Koronavirus adı artıq trendə, ölçü vahidinə, etalona çevrilməkdədir. O, həm brend marka, həm də reklam ünvanıdır.
İş yoldaşım kənddəki itlərinə Korona adı verildiyini söləyir. Dostum açdığı dükanı da eyni adla mükafatlanırıb. Deyir, əvvəlki adı yenisiylə əvəz edən kimi qara piar öz işini gördü. Alver birə-beş dirçəldi. Qonşu isə yeni doğulmuş körpəsinə sizcə nə adı versə yaxşıdır? CAVID.
Məntiq sadədir. Koronavirusun rəsmi adı olan COrona Virus Disease 2019-un abreviaturası COVİD-19 şəklində yazılır.
İnsanlar bu virusa məşğuliyyət, asudə vaxt növü kimi yanaşırlar: Artıq “Koronavurus” adlı interaktiv kompyuter oyunları, saç düzümü forması, tatular, döymələr və sair əyləncələr yaranıb. Yəqin ki, bu yaxınlarda başqa layihələr də olacaq:
Hansısa alim səmada kəşf etdiyi qalaktikaya bu adı verir. Məşhur yazıçının qələmə aldığı və bestsellərə çevrilmiş “Koronavirus” adlı trilogiyalar toplusu uğurla oxuculara təqdim edilir. Yaxud da Kventin Tarantinonun rejissorluğu ilə baş rollarını Bredd Pittin və Emi Adamsın ifa etdiyi “Koronavirus: axirət anı” filmi Oskar alır.
Bu arada, siqaret, spirtli içki istehsal edən şirkətlər də asan yolla tükənməz gəlir qazanmaq imkanını əldən buraxmırlar. Televiziyaya, mətbuata sızdırılan xəbərlərə görə, güya siqaret çəkən, araq içən insanların xəstəliyə yoluxma riski cüzidir.
Bəli, sivilizasiya inkişaf etdikcə faydalı kəşflər, avanqard ideyalar, gözlənilməz ixtiralar cəmiyyəti irəli apardıqca müxtəlif fəsadlar da baş verir. Meşələr qırılır, münbit ərazilər səhralara çevrilir, şirin su ehtiyatı tükənir, atmosfer çirklənir, resurslar şiddətlə məhə məruz qalır, planetin təbii ehtiyatları amansızlıqla istismar edilir.
19-cu əsrin sonuna qədər olan düşüncə tərzi Yer kürəsinin olduqca nəhəng olmasını, planetdə həyat üçün vacib resursların, faydalı qazıntıların daimiliyini güman edirdi. 20-ci əsrdə hər şey dəyişdi. Elm-texnikanın sürətli inkişafı, kosmosun fəthi, atomun kəşfi, sənayenin nəhəng sıçrayışı və qısa vaxt ərzində baş verən iki dünya müharibəsi əslində kiçik bir evdə yaşadığımızı, həyat sistemimizin kənar qıcığa oldquca həssas yanaşdığını, təhlükənin tam reallığını nümayiş etdirdi.
Dünyada insan sayı 10 milyardlıq həddə çatmaqdadır. Özü də artım tam sürətlə, qarşısıalınmaz vüsətlə davam edir. İndi inkişafın ən yüksək səviyyəyə çatdığını düşündüyümüz bir anda adi qrip virusu qarşısında acizik.
İşin tərz tərəfi odur ki, insan məxluqu virusa çox asanlıqla yoluxur. Adi təmas, toxunma, asqırma, öskürmə kifayətdir ki, gözlə görünməyən təhlükəli hissəciklər hava-damcı yolu ilə hər kəsi tapsın. Üstəgəl də, həqiqi təhlükə miqyasını tam açmağa imkan verməyən şayiələr, ajiotajlar, dedi-qodular, qorxu-həyəcan mühiti vəziyyəti bir az da gərginləşdirir.
Beləliklə, ÜST üst səviyyədə pandemiya təhlükəsi elan etdi. Bütün ölkələrdə kütləvi karantin tədbirləri keçirildi, maskalar taxıldı, dezinfektor cihazlar fısıltıyla dərman səpdi, respiratorlar, spirtlər, digər təmizləyici vasitələr alınıb-satıldı. Bakıda adi sarımsağın kiloqramı 15 manata qalxdı. Tədbirlər, konfranslar, simpoziumlar ləğv edildi, beynəlxalq idman yarışları boş tribunalar önündə keçirildi.
Görünən isə odur ki, başqa canlılar, balıqlar, suda-quruda yaşayanlar, məməlilər öz həyatlarını yaşayırlar. Virusun onlarla heç bir işi yoxdur. O yalnız insanlara təhlükə törədir. Çünki, planetdə insanlar qədər ziyankar, hər şeyi məhvə sürükləyən başqa bir varlıq mövcud deyildir. Başqa canlılar, bitkilər, mikroorqanizmlər, iri məməlilər, bir sözlə, insandan başqa hamı və hər kəs məlum bioloji sistemin, həyat zəncirinin inkişafı üçün vaz keçilməz halqa rolunu oynayır, fəqət insanlar bu sistemə yamaq kimi görünürlər.
Bəli, planet sanki onun qarşısındakı günahlarımıza görə bizdən qisas almağa çalşır. Xəbərdarlıq edir, barmaq silkələyir ki, bax özünüzü yaxşı aparın a, yoxsa bundan da betərini edərəm.
Vüsal Bağırlı