Bütün dünyanı sarsmış koronavirus və onunla bağlı görülən tədbirlər filosofların müzakirəsindən də yan keçə bilməzdi. Hazırda mübahisə əsasən italyan filosof Corcio Agamben (Giorgio Agamben) və onun bəyanatları ətrafında gedir. Əlavə olaraq, Slavoy Jijek də virus haqda tez-tez mediaya danışan filosofdur. Bəs filosoflara görə koronavirus insanlığa necə təsir edəcək və gələcək necə və hansı yönlərdən dəyişəcək?
1. Corcio Agamben
Agamben məşhur Homo Sacer: Sovereign Power and Bare Life (1995) və State of Exception (2005) kitablarının müəllifidir. Akademiyada çox məşhurdur və onun ideyaları tənqidi analizlər zamanı geniş istifadə olunur. Agambenin əsas hədəfi fövqəladə vəziyyət elan etmək hüququna malik olan dövlət və onun "lüt həyata" (yəni, heçnəsiz, hər şeyini itirmiş) saldığı insanlardır. Həmçinin Agamben Qədim Roma və Yunanıstan üzrə də çox dərin biliklərə malik araşdırmaçıdır. Bütün bunlar müasir kapitalist dövlətlərin biosiyasi mexanizmlərinə aiddir. Bu anlayışdan ilk dəfə (müasir mənada) Mişel Fuko yaradıcılığının son illərində istifadə edib.
Qısa olaraq biosiyasət modern dövlətlərin öz tabeçiliyində olan insanları əvvəl olduğu kimi öldürmək və ya bağışlamaqdan daha çox yaşamağa bir növ məcbur etməsi deməkdir. Belə olduqda, əhalinin produktivliyi təmin olunur və dövlət insanların sağlamlıq vəziyyətlərinə müdaxilə etmək haqqı qazanır (health policy). Məsələn, vaksinasiya, siqaret və narkotiklərlə bağlı siyasət biosiyasətin növləridir. Biosiyasətin və bioiqtidarın limiti isə genetik faşizmdir. Fuko bu mövzunu öz "Cəmiyyət qorunmalıdır" (Society Must Be Defended) mühazirələr seriyasında inkişaf elətdirib.
[caption id="attachment_85011" align="alignleft" width="1200"] Corcio Agamben[/caption]Bəs Fukonun davamçısı və biosiyasət nəzəriyyəçisi Agamben indiki vəziyyətlə bağlı nə deyir və niyə onun dedikləri qəzəb doğurur? Tezislər şəklində:
1) Koronavirusla bağlı tədbirlər həddini aşıb, o, göründüyü kimi təhlükəli deyil. Əvvəllər də viruslar olub, ancaq bu cür tədbirlər görülməyib.
2) Dövlət və media bilərəkdən paniya yayır. Bu panika bilərəkdən yaradılır ki, dövlətin atdığı addımlar legitimləşdirilsin.
3) Dövlətin azadlıqları almasından daha pis olan isə insanların bir-birinə yaxınlaşmasının qadağan edilməsidir. "Bizim yaxınımız ləğv edilib" deyən Agambenə görə, insanların arasında olan münasibətlərin bu hala gəlməsinin mənfi fəsadları çox güclü olacaq.
4) Nəhayət, bu cür mahiyyətcə avtoritar tədbirlərin görülməsi dövlətin fövqəladə vəziyyət yaratmasını adiləşdirir.
Agambenin fikrincə, indiki halda insanların həyatları tam bioloji həddə çatdırılıb. Bizim siyasi, sosial və hətta insani və emosional varlığımız ləğv edilib.
2. Nansinin cavabı
Fransız filosof Jan Lük Nansi (Jean-Luc Nancy) Corcio Agambendən az məşhur deyil. Hətta akademiyada adları tez-tez yanaşı çəkilir. Nansinin əsas mövzusu “bir yerdə yaşamaqdır” (co-existance). 1991-ci ildə o, əməliyyat keçirərək transplant ürək daşıyıcısı olub. Bununla bağlı "Corpus" adlı əsər də yazıb.
Post-strukturalist ənənəyə aid olan həm Nansi, həm Agambeni maraqlandıran mövzular bədən, iqtidar, birgə yaşayış kimi məsələlərdir. Nansinin ən son kitabı Seksual münasibətlər adlanır. O, kitabda seksuallığın nə qədər geniş olduğunu izah edir. Seksuallığı Nansi fizioloji seks kimi başa düşmür, onun üçün seksuallıq “Özgəsinə xoş hisslər bəxş etməkdir”, yəni dostluq, yaxşılıq etmək və s. də ona görə seksuallıqdır (intimlikdir) - fizioloji məna ilə o, bu sözü çərçivəyə salmır. Başqa sözlə, seksuallıq "içəridən kənara çıxandır".
Bəs Nansi Agambenə necə cavab verib? Nansi cavabında deyib ki, “mənim köhnə dostum Agamben iddia edir ki, koronavirus adi qrip kimidir. Amma o unudub ki, koronavirusun dərmanı tapılmayıb”.
“Corcio iddia edir ki, dövlət hər cür bəhanələrdən istifadə edib, fövqəladə vəziyyət elan edir... Hazırda bütün sivilizasiya təhlükə altındadır. İndiki halda iqtidar cəllada oxşaya bilər, ancaq bütün günahı onun üzərinə atmaq da hədəfdən yayınmaq demək olar”.
“Corcionun köhnə dostum olduğunu qeyd etmişdim. Şəxsi xatirələrə qayıtdığım üçün üzr istəyirəm... 30 il əvvəl həkimlər demişdilər ki, mənim ürək transplantasiyasına ehtiyacım var. Corcio bunu etməməyi məsələhət görən azlıqdan idi. Əgər mən onun məsələhətini dinləsəydim, çox güman ki, indi həyatda deyildim. Bəli, hər kəs səhv edə bilər. Ancaq Corcio o qədər təmiz qəlbli və yaxşı insandır ki, onu heç bir ironiyasız “müstəsna insan” kimi təsvir etmək olar”. (burada Nansi söz oyunundan istifadə edir: exceptional - state of exception - müstəsna vəziyyət).
3. Demokratik biosiyasət
Corcio Agambenin mövqeyinə qarşı çıxanlardan biri də yunan siyasi nəzəriyyəçi Panagiotis Sotiris oldu. O, alternativ biosiyasətin vacibliyi haqda yazdı. Sotirisə görə, biosiyasət özü-özlüyündə avtoritar və demokratik formalar ala bilər və heç də hər zaman Agamben dediyi kimi repressiv deyil.
Sotiris təklif edir ki, izolyasiya zamanında biz biosiyasətin demorkatik və insanların sağlamlığının qeydinə qalan forması haqda düşünməliyik. Onun sözlərinə görə, bu formada biosiyasət və sağlamlıq siyasəti avtoritar dövlət apparatının əlində yox, kollektiv nəzarətə verilir. Fukonun ömrünün sonlarına yaxın yazdığı mətnlərə istinad edərək Sotiris iddia edir ki, bu cür siyasət həm invidiual, həm kollektiv qayğını özündə içərməlidir (an alternative politics of bios that combines individual and collective care in non coercive ways).
Bu cür biosiyasət kollektiv həmrəyliyi və demokratik aktivizmi birləşdirməlidir və "aşağılardan" gəlməlidir. Belə olduqda, sosial aktiv qruplar dövlət apparatından özəl sektordan resursları çıxarıb sosial tələblər üçün istifadə etməsini tələb edə bilərlər. Başqa sözlə, kollektiv nəzarətin güclü olduğu biosiyasəti Sotiris demokratik biosiyasət adlandırır və biosiyasətin istənilən halda vacibliyini vurğulayır.
4. Slavoj Jijek. Həmrəylik üçün və bazara qarşı.
Koronavirusla bağlı ən çox yazı yazan filosof Slavoj Jijek hesab edilə bilər. Ancaq onun populyar mediaya və ciddi fəlsəfi platformalara yazdıqları ayırd edilməlidir. Jijekin son “İnsan üzlü barbarlıq bizim taleyimizdir?” adlı yazısına əsaslanaraq, mövzu ilə bağlı yazdıqları bir neçə tezis şəklində təqdim etmək olar:
[caption id="attachment_85012" align="alignleft" width="2500"] Slavoj Jijek[/caption]1) Biz son dövrlərdə heç kəsin ağlına gəlməyən vəziyyətdəyik. Baş verən karantin rejiminin bütün dünya üçün əhəmiyyəti həddən artıq böyük olacaq. Hətta insanlığın çoxu sağ çıxsa belə, bizi iqtisadi krizis gözləyir.
2) Biz barbarlığa doğru gedirik. İnsanların bir-birini öldürdüyü vəhşiliyə yox, insan üzlü barbarlığa. Jijekin sözlərinə görə, artıq siyasi liderlər də optimist çıxışlar etmirlər, virusun bir neçə il davam edəcəyinə işarə edirlər. Bu o demək olacaq ki, yaşlı və xəstə insanların ölümü normallaşdırılacaq. Yəni ki, insanlığın əsas sosial etikası - yaxınının qeydinə qalmaq - ləğv ediləcək. Jijekin sözlərinə görə, o, bu məsələdə realistdir - əgər həqiqətən də çarə yoxdursa, yoluxmuş yaşlı adamlar üçün ölümü rahat və ağrısız etmək lazımdır.
3) Jijek də Agambeni tənqid edir. Agamben vurğulayır ki, insanlar elə vəziyyətə düşüblər ki, onlar ancaq öz lüt həyatlarını (bare life) xilas etmək istəyirlər, buna görə də hər şeylərini qurban verməyə hazırdırlar. Jijek isə əksini iddia edərək deyir ki, fiziki distansiya özlüyündə həm də həmrəylik və özgəsinə hörmət mənasını daşıyır. "Mənim övladlarım bu günlərdə mənə yaxın durmurlar, çünki onlar üçün keçici ola biləcək xəstəlik mənim üçün ölümcül ola bilər".
4) Virusla mübarizədə mütləq ekoloji məsələləri diqqətə almalıyıq. Ekoloji müsibət insanlıq üçün koronavirusdan da betər ola bilər. Media hər şeyi individual cavabdehlik səviyyəsinə salda da, biz daha qlobal düşünməliyik və bu düşüncədə təbiətin yanında olmalıyıq.
5) Biz üçlü krizis vəziyyətindəyik: səhiyyə, iqtisadi, psixi. Buna görə də biz bazar iqtisadiyyatına söykənən düşüncədən qurtulmalıyıq. Hökumətlər biznesə yox, insanlara xidmət etməlidir. Virus haqda daha əvvəl yazdığı yazılarda Jijek kommunizmin gələcəyini açıqlayırdı və buna görə gülüş hədəfinə çevrilmişdi. Son yazdığı yazıda isə buna açıqlama gətirərək, deyir:
“Mən iki həftə əvvəl "kommunizm" sözünü işlətdiyim üçün, gülüş obyektinə çevrilmişdim, ancaq indi başlıq çıxır ki, "Tramp özəl sektoru nəzarətə götürməyi təklif edir". Bir həftə əvvəl biz bunu təsəvvür edə bilməzdik. Bu yalnız başlanğıcdır, daha sonra yeni tədbirlərin görülməsinə ehtiyac olacaq, bundan əlavə dövlət səhiyyə sistemi həddən artıq güc altına düşsə, yerli özünüidarəetməyə ehtiyac olacaq... Bu kommunist utopiyası deyil, bu, xilas olmaq üçün görülməsi vacib olan tədbirlərin kommunizmidir”.
5. 30 intellektual
Politico jurnalı 30 mütəxəssisdən koronavirusun təsiri haqda soruşub. Cavablara görə, koronavirusun effektləri bizə bunları verəcək (bizim üçün aktual olanlar)
1) Şəxsi münasibət təhlükəli hesab ediləcək. Online-laşma.
2) Yeni növ vətənpərvərlik - həmrəylik.
3) Ortaq düşmənə qarşı (virus) ölkələrin bir yerdə iş görməsi.
4) Ciddi ekspertlərə inamın qayıtması.
5) Daha az individualizm, daha çox kollektiv məsuliyyət.
6) Dini ayinlərin formasının dəyişməsi.
7) Yeni reformlar, xüsusən də səhiyyə sektorunda.
8) Online rejimə keçidə qarşı qoyulan baryerlərin düşməsi.
9) Virtuallaşan həyatın həm də sağlamlaşması.
10) Virtual reallığın ekspansiyası.
11) Virtual səhiyyənin inkişafı.
12) Ailəyə yönələcək səhiyyə sistemi.
13) Hökümətlərin səyiyyə sektoru ilə birbaşa bağlı olması.
14) Elmin publik diskursda rolunun kəskin dərəcədə artması.
15) Dövlət əhəmiyyətli görüşlərinin viruallaşması.
16) Dövlətin yenidən böyüməsi, görünən olması və vətəndaşlara xidmət etməsi.
17) Reyqan dövrünə aid "dövlət - pisdir" xülyasının aktuallığını itirməsi, dövlət işinin hörmətə minməsi.
18) Yeni kollektiv və üsyankar hərəkatların yaranması.
19) Səsvermə prosesinin online-a keçidi.
20) Səsvermə bir gün yox, bir ay boyu keçiriləcək.
21) Konsyumerizmin azalması.
22) Parkların və park gəzintisi mədəniyyətinin yenidən aktuallaşması.
23) "Vərdiş et, işini gör" məntiqinin (Cordan Peterson) aktuallığını itirməsi. Vərdişlərsiz həyat tərzi.
Bəhruz Səmədov