Nə vaxtsa, yalana xidmətiniz oldusa, deməli, özünüzü virus yaymış kimi hiss edə bilərsiniz.
Bokkaççonun "Dekameron"undakı dövrü bilirsiniz. O zaman da İtaliyada yoluxucu xəstəlik tüğyan edirdi. Bir qrup gənc şəhərdən baş götürüb, uzaq bir məkanda özlərini qapadılar və xilas olmaq üçün fürsət qazanmağa çalışdılar. Günlərinin yaxşı keçməsi üçün yollar arayarkən, hekayələr danışmağa başladılar. İlk hekayə insanlığın bütün bəlalarını izah edəcək qədər mənalı və düşündürücüdür. Nədir bu hekayə?
Səhv etmirəmsə, Fransada bir notarius vardı. Məhkəmələrdə yalandan üzə duran, şər atan, ara vuran, istənilən pisliyə, əxlaqsızlığa gedən biri idi. Onun haqqında deyirdilər ki, Tanrını da aldadar.
Bir gün Çapelli adlı bu adam tanışı olan iki qardaşın evinə gəldi və burada çox pis xəstələndi. Qardaşlar o biri otaqda pıçıldaşırdı ki, bu adam onların evində ölsə, camaatın qəzəbinə tuş gələcəklər. Çapelli bu danışığı eşitdi və qardaşlara dedi ki, narahat olmasınlar, görsünlər nələr olacaq. Xahiş etdi ki, günahlarını etiraf etməsi üçün kilsədən bir rahib çağırsınlar.
Görünür, uzaq bir kilsədən rahib gəldi və Çapelli gözəl və yaxşı işlərini danışıb, nə vaxtsa kiməsə borc verməyə bir gün gecikdiyini, bilmədən yerə tüpürdüyünü, uşaq olanda anasına sərt cavab qaytardığını və s. bu kimi xırda əməllərini ağlaya-ağlaya danışdı. Yalvardı ki, Tanrı onu bağışlasın. Rahib şokda idi. Ölüm ayağında mənasız günahlara görə ağlayan və bu qədər yaxşı əməllər edən adama heyran oldu. Ən pis adam Çapelli onu elə aldatdı ki, rahib kilsədəkiləri inandırdı və mərhumu kilsənin həyətində mərmər altında dəfn etdilər. Bir müddət sonra isə adamlar ora “müqəddəs adamı” - Capellini ziyarətə gəlirdilər.
Bu hekayəni bir dəfə xəstəxanada bir həkimə və tibb bacısına danışmışdım. Qan analizi vermişdim və tibb bacısına demişdim ki, qanı yığdığı şüşəni göstərsin – görüm mənimmi adım yazılıb üstündə. Niyəsini soruşdu. Səhv salacaqlarından ehtiyat etdiyimi dedim. Qızım yaşda olan tibbi bacısı abırımı bükdü ki, nə qaraniyyətli və bədgüman adamam mən, hər şeyə şübhə edirəm. Hətta qışqırdı mənə.
Sakitcə dayandım, həmin hekayəni danışıb, yalanların həyatı necə güvənsiz edə biləcəyini, nələrə qadir olduğunu izah edib, mənim onlara şübhə etməyə haqqımın olduğunu dedim.
İndi niyə danışıram bunu?
“Dünya yaşamaq üçün çox güvənsiz hala gəldi” kəlmələrini tez-tez eşitdiyimiz bir dövrə gəlmişik. İndi rəsmilər, hətta Dünya Sağlıq Təşkilatı təmsilçiləri çıxışlarında bu iddianı irəli sürməkdən çəkinmir.
Sərhədlər bağlanır, şəhərlər qapanır, ziyafətlərə son verilir, yarışlar keçirilmir. Məktəbi məbəddən öndə qoyduğumuz dövrə son verdik. Məktəbi də, məbədi də bağladıq. Ən bahalı maşından cüt-cüt alanlar tibbi maska tapa bilmədiklərindən şikayətləndi.
Virusdan qorunmaq qarşısında hər şey öz önəmini geri çəkdi. Hər şey dəyərini dəyişir. Hər sual ağıla gəldi, məsələn, “virusdan mübarizə demokratiyadan öncədir” kəlməsini eşitdim. AzTV xaricdəki soydaşlarımıza “gəlib səhiyyəmizə yük olmasınlar” dedi.
Sanki başqa hər şey ikinci dərəcəli oldu? Olmalıdırmı?
Dünyada ən böyük virus, ən qorxulu infeksiya yalandır. "Dekameron"da infeksiyadan gizlənən gənclərin – elə bir ağır zamanda - yalanın dəhşətindən heyrətlənməsi boşuna deyildi. Onlar hətta bizim yaşadığımızdan daha ağır zamanda hiss edirdilər ki, yalan qədər dünyanı güvənsiz edən bir şey yoxdur. Onlar ölümcül xəstəlik olmadan da dünyanın nə qədər güvənsiz yer olduğunu qəbul edirdilər. Çünki yalan vardı. Yalan ən alçaq adamı müqəddəslik moduna gətirmişdi.
Ən sadə qənaət budur ki, yalan virusdan qorunmağı da minimuma endirir. Heç bunu da demək istəmirdim. Bunu hamı bilir indi.
Baxın, ola bilsin, heç demokratiya söhbətinin məqamı da deyil. Məqsədim də o deyil, amma nə vaxtsa yalana xidmətiniz oldusa, deməli, özünüzü virus yaymış kimi hiss edə bilərsiniz. Bəli, məhz elə. Və gec-tez yalanların təsirini ən aza endirən o qərib demokratiya sözünün dəyərini biləcəksiniz. Həyata daha çox güvənmək üçün!
Şahvələd Çobanoğlu