Bu günlərdə “Black Lives Matter” hərəkatı çərçivəsində Belçikanın Antverpen şəhərində irqçiliyə qarşı yürüşlər keçirildi. Tələblərin arasında Belçika kralı II Leopoldun heykəlinin götürülməsi də vardı. Nəhayət 9 iyunda bu tələb yerinə yetirildi və Antverpen şəhər icra hakimiyyəti heykəli yerindən götürdü. Bəs niyə məhz bu tələb və niyə kral Leopold? Bu yazımızda bundan danışacağıq.
Yəqin ki, Afrikadakı quldarlıq barədə çoxumuz eşitmişik. Amma bu quldarlıq hekayələri adətən Amerikaya aparılmış qulların “Böyük kəşflər dövrü” adlanan dövrdə baş vermiş hekayələridir. Bu hekayələrin ən maraqlısı isə Konqodakı Belçika kralı II Leopoldun törətdiyi cinayətlərin hekayəsidir.
1867-ci ildə uelsli səyyah Henri Morton Stenli Zənzibardan yola çıxaraq Nil çayının mənbəsini tapmaq üçün səyahət edən və haqqında çoxdan xəbər alına bilməyən Devid Livinqston adlı başqa bir səyyahı axtarır. Livinqstonun Nil çayının mənbəsi zənn etdiyi Lualaba Konqo çayının qolu idi. Lualaba boyu səyahət edən Stenli beləliklə həm Livinqstonu, həm də müasir Konqonu kəşf edir.
Bu məlumatı Avropaya qayıdaraq jurnalistlərə çatdıran Stenli öz ambisiyaları üçün sponsor tapmaq niyyətində idi. Xəbərlər hər yerə yayılır amma çox da diqqətə çatmır. Belə ki, Avropa hələ Afrikanı kolonizasiya etməyə başlamamışdı və çox da veclərinə deyildi. Bu barədə təkcə Belçika kralı II Leopold maraqlanır. Leopold indiyə qədər Çindən tutmuş Argentinayacan nə qədər yerdə koloniya salmaq istəmiş, parlament israfçılığa yol vermək istəmədiyini deyərək dəfələrlə krala icazə verməmişdi.
Kral bu dəfə fərqli yola əl atır, Brüsseldə beynəlxalq elmi konfrans təşkil edərək dünyanın dörd bir yanından gəlmiş alimlərə Afrikanın bu bölgəsinin humanitar və elmi məqsədlər üçün kəşfini təklif edir. Leopold lazımi dəstəyi aldıqdan sonra 1878-ci ildə Stenli ilə görüşür. Stenlinin o zaman 37, Leopoldun isə 42 yaşı vardı. Leopold ağlına yeni koloniya yaratmağı qətiyyətlə qoymuşdu. Lakin, bu dəfə saxta yollarla bu koloniyanı quracaqdı. Bu ambisiyasını reallaşdırmaq üçün Leopold Stenliyə ildə - müasir rəqəmlərlə desək – ildə 253.000 AZN maaş təyin edərək Konqoda dəmiryolu çəkmək barədə göstərişlər verir. Stenli saxta adla səyahət edir, dəmiryolu üçün lazımi ləvazimatlar isə üçüncü və beşinci şəxslər vasitəsilə, dolaylı şəkildə göndərilir.
Stenli Leopoldun əsl məqsədini gəmisi Cəbəlüttariqi keçəndən sonra öyrənir. Leopold ona “zənci respublikalarının federasiyasını” qurmağı hədəflədiyini deyir. Lakin qeyddə həmçinin diqqətə çatdırılırdı ki, zəncilərin heç bir siyasi gücü olmamalıdır. Stenli tapşırıqlarını alandan sonra nəhayət 1879-cu ildə Afrikaya ayaq basır. Zənzibar əmirlərindən Həmid əl-Mürcəbinin (Tippu Tip) köməyi və dəstəyi sayəsində Konqonun kəşfi, yolların açılması prosesi başlanır. Yerli Bakonqo xalqı ona “Bula Matari” (Daşqıran) ləqəbi ilə müraciət etməyə başlayır.
Belçika bu oyunda tək deyildi. Digər tərəfdə italyan səyyah Pyer Savoğnyon de Brazza Fransa adından yerli Bateke qəbiləsinin hökmdarı Makoko ilə anlaşır və onun torpaqlarını bir-iki parça qarşılığında alır. Bəli, bu qədər sadə! Makokonun oxuma-yazması yox idi, nəyə imza atdığını da bilmirdi. Onsuz da Afrika inanclarına görə torpağı fanilər işləyir, sahiblik hüququ isə əcdadlarındır. Yəni bu baxımdan saf afrikalılar elə bilirdilər ki, torpaqlarını avropalılara işləmək üçün icarəyə verirlər. Konqo respublikasının paytaxtı Brazzavil onun şərəfinə adlandırılmışdır.
De Brazzanın nailiyyətlərinin xəbərləri bütün Avropaya yayılır. Leopold isə öz maraq duyduğu zonada fransız əli görmək istəmir. Ona görə də Stenliyə növbəti əmr gəlir – “bütün müqavilələr qısa olsun, bir-iki cümlədə bütün torpaqlar alınmalıdır”. Stenli 1884-cü ilədək dayanmadan çalışır, Avropaya gedəndə özü ilə 400-ə qədər fərqli qəbilə ilə imzalanmış müqavilələri aparır. Lakin bu da Leopoldun işlərini asanlaşdırmır. Belə ki, Portuqaliya artıq Konqo çayı sahilində olan Anqolada kolonizasiyaya başlamış, İngiltərə Portuqaliyaya dəstək vermiş, Fransa isə dayanmadan irəliləməyə başlamışdı. Leopold isə bunu digər ölkələr kimi açıq-aşkar davam etdirə bilməzdi, çünki Belçika xalqı yeni koloniya, dolayısı ilə yeni vergilər və xərcləri istəmirdi. Yeni yola əl atılmalıydı – diplomatiya və lobbiçilik.
Afrikada marağı olmayan yeganə dövlət ABŞ idi. Ən azından ondan dəstək almaq istəyən Leopold Belçikadakı keçmiş ABŞ səfiri Henri Stenforda lobbiçilik üçün külli miqdarda pul ödəyir. ABŞ prezidenti Konqoda həqiqətən xeyriyyə məqsədli inkişaf və elmi araşdırmaların olduğuna inandırılır. Nəhayət lobbiçilik öz nəticəsini verir, 22 Aprel 1884-cü ildə ABŞ konqresi Konqonu Leopoldun şəxsi mülkü kimi tanıyır.
Lobbiçilik sırası Avropada idi. Leopoldun diplomatları Britaniyaya xüsusi ticarət imtiyazlarını verəcəyini çatdırır, digər tərəfdə isə Almaniya kansleri Otto von Bismarka eyni sözlər verilir. Konqoda gözü olan başqa bir ölkə olan Fransaya isə bütün şimali Konqo ilə birlikdə öz imkanları bitərsə cənubi Konqonun da verilməsi sözü verilir. Lobbiçilik öz nəticəsini verir, qızğın iclaslardan sonra 4 noyabrda Berlin konfransında 2.6 milyon kvadrat kilometrlik nəhəng ərazi Leopoldun mülkü kimi təsdiqlənir. Təbii ki, bu iclas vaxtı nə afrikalıların fikri soruşulmuşdu, nə də hansısa iştirakçı ömründə Afrikada olmuşdu.
Leopold artıq hər şeyi etməkdə azad idi. İlk iş olaraq 1885-ci ildə “İctimai Qüvvə” adlı polis qüvvəsi yaradır və Konqoya göndərir. Mülkünün adı da “Konqo Azad Dövləti” adlanır. Leopold artıq Avropanın süni yaradılmış kiçik bir dövlətinin kralı yox, bütün Qərbi Avropadan daha böyük əraziya sahib bir dövlətin sahibi idi. Bütün Avropa əhalisi isə Afrikada gizli bir cənnətin yaradıldığını düşünərək yaşayırdı. Çox keçmədən bu mif pozuldu – “İctimai Qüvvə” plantasiyalarda zəif işləyən, günlük tapşırığı vaxtında yerinə yetirməyən şəxsləri həbs edərək qolunu, ayağını kəsməyə və bu yola guya cəza verməyə başladı. Bu plantasiyalar əsasən kauçuk plantasiyaları idi və Asiyadakı ucuz kauçukdan daha keyfiyyətli məhsul çıxarırdı. Leopold isə tələsirdi, bütün işlər sürətli və keyfiyyətli görülməliydi. Sürət və keyfiyyətə önəm verilirsə, əlbəttə insan həyatı önəmli olmayacaqdı.
Bütün bunlara baxmayaraq “İctimai Qüvvə” əslində tam idarəni təşkil edə bilməmişdi. 2 milyon kvadrat kilometrdən böyük bir əraziyə 12 min yarımlıq ordu nəzarət edə bilməzdi. Konqo körfəzi hər cür avropalı quldur, macəraçı və hərbçiyə açıq zona idi. Bəzən əsgərlər dirənən və etiraz edən yerli xalqın qadın və qızlarını oğurlayır, onları zorlayandan keçi və kauçuk qarşılığında geri sataraq bir az da əzirdi.
Lakin Leopoldun hesaba qatmadığı bir nüans vardı – dürüst insanlar. Leopoldun cinayətləri barədə ilk məlumat Konqolulara xristianlığı öyrətməyə getmiş Uilyam Şepparddan gəldi. Nyu York Tayms qəzetinə 14 kəndin yandırılması barədə xəbər mətnini göndərəndən sonra Leopold onu deportasiya ilə təhdid edib susdurdu. Buna rəğmən artıq yanmış alovu söndürmək mümkün deyildi.
Amerikan din xadimi Corc Uilyams şaiyələri tədqiqat üçün Belçikaya səyahət edib kral Leopolddan müsahibə almış, 1890-cı ildə isə Konqonu öz gözləri ilə görmüşdü. Gördüklərindən dəhşətə gələn Uilyams Stenlini ifşa kampaniyasına başlamağa qərar vermişdi. Bu məqsədlə hətta Leopolda açıq məktub da yazmışdır. Məktubda Konqoda baş verən faciələr əks olunur, ordakı cinayətlərdən Leopoldun da məsul olduğunu qeyd etmişdi. Görünür Uilyams “Kral yaxşıdır, ətrafı pis” nağılına inananlardan biri olubmuş. Çox keçmədən Leopoldun “PR meneceri” qəzetlərdə Uilyams əleyhinə yazılar yazdırmağa başlayır. Bunlardan ən məşhuru Nyu York tayms qəzetində paylaşılır – onun öz həyat yoldaşını və azyaşlı uşağını atıb ağdərili bir qadınla evlənmək istədiyi barədə yazılır. Bu dəfə də həqiqət ört-basdır edilmiş oldu.
Dünyada ən çox səs salan əsər isə heç şübhəsiz Yozef Konradın 1899-cu ildə yazdığı “Qaranlıq ürəklər” novellası idi. Konradın Konqodakı şəxsi müşahidələri əsasında yazılan bu kitab yalnız Konradın ölümündən sonra məşhurlaşa bildi. Filmlərlə, teatrlara mövzu oldu.
Növbə ingilis bir yazarda – Edmund Moreldə idi. 1891-ci ildə Elder Dempster gəmi şirkəti ilə işləməyə başlamışdı. İşinə və fransızca dil biliyinə görə tez-tez Belçikaya yollanırdı. Belçikada olarkən apardığı müşahidələrə əsasən Konqoya silah və partlayıcılar göndərilir, əvəzində fildişi və kauçuk kimi mallar gəlirdi. Jurnalistikakı gücü sayəsində İngiltərə və Belçika mediasına əli çatan Morel çox daha sərt şəkildə qeyri-insani vəziyyəti ifşalayıcı yazılara imza atırdı. Onun sayəsində mövzu gündəmə gəldi və hətta Britaniya parlamentində müzakirə edildi. Səhifələrcə broşuralar və şahid ifadələri Leopolda qarşı çox effektiv bir kampaniyada istifadə olunurdular. Kitab ardınca kitab, məqalə ardınca məqalə yayımlayan Morel məsələni gündəmdə saxlayırdı.
Təbii ki, beynəlxalq cəmiyyət səssiz qala bilmədi, Konqo Reform Assosiasiyası yaradıldı, Leopolda müxtəlif təzyiqlər edildi. Hətta Morelin ABŞ-a səfəri zamanı onu Belçikalı casuslar da izləyirdilər. ABŞdakı lobbiçilərdən Henri Kovalski Leopolddan sırf Morelə qarşı yazılar yazmaq üçün ildə - müasir valyuta ilə desək - 2 milyon dollara yaxın məvacib alırdı. 1906-cı ildə Kovalskinin Leopolda aralarındakı yazışmalarını açıb tökməsindən sonra isə Leopoldun qaçış şansı qalmadı. Propaqanda müharibələrində uduzmuşdu, həqiqət qələbə çalmışdı.
Leopold 1908-ci ildə məcbur qalaraq Konqonu böyük utanc içində Belçika parlamentinə təhvil verdi. 20 milyon nəfərin qatili olan Leopold növbəti il vəfat etdi. Beləliklə nəinki öz cinayətlərinin cəzasını aldı, hətta buna görə ona Belçika dövlətindən “satın alma pulu” ödəndi. Konqolular adi öz adlarına nəyisə alıb-satmaq hüququnu belə 1953-cü ildə aldılar.
Dünyanın ən böyük 11-ci dövləti olan 92 milyonluq Konqo hələ də stabillik dövrünə qədəm qoymayıb. Ruanda soyqırımını törədən Xutu ekstremistləri hələdə şərqi Konqoda Tutsi qaçqınlarını axtarır, onları son nəfərinəcən qırmaq istəyirlər. 11 milyonluq Belçika xalqı isə Avropa Birliyinin ən təhlükəsiz və ən sülhpərvər xalqı kimi tanınırlar.
Bu sadəcə onlarla xalqın taleyi idi. Kauçuk uğrunda kəsilmiş qollar və ayaqlar bir adamı xoşbəxt, bütöv bir ölkəni isə travmalı qoydu. Növbəti travmalara münasibətimiz necə olacaq?
Cavid Ağa