COVİD-19 koronavirusunun yaranması, yayılması, yoluxmalar və s. barədə həddən ziyadə qəribə və əcaib təxminlər, gümanlar yayılır.
Onların hamısını şərh və ya təkzib etmək niyyətim yox.
Son iddialardan biri 5G mobil rabitə şəbəkəsi ilə bağlıdır.
Sosial şəbəkələrdə dolaşan şayiələr artıq real itkilərə səbəb olub.
İddiaya görə, 5G-nin COVİD-19 koronavirus pandemiyası ilə bağlı olduğu deyilir.
Sən demə, bu şəbəkə koronavirusu yaradıb və indi də yayır. İş o yerə çatıb ki, Britaniyada 5G şəbəkəsinin rabitə qüllələrini yandırırlar.
İddianın kökündə nə durur?
"5G şəbəkəsi daha yüksək tezlikli olduğundan onun şüalanması insanın immun sisteminə təsir edir, zəiflədir və insanlar xəstəliklərə daha tez yoluxurlar".
İddia ilk dəfə yanvarın 27-də Facebook-da peyda olub. Bildirilirdi ki, COVİD-19 koronavirus pandemiyasının başlandığı Uhan şəhərində 5G test olunurmuş.
Koronavirusun sürətlə yayılması da elə bu testlərlə bağlı imiş guya.
Bu komplo nəzəriyyəsinin 17 (!) müxtəlif versiyası olsa da, onların arasında ən populyarları belədir: 5G rabitəsi insan orqanizmində immuniteti aşağı salır və bu minvalla koronavirus infeksiyasına yoluxmanı sürətləndirir:
5G koronavirus infeksiyasını yayır: koronavirus əslində 5G-nin insan orqanizminə vurduğu ziyanı ört-basdır etmək üçün uydurmadır.
Sosial şəbəkələrlə bahəm, messencerlərdə bu absurd iddia yayılmaqdadır.
Amerikalı aktyor Vudi Harrelson belə İnstagram profilində yazıb: "Dostlarımın çoxu 5G-nin neqativ effektlərindən bəhs edirlər. Tam inanmasam da, mənə maraqlı gəlir".
Britaniyanın Birmingem, Liverpul, İrlandiyanın Belfast şəhərlərində isə aprelin əvvəllərində mobil rabitə qüllələri yandırılıb. Halbuki onların hamısı 5G paylamırdı.
Bu iddia niyə absurddur?
Əvvəla, 5G ("Fifth Generation”, yəni "Beşinci nəsil) mobil rabitənin 5-ci nəsli olaraq mövcud 4G/IMT-Advanced standartlarından üst standartlar əsasında fəaliyyət göstərən yeni telekommunikasiya standartıdır.
Bu standart daha sürətli genişzolaqlı interneti, abonentlər arasında birbaşa əlaqəni (device-to-device), qurğular arasında daha genişmiqyasıl kommunikasiyanı, 10-20 Qb/saniyə sürətli interneti, 4G ilə müqayisədə avadanlığın və qurğuların daha az enerji sərfini təmin edir.
5G ilk dəfə Uhanda sınanmayıb. Çində eyni vaxtğda 7(!) şəhərdə bu standart test olunub.
5G koronavirus yayırdısa, onda nəinki 5G, heç 4G-nin olmadığı Eritreyada, Tacikistanda, Butanda, Svazilenddə, Papua-Yeni Qvineyada, Toqoda, Tuvaluda və daha neçə-neçə ölkələrdə, lap elə qonşu İranda koronavirus niyə yayıldı?
Azərbaycanda 5G yoxdur, amma koronavirus var.
Bəs yaxşı, 5G insan sağlamlığına mənfi təsir edirmi?
Yox və yenə də yox.
Doğrudur, elektromaqnit dalğaları yüksək tezlikli elektromaqnit şüalanması yaradır və hesab edirlər ki, bu, xərçəng riskini artırır.
Lakin 5G kimi aşağı tezliklər ionlaşdırmayan şüalanma formasını yayır ki, o da heç bir halda (!) hüceyrələrə sirayət edərək onları zədələyə bilməz.
5G tezlikləri 4G ilə müqayisədə daha yüksək ola bilər, amma onlar insan orqanizminə mənfi təsir edə biləcək həddən xeyli aşağıdadır.
Bu standartı paylayan qüllələr və antenlər Massive MIMO sistemlidir ki, sözügedən sistem də dəfələrlə test olunub və indiyədək onun orqanizmə hər hansı formada mənvi təsiri aşkarlanmayıb.
Hazırda 5G-nin koronavirusla bağlı olması barədə absurdu tirajlayan əsas mənbə ABŞ-dakı "QAnon" konspiroloji qrupudur.
Bu o qrupdur ki, iddia edir - "ABŞ prezidenti Donald Tramp azyaşlıları cinsi istismara məruz qoyan nəhəng beynəlxalq şəbəkəni ifşa etməyə hazırlaşır": "Həmin şəbəkəyə isə ABŞ Demokrat Partiyasının liderləri, İblisə sitayiş edən adamlar və ABŞ şou-biznesinin bir çox ulduzları rəhbərlik edirlər".
"QAnon" hələ də "r/conspiracy" vasitəsilə "5G-nin koronavirus yaratması" barədə şayiələri paylaşır.
Və ən nəhayət...
5G şəbəkəsini paylaşan stansiya, yaxud qüllə daha yüksək tezlikdə, daha böyük intensivlikdə işləməyə başlayarsa, ətrafındakı nisbətən zəif 4G və 3G stansiyalar sıradan çıxacaq.
Amma nə "sirri-xuda"dırsa, "5G koronavirusun yayılmasında bilavasitə səbəbdir" tipli açıqlamalar paylaşan amerikalılar, britaniyalılar, fransızlar bunu məhz 3G və 4G standartlı rabitə ilə edirlər.
Halbuki o adamların yaşadıqları ərazilərdə 5G stansiyaları var və rabitə də işləyir.
5G 5-ci nəsil mobil rabitədir, COVİD-19 isə koronaviruslar sinfinə aid olan virusun törətdiyi kəskin respirator xəstəlikdir.
İmmunitetin zəifləməsinə gəldikdə isə, biologiya, virusologiya, infeksionizm və mikrobiologiya baxımından "5G-nin mənfi təsiri" tam əsassız iddiadır.
Çünki insan immunitetini normal yatmamaq, xroniki yorğunluq, qeyri-sağlam qidalanma kimi ən müxtəlif nəsnələr zəiflədə bilər - mobil rabitə qüllələrinin ionlaşdırmayan, zəif şüalanması yox.
Diqqətinizə görə təşəkkür edirəm.
Elçin Əlioğlu