Azərbaycanda illərdir düzgün aparılmayan işsizlik statistikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yarıtmaz sistemi ilə birləşərək əslində ölkədə işsizliklə bağlı bütün mənzərəni çılpaqlığı ilə üzə çıxardı.
Sahil Babayevin yarıtmaz idarə etməsi və qurduğu sistem, qeydiyyatın ilk günündən nəinki büdrəməyə, qırılmağa başladı.
Rəsmi rəqəmlərdə bir milyon manatdan artıq vəsait hesabına yaradıldığı göstərilən onlayn sistem çökdü. Nazriliyin 142 qaynar telefon xəttinə və yerli məşğulluq idarələrinin telefon nömrələri ilə əlaqə yaratmaq mümkün olmadı.
Məsələnin digər tərəfi isə Azərbaycanda işsiz əhalinin internetə çıxışının və qeydiyyatdan keçmək üçün bacarığının olub-olmaması idi. Qəbul olunan faktır ki, əhalinin əksər hissəsi hələ də elektron qeydiyyatın nə olduğunu bilmir, ya da onlayn müraciətin doldurulması üçün bacarıqları yoxdur.
Karantin günlərində isə əhalinin hərəkət məhdudiyyəti olduğundan elektron müraciəti doldurmaq üçün qeydiyyat prosesini bilənlərə müraciət edə bilmirdilər.
İctimai fəallar, vətəndaş cəmiyyəti nümayəndələri, internet bacarıqları zəif olan insanların gənc dost-tanışları, ayrı-ayrı şəxslər vətəndaşların çarəsizliyinə biganə qalmayaraq onlara kömək etdi. Bu miqyas göstərdi ki, hal-hazırda ölkədə işsizliyin hansı səviyyədədir və rəsmi rəqəmlərlə reallığın arasında nə dərəcədə böyük uçurum var.
Qeydiyyat prosesində ən analoqsuz hal isə onlayn sistemin iş saatları ilə işləməsi oldu. Əvvəl 24 saat işləyən sistem, bir müddətdən sonra, görünür müracicətlərin sayının kifayət qədər çox olandan sonra gün ərzində 9 saat işləməyə başladı. Belə ki, gün ərzində 09:00-dan 18:00 qədər qeydiyyatdan keçə mümkün oldu, günün digər saatlarında sistem bağlandı. Hakimiyyət tez-tez dünyaya nümunə olmaqdan danışır, yəqin bu "analoq"u nəzərdə tuturmuşlar.
Hökumət aprelin 27-də elan etdi ki, "190 manat müavinət" üçün qeydiyyat bitir. Amma şikayətlərin, narazılığın çoxluğunu nəzərə alıb hökumət aprelin 4-nə qədər uzatdı. Bu da hökumət sosial siyasətinin yenə də məhdud olmasını ortaya qoydu, yəni bütün vətəndaşlara şamil edilmədi.
Qeydiyyatdan keçən minlərlə insanın ya cavab almadığını, ya da gülünc bəhanələrlə mənfi cavab verildiyinin şahidi olduq.
İqtisadiyyat nazirinin müavini açıqlama verib ki, VÖEN olmasının işsizliklə əlaqəsi yoxdur, buna görə imtina alan insanlar yenidən müraciət etsinlər. Necə müraciət etsinlər ki, bir dəfə qeydiyyatdan keçən vətəndaşı sistem ikinci dəfə qeydiyyata almır?
Digər tərəfdən sosial şəbəkələrdən tragikomik imtina bəhanələrini müşahidə edirik. Boşanmış insanın həyat yoldaşı, kiminsə maşınının olması, kiminsə adına ev olması, kiminsə həyatını itirmiş yoldaşının vergi ödəyicisi olması və s. Vətəndaş üçün belə bir ağır, hökumət üçün isə üz qarası mənzərə.
Ədalətsizliyin digər tərəfi isə dövlətdən hər hansı bir səbəblə sosial ödəniş alan işsizlərin bu yardımdan məhrum olması oldu. Təsəvvür edin, 30 manat çörək pulu alan məcburi köçkünlərə bu yardım şamil olunmadı. Hələ tələbələrdən, 80 manat alan müharibə veteranlarından, xəstəyə baxdığı üçün 50 manat pul alan valideynlərdən, övladlardan heç danışmıram.
Gənc komandanın "perspektivli" nümayəndələrindən biri Sahil Babayevin simasında Sosial Müdafiə Nazirliyinin bu böhran dövründə necə iş yarıtdıqlarını hamımız birlikdə gördük. Rəbiyyə Məmmədova