımı atmayın, ölkələrin vəziyyətini ayrı-ayrılıqda araşdırıb, qərar verin. Nəticədə Gürcüstan hökuməti indiki mərhələdə yalnız 5 AB üzvü – Fransa, Almaniya və Baltik ölkələrinin vətəndaşlarını qəbul edə biləcəyini açıqladı.
Azərbaycanda bu cür insanların önə çıxması ya mümkün deyil, ya da təsadüflərə bağlıdır. Azərbaycanda hakimiyyətlə toplum arasında əlaqə qopub. Parlamentimiz Oqtay Əsədovun dediyi kimi, polemika aparılmayan, ölkənin real problemlərini müzakirə etməyən, hökuməti çağırıb sorğulaya bilməyən, notarial kontordan fərqsiz olan, iradəsiz, lazımsız bir dövlət orqanına çevrilib. Telekanallar da Milli Məclisə oxşayır, söz azadlığı, plüralizm yenə təmin olunmur. Müstəqil qeyri-hökumət sektoru, vətəndaş cəmiyyəti demək olar ki, məhv edilib. Ölkənin taleyi ilə bağlı qərarları ən təpədə, bağlı qapılar arxasında, çox məhdud bir çevrə qəbul edir. Amma artıq yuxarılar əvvəlki kimi idarə edə bilmirlər və bunun bütün əlamətləri ortadadır.
Səhiyyə Nazirliyi kimi nəhəng strukturun kənara atılması və epidemiya ilə mübarizə kimi çox ağır, məsul bir işin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yenicə yaradılmış publik hüququ şəxsə həvalə olunması Azərbaycanın müasir tarixinin ən uğursuz qərarlarından biridir. Ola bilər Səhiyyə Nazirliyi çox bərbad idarə olunur (böyük ehtimalla belədir), amma təsisat yaddaşı deyilən bir şey var. İnanıram ki, belə durumlarda ən azından necə davranmaq, hansı minimal tədbirləri görmək lazım olduğunu, məsələnin metodologiyasını bu nazirlikdə, onun strukturlarında bilənlər var, şəxsən nazir özü bilməsə də...
Təsəvvür edin, TƏBİB sədri heç prezident tərəfindən də təyin olunmur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin adını çoxumuzun bilmədiyi sədrinin təyin etdiyi, agentlik nəzdindəki publik hüquqi şəxsin sədri bütöv xalqın sağlamlığına, yeni növ virusla mübarizə işinin təşkilinə cavabdeh şəxs kimi müəyyənləşdirildi. Nədir axı TƏBİB? Nə məqsədlə yaradılıb? Niyə Səhiyyə Nazirliyinin strukturuna daxil olan önəmli qurumlar onun tabeliyinə verilib? Nəyə və kimə lazımdır belə paralel idarəçilik? Əgər TƏBİB sədri belə önəmli kadr idisə, yaşlı naziri çıxarıb, bu şəxsi səhiyyə naziri təyin etməyə nə mane olurdu?..
Suallar, suallar... Dəqiq bilinən budur ki, Azərbaycanda koronavirusla mübarizə siyasəti iflasa uğrayıb.
Şahin Cəfərli