Bir neçə gün əvvəl Çinin Uhan da daxil olmaqla 6 şəhərində fövqəladə vəziyyət ləğv edildi. Bir neçə gündən sonra karantin rejiminin də ləğv ediləcəyi gözlənilir. Bu, dünya iqtisadiyyatında son dönəmdə baş verən sarsıntılar fonunda kiçicik də olsa ümid ola bilərdi.
Lakin digər tərəfdən çox pis məlumatlar gəlməkdədir. Böyük beşlik - İtaliya, İspaniya, Fransa, İngiltərə və Almaniya - daxil olmaqla Avropa İttifaqında və ABŞ-da pandemiyanın güclənməsi, zəncirvari şəkildə bir-birinə bağlı olan iqtisadi güclərin hamısını seytnot vəziyyətinə salmaqdadır. Üstəlik, Çinin informasiya baxımından etibarlı ölkə hesab olunmaması, spekulyasiyalara olduqca həssas olan fond birjalarında optimizm üçün heç bir əsas qoymur. Çinin istehsalının qismən bərpa olunması ilə birjalarda neftin qiymətinin qısamüddətli perspektivdə qalxması mümkündür, lakin yaxın aylarda dünya fond birjalarında müsbətə doğru ciddi dəyişikliklər gözlənilmir.
Belə bir şəraitdə, dünya fond birjalarında yaşanan çöküşün, iqtisadiyyatı böyük ölçüdə neftdən asılı olan Azərbaycanda yarada biləcəyi təsirlər dağıdıcı və proqnozlaşdırılmayan ola bilər. Üstəlik, koronavirus səbəbilə yaxın vaxtlarda karantin rejiminin sərtləşəcəyi və məhdudiyyətlərin güclənəcəyi real görünür. Və ən pisi budur ki, hökümətin insanları qorumaq üçün məcburi şəkildə tətbiq etməli olduğu sərt qadağalar, rəsmi iş yeri və stabil qazancı olmayan milyonlarla insan üçün faktiki aclıq anlamına gələcək.
Belə bir şəraitdə, hökümət təcili olaraq addımlar atmalıdır. Prezidentin ayırdığı 1 milyard manat, eləcə də müxtəlif özəl və dövlət təşkilatlarının etdiyi ianələrlə formalaşan fond sonu bilinməyən prosesdə xüsusilə, əhalinin sosial cəhətdən zəif təbəqəsini bir neçə ay davam edə biləcək böhran zamanı dəstəkləmək üçün heç uzaqdan-uzağa da yetərli deyil. Dövlətin sərəncamında olan məbləği, hətta nisbətlə belə olsa digər ölkələrin koronavirusla mübarizə və iqtisadi itkilərdən iqtisadiyyatı müdafiə etmək üçün ayırdıqları məbləğlərlə müqayisə etsək Azərbaycanın necə çətin bir durumda olduğunu anlaya bilərik.
Valyuta ehtiyyatlarının sürətlə əridiyi və valyuta daxilolmaları proqnozlarının ən azı iki dəfə azaldığı şəraitdə, üstəlik, dünyada baş verən iqtisadi böhran da nəzərə alınarsa, qarşıda bizi çətin sınaqların gözlədiyini dərk edə bilərik.
Baş verən hadisələrlə bağlı dəyərli iqtisadçılarımız ciddi və sanballı analizlər ediblər, lakin əksər yazılarda müşahidəçi mövqeyi ilə baş verənlərin proqnozlaşdırılması xətti hiss olunur. Mən bu yazıda bu cür xətdən qaçmağa çalışacam.
'Standard&Poor', 'Moody’S' kimi nüfuzlu agentliklərin, 'Goldman&Sachs', 'Citygroup', 'J.P.Morgan' kimi maliyyə qurumlarının, FED, Aİ və Yaponiya mərkəzi banklarının proqnoz hesabatları ictimaiyyət üçün açıqdır, bizim edə biləcəyimizdən qat-qat ciddi və peşəkar texniki analizləri bu mənbələrdən əldə edə bilərsiniz. Qısaca onu qeyd etmək olar ki, bütün ciddi maliyyə qurumları və hökümətlər yaxın bir neçə ayda dünya iqtisadiyyatında ikirəqəmli kiçilmə və ciddi böhran gözləyirlər.
Əmək müqavilələri və daimi iş yerləri olmayan, günəmuzd işləyən milyonlarla soydaşımızın, eləcə də kiçik və orta biznesin taleyi texniki analizdən daha önəmlidir. Biz isə burda olduqca ağır vəziyyətin şahidiyik. İstisna deyil ki, yaxın günlərdə hökümət virus səbəbilə fövqəladə vəziyyət rejimi tətbiq etsin. Və əgər bu baş verəcəksə, o zaman ən azı 3 milyon insan ac qalmaq təhlükəsi ilə qarşı-qarşıya qalacaq.
Prezidentin ayırdığı 1 milyard manatın tibbi xərcləri çıxmaq şərtilə yerdə qalan hissəsinin tamamı insanların sosial müdafiəsinə ayrılsa belə bu məbləğ ən yaxşı halda 1 ay kifayət edə bilər. Pandemiyanın və qlobal iqtisadiyyatda böhranın isə nə qədər davam edəcəyi sual altındadır. Ən optimist proqnozlar belə iyun ayına qədər koronavirus epidemiyası ilə mübarizədə ciddi müsbət dəyişikliyin olmayacağı istiqamətindədir. İqtisadi proqnozlar isə daha da bədbindir.
Üstəlik əhalinin və ölkədə fəaliyyət göstərən müəssisələrin mütləq əksəriyyətinin banklara kredit borcları var. Və bu borcların ödəniş qabiliyyətinin itməsi bankların fəaliyyətində ardınca zəncirvari şəkildə maliyyə böhranına səbəb olacaq. Buna görə də hökümət eyni zamanda həm əhalinin sosial müdafiəsi zəif olan hissəsini, həm də biznesi dəstəkləməlidir. Bunu etmək üçün hökümətin əlindəki maliyyə resursları olduqca azdır və birmənalı şəkildə demək mümkündür ki, iqtisadi çöküşün qarşısını almağa kifayət etməyəcək.
Məşhur sual: Nə etməli?
Belə olan halda, hökümətin qarşısında çox az seçim var: beynəlxalq maliyyə institutlarından dəstək istəmək, bank və biznes sektorunu qurban verib kasıb təbəqənin minimum tələbatlarının qarşılanması, valyuta rezervlərindən istifadə və devalvasiya.
Birinci bənddən başlayaq. Hökümətin indiki halda beynəlxalq maliyyə institutlarından yardım istəməsi əslində ən uyğun və məntiqli addımdır. Lakin siyasi səbəblərdən və hakimiyyətin öhdəlik götürməyə meyilli olmamasından dolayı bunu edəcəyi çox da inandırıcı deyil. Üstəlik, alınan hər yeni borc valyuta gəlirlərinin onsuz da azaldığı şəraitdə perspektivdə ölkənin ödənməsi çox çətin olacaq olduqca ağır yükün altına girməsi anlamına gələcək.
İkinci bənd, ümumiyyətlə intihar anlamına gəlir. Hökümətin heç bir halda 3 milyon vətəndaşın ac qalması variantına getməyəcəyi aydındır, lakin bu, sərəncamdakı maliyyənin ancaq bu istiqamətə xərclənməsi demək olacaq. İndiki ağır şəraitdə xüsusilə orta və xırda biznes mütləq dəstəklənməlidir. Bank sektorunun dəstəksiz qalması da xüsusilə əhalinin və biznes qurumlarının kredit ödənişlərindən gələn daxilolmalardan gəlirlərinin kəskin azala biləcəyini nəzərə alsaq uzunmüddətli perspektivdə ağır nəticələrə səbəb olacaq.
Üçüncü bəndlə bağlı, əsas onu bilmək mütləqdir ki, Neft Fondunun və Mərkəzi Bankın birlikdə nə qədər likvid aktivi və valyuta ehtiyyatı var, bunun hansı hissəsini xərcləməyə hazırdırlar. Üstəlik, strateji valyuta ehtiyyatlarının manata güclü pressinqin olması səbəbindən əridiyi dövrdə xərclənməsi heç də məntiqli qərar olmaz.
Və nəhayət 4-cü bənd. Keçən yazımda dünya birjalarında tendensiya müsbətə doğru dəyişməzsə, hökümətin may ayında devalvasiyaya gedə biləcəyini yazmışdım. Lakin durum sürətlə dəyişməkdədir. Yuxarıda qeyd etdiyim bütün faktorları nəzərdə alsaq, hökümətin hal-hazırda, xaricdən kredit almadan həm əhalinin kasıb təbəqəsini böhran dövründə tam dəstəkləməsinin, həm kiçik və orta biznesi, eləcə də maliyyə sektorunu xilas etməsinin yeganə məntiqli yolu bir an əvvəl devalvasiyaya getməkdir.
Manatın məzənnəsinin inzibati yollarla saxlanılmasından imtina etmək və məzənnənin bazar tərəfindən formalaşdırılmasını təmin etmək formasında. Devalvasiya paralel olaraq bazara əlavə manat kütləsinin çıxarılması, gömrük sərtliyinin yumşaldılması, qara dövriyyənin real iqtisadiyyata cəlb olunması və ən əsası elastikliyi artan büdcəyə sosial təminat və bizneslə bağlı əlavə dəstək verilməsi proseslərinin müşayiəti ilə baş verməlidir. Çünki hal-hazırda qüsurlu dairə yaranıb və indiki maliyyə imkanları şəraitində bu dairədən çıxmaq mümkünsüz görünür. Qısamüddətli dalğada iqtisadiyyatda şok yaşana bilər, lakin ümumilikdə iqtisadiyyatı sağlamlaşdırmaq, eləcə də kasıb əhalini xırda və orta biznesi böhran dövründə tam şəkildə dəstəkləməyin yeganə ağlabatan yolu məhz indi devalvasiyaya getməkdir. Digər bütün tədbirlər ən yaxşı halda orta və uzun müddətli perspektivdə faydalı ola bilər.
Devalvasiyanın yaratdığı maliyyə imkanları əhalinin sosial müdafiə baxımılndan zəif olan təbəqələrinin kiçik və orta biznesin möhkəm şəkildə dəstəklənməsinə xərclənməlidir. Bunun ardınca spekulyasiya və panikaya yol verməmək üçün bazarın bütün valyuta tələbatı tam şəkildə ödənilməlidir.
Lakin bu proses Elman Rüstəmovun 360’-lik tənzimlənən - üzən - qismən tənzimlənən - tənzimlənən məzənnə başaldatması fonunda davam edəcəksə, iqtisadiyyat neftdən və dünya birjalarındakı silkələnmələrdən asılı halda qalmağa davam edəcək. Mərkəzi Bank təkcə bu proses zamanı deyil, prosesdən sonra da birmənalı şəkildə valyuta məzənnəsinə inzibati müdaxilədən tam imtina etməlidir.
Aydındır ki, hakimiyyət baş verəcək devalvasiyanın ölkədə sosial gərginliyə səbəb olacağından ehtiyatlanır, buna görə də manatın məzənnəsini inzibati resurslarla bir müddət saxlamaq fikrindədir. Lakin bu, zərərli, gələcəkdə sosial kataklizmlərə səbəb olacaq yanaşmadır. Bunun əvəzində hakimiyyət cəmiyyətlə açıq danışmalıdır, problem və onun həll yolları aydın şəkildə izah olunmalıdır. Cəmiyyətin qəbul olunan qərarları yetkinliklə qarşılaması üçün hakimiyyət ölkə daxilində qarşıdurma, nifrət və ayrıseçkilik yaratmaq siyasətindən əl çəkməlidir, ölkəmizin sosial kataklizmlərdən qorunması üçün vətəndaş cəmiyyətinin üzərindəki bütün qadağalar ləğv edilməlidir, Tofiq Yaqublu başda olmaqla həbsxanalarda epidemiyaya yoluxmaq təhlükəsi ilə üz-üzə olan siyasi məhbuslar azadlığa buraxılmalıdır, bizi gözləyən problemlərlə bağlı cəmiyyətin ən geniş spektrini əhatə edən müzakirələr aparılmalı və milli barışıq hədəfləyən siyasi iradə ortaya qoyulmalıdır.
Bunlar olmayacaqsa, bizi ölkə olaraq, irəlidə çox axır günlər gözləyir.
İlkin Rüstəmzadə