Tiflisdə, filarmoniyanın yaxınlığında yerləşən Vera parkında may ayının axırında açılıb oktyabr ayının ortalarında bağlanan adsız kafe var. Bir neçə ildir yay aylarında həftədə üç-dörd dəfə adsız kafedə yemək yeyirəm. Kafedə ancaq qadınlar işləyir. Mehriban qadınlardır. Adımı, nəylə məşğul olduğumu bilməsələr də, bəndənizi sifətdən tanıyırlar. Sağ olsunlar, kifayət qədər də hörmətlə yanaşırlar. Kafenin işçilərinin qış aylarında nəylə məşğul olduqları mənə maraqlı idi. Bir dəfə ofisiantdan soruşdum:
- Bəs qışda nə edirsiniz?
- Evdə otururuq.
Adsız kafenin ətrafında həmişə küçə itləri və sahibsiz pişiklər olur. Həm kafedə işləyənlər, həm də kafenin müştəriləri heyvanlara qarşı mehribanlıq göstərirlər. Heyvanların üstünə qışqırmırlar, söymürlər, qovmurlar, hətta bacardıqları qədər yemləyirlər. İnsafən heyvanlar da sırtıqlıq eləmirlər. Özlərini çox mədəni aparırlar. Bir may günü səhər on radələrində kafedə oturmuşdum. Kofe, sosiska, tərəvəz salatı, iki yüz əlli qram araq sifariş vermişdim. Kafedə məndən savayı müştəri yox idi. Yeyə-yeyə kitab oxuyurdum. Hava da gözəl idi. Arabir əsən meh yarpaqları qımıldadırdı. Bu vaxt günəş şüaları fürsət gözləyirmiş kimi yarpaqların arasına soxulurdu. Yumşaq xışıltıyla yarpaqlar günəş şüalarında üzür, oynaşır, şüalar xırda-xırda olub torpağa tökülür, adamın qəlbini ovudur, qarışıq duyğularını, fikirlərini nizama salaraq sakitləşdirirdi. Kafeyə əlində kardon qutu olan bir çinli qız girdi. “Xeyri yoxdu, heç nə alan deyiləm” – öz-özümə düşündüm. Qız qutudakı şeylərin hamısını mənə göstərmək istəyirdi. Məhsulları bir-birinin ardınca masanın üstünə düzürdü. Balaca qayçılar, bıçaqlar, əl fənərləri, yapışqanlı lent, müxtəlif ölçülü batareyalar, dırnaqtutanlar...
Nəsə ala da bilərdim, almaya da. Qız çox sadəliklə hərəkət edirdi. Görünür zavallı çox istəyirdi ki, bir neçə quruş qazansın. Ehtiyacım olmasa da göy rəngli yapışqanlı lent aldım. Çinli qız getdikdən sonra xeyli yapışqanlı lentə baxdım. Baxdıqca uşaqlıqda gördüyüm məişət cihazlarını xatırlayırdım. Arxamda canlı hiss etdim. Çevrilib baxanda ağlı-qaralı bir pişiyin sakitcə dayandığını gördüm. Sosiskadan bir az kəsib pişiyə atdım. O, əvvəlcə sosiskanı yeməyə tərəddüd etdi. Sonra fikrini dəyişdi. Ehtiyatla sosiska parçasına yaxınlaşdı və tələsmədən yeməyə başladı. Bu zaman səhər ertədən yeraltı keçiddə oxuduğum bir elanı xatırladım. Divara çoxlu elan vurulmuşdu. Elanların çoxu gürcü dilində yazılmışdı. Bəziləri də ingilis dilində idi. Bir elan isə rus dilində yazılmışdı. Elanın rus dilində yazılması diqqətimi cəlb etdi. Çünki bu hadisənin baş verdiyi günlərdə Tiflisdə rus dilində yazılmış elana nadir hallarda rast gəlinirdi. Elanda yazılmışdı ki, ağlı-qaralı bir pişik itib. Pişiyi tapana otuz lari mükafat veriləcək. Elanın altında telefon nömrəsi yazılmışdı. Elan sahibinin əlacsızlığını, tənhalığını və kasıbçılığını mətndən, mükafatın az olmasından hiss etdim. Rus dilində yazılmasından başa düşdüm ki, elanın sahibi yaşlı adamdır və indi çox şübhəsiz pişiyinin itdiyinə görə böyük əziyyət çəkməkdədir.
Adsız kafedə sosiskayla yemlədiyim ağrı-qaralı pişiyin elanda axtarılan pişik olmadığını dəqiq bilirdim. Buna baxmayaraq, qarşısıalınmaz bir qüvvə, ola bilsin macərapərəstliyim, ya da havanın xoş və sakit olması, bəlkə də darıxmağım, günü maraqlı keçirmək istəyim məni qəribə addım atmağa vadar etdi. Həmişə yanımda olan qara rəngli brezent çantamın ağzını açıb hazır vəziyyətə gətirdim. Pişiyə bir dənə də sosiska parçası atdım. Bu dəfə lap yaxına. Pişik artıq tərəddüd etmirdi. Bir növ aramızda etibar yaranmışdı. Ətrafa baxdım. Sakitçilik idi. Ofisiant da görünmürdü. Kafenin dəmir mətbəxinin içindən qadınların səsləri gəlirdi. Qadınlar orda nəsə ciddi söhbət edirdilər. Əlverişli şərait yaranmışdı. Pişiyin başı sosiska yeməyə qarışanda bir anda onun boynundan tutdum və çantamın içinə atıb, çantanın ağzını bağladım. Pişik çantada səs-küy salmadı. Heç tərpənmədi də. Hesabı ödəyib, ofisianta da yaxşı çaypulu qoyub adsız kafeni tərk etdim. Səhər tezdən elanı oxuduğum keçidə tərəf addımladım. Telefon nömrəsini götürməli idim.
Gedib elanı yerində görməyəcəyimdən qorxurdum. Bəzən süpürgəçilər divarlara yapışdırılmış elanları qoparırlar. Elan yerində idi, qoparılmamışdı. Elanın yaxınlığında tərəzi var idi. İki qəşəng qız bir qoca kişini tərəzinin üstünə çıxartmışdılar. Kişinin başı bintlə sarınmışdı. Qan sarğının altından sızıb üzə çıxmışdı. Qızlar kişinin qollarından tutmuşdular. Kim idi bu qızlar? Qoca kişini niyə çıxarıblar tərəzinin üstünə? Onlar nə istəyirdilər? Bu haqda düşünərkən bir dəstə adam əllərində ikona keçiddən keçdilər. Qəribə gün idi. Tanıyanlar bilirlər ki, həmişə intellektual pafosdan uzaq olmuşam. Tam səmimi deyirəm, əllərində ikona tutmuş adamlar keçiddən keçərkən Fellininin filmlərini xatırladım.
***
Çərçivəyə salınmış şəkilə baxıram. Şəkildə qara saçlı, qara qaşlı, qara gözlü bir gənc gülümsəyir. Üzündə xoşbəxtlik, enerji, nikbinlik ifadəsi var. İndi bu gənc qoca, üzü qırışmış, saçları ağarmış bir adama çevrilib. Biz necə də dəyişirik! İstər tanıdığım adamın olsun, istərsə də tanımadığımın, köhnə şəkillər həmişə məni kədərləndirir. Deyəsən cavanlıq şəklini hər gün görmək bu adamı kədərləndirmir. Yəqin öyrəşib.
- Burda neçə yaşınız var?
- İyirmi yeddi. Leninqradda çəkilib. Qastrola getmişdik.
- Cavanlıqda yaraşıqlı olmusunuz.
- Hə. Onda mən tamam başqa adam idim . Həm də, sözün düzü, mən şəkildə yaxşı düşürəm.
- Bu şəkili çəkdirəndə tanınırdınız?
- Artıq tanınmağa başlamışdım. Sonra işlər bir az dolaşığa düşdü. Çox şey ürəyimcə olmadı.
- Üzr istəyirəm, bəxtiniz gətirmədi?
- Bəxtlik bir şey yoxdu. Mən həmişə sözümü deyən adam olmuşam. Ona görə də mənə həmişə mane olublar. Nəsə, olan olub, keçən keçib. Kim necə istəyirsə, elə də yaşayır.
- Vaxt tez keçir?
- Vaxt tez keçir deyəndə... Məsələ belədir, cavan olanda adam heç cür qocalığını təsəvvür edə bilmir. Adama elə gəlir ki, heç vaxt qoca olmayacaq.
- Xahiş edirəm, bir az cavanlıq və qocalıq haqqında danışın. Mənə maraqlıdır.
- Gənclikdə adama dünya darısqal gəlir. Qocalırsan dünya genişliyində qalır, insan isə balacalaşır. Mən bu şəkili çəkdirəndə heç cürə təsəvvür edə bilməzdim ki, saçım ağaracaq, üzüm qırışacaq. Ta başqa şeyləri demirəm. Ayıbdır.
- Aydındı.
İkimiz də güldük.
Köhnə divan. Rəflərinə müxtəlif suvenirlər düzülmüş şkaf. Üstündə qəzetlər, jurnallar qalaqlanmış stol. Dəfələrlə təmir olunmuş, ilkin görünüşünü, ilkin formasını çoxdan itirmiş iki stul. Divarlara festivallarda alınmış diplomlar, müxtəlif ölkələrin kiçik ölçülü bayraqları vurulub. Elanın sahibi cavanlıqda rəqqas olub. Adı Nodardır. İndi də rəqs müəllimidir. Uşaqlara gürcü milli rəqslərini öyrədir. Əvvəldən mənə məlum olduğu kimi, gətirdiyim pişik onun itirdiyi pişik deyil. Pişiyi çantadan çıxardanda kədərləndi, amma kədəri uzun sürmədi. Gətirdiyim pişik otağın küncündə oturub. Hələ ki, nə baş verdiyini başa düşmür. Bəlkə də hər şeyə laqeyd yanaşır. Ola bilsin vəziyyətindən hətta məmnundur.
Qoca rəqqasla çox tez dil tapdıq. Danışığından müdrik, həyat təcrübəsi zəngin adama oxşayır. Ola bilsin, heç belə deyil, ola bilsin günün ab-havasının təsiri ilə mən onun dediklərini mənalandırırdım.
- Ac deyilsiniz?
- Yox, bir az əvvəl yemişəm.
- Utanmayın, aclığınız varsa, bir şey təşkil edə bilərəm.
- Tam səmimi deyirəm, ac deyiləm.
- Mən də ac deyiləm. Onda deyirəm, bir az içək. Bəlkə içki bizi bir az şənləndirdi. Keflənmək istəyirəm. Yaxşı çaxırım var. Dostlarım gətirib.
- Hardan?
- Kaxetiyadan.
Rəqqas stolun üstündəki qəzet və jurnalları yığışdırdı. Siyirtmədən iki şüşə stəkan çıxartdı. Sonra otaqdan çıxdı və beş-altı dəqiqədən sonra əlində yekə plastik qabla qayıtdı. Qab hardasa beş litr çaxır tutardı.
- Çatmasa, yenə taparıq. Narahat olma.
- Çatar, məncə. Bəs edər.
- Məndə bir xasiyyət var. Əgər içməyə başladımsa, dayanmıram. Dayana bilmirəm. Ona görə, çalışıram, səhərlər içməyim. Səhərlər içəndə gün mənə uzun görünür. Bilmirəm, günlə nə edim. Ən yaxşısı gün batandan sonra içməkdi. İçirsən, keflənirsən, gedib yatırsan...
İçməyə başladıq. Təxminən adama bir litr çaxır içəndən sonra rəqqasla aramız daha da açılışdı.
- Çəkirsiniz?
- Nə?
- Aydın məsələdi, siqareti nəzərdə tutmuram.
- Hə, çəkirəm.
- Lap yaxşı.
- Var?
- Bir az var. Dostlarım gətirib.
- Nə yaxşı dostlarınız var.
- Dost sarıdan bəxtim gətirib. Dostluq etməyi sevirəm. Dostlarım olmasaydı, yaşamaq çətin olardı. Çox adam dostluğun olmamasını iddia edir. Yazığım gəlir elə adamlara. Onlar dostluq etməyi bacarmayan adamlardır.
Qoca rəqqas doldurulmuş iki siqaret çıxartdı.
- Elə də güclü şey deyil, amma hər halda bizi bir az reallıqdan uzaqlaşdırar.
Güldüm.
- Nəyə gülürsünüz?
- Bir kiçik etiraf etmək istəyirəm. Bu gün səhər nədənsə mənə elə gəldi ki, bu gün adi gün olmayacaq. Nəsə maraqlı bir hadisə baş verəcək. Düzünü desəm, pişiyi bura gətirəndə bilirdim ki, bu sizin itən pişiyiniz deyil. Amma bunu bilə-bilə ərinmədim, gəldim. Yaxşı ki gəldim. Taksiylə gəldim. Maraqlı bir insanla tanış oldum. Sizin kimi yaşlı insanları görəndə adama çox xoş olur. İçən, çəkən, danışan...
Çəkdik. Qoca rəqqas “qoy öyrəşsin” deyərək pişiyin də üzünə iki-üç dəfə tüstü üfürdü.
- Hə, necədi? Bir şey var? Tərpədir?
- Pis deyil. Nə qədər zəif şey olsa da, içkinin üstündən çəkəndə mənə təsirini göstərir.
Onun təklifi ilə “sən”lə danışmağa başladıq. Bu təklif ürəyimcə oldu. “Siz”lə danışanda yoruluram. Xüsusən içkili vəziyyətdə.
- Nə yazırsan?
- İndi hekayələr yazıram.
- Yaza bilirsən?
- Ağır sualdı. Bəzən yaza bildiyimi düşünürəm, amma çox vaxt şübhələr ürəyimi didir. Enerjimin çoxu şübhələrlə mübarizə aparmağa gedir.
- Nə mənada?
- Fikirləşirəm ki, bütün bunlar nəyə lazımdır, yazdıqlarım ürəyimcə alınmır, zəif alınır. Çox vaxt istedadlı olmağıma şübhə edirəm. Fikirləşirəm ki, artıq hər şey yazılıb. Özü də dönə-dönə yazılıb. Ta yazmağa heç nə qalmayıb. Başqa sənətlə məşğul olmaq da artıq gecdi. İndən belə mən nə edə bilərəm? Heç nə. Zəif yazsam da, əlac ancaq yazmağa qalır.
- Məndə də təxminən eyni vəziyyətdir. Birdən fəaliyyətim gözümdən düşür. Hər şeyi atıb getmək istəyirəm. Ürəyim gəlmir. İşim ağırdır. Bina pis vəziyyətdədir. Axırıncı dəfə bu bina 84-cü ildə təmir olunub. Yox, səhv etdim, 82-ci ildə. Divarlar çatlayıb. Tavan da az qala uçsun. İstilik sistemi yoxdur. Uşaqlar qışda donurlar, məşq keçə bilmirəm. Heç kimin də heç nə vecinə deyil. Tez-tez oturub fikirləşirəm ki, görəsən mən idealistəm, yoxsa axmaq? Dünyada bu qədər yaşamağıma baxmayaraq, pul qazanmağı öyrənməmişəm. Görürsən o diplomu?
- Hansı?
- Şkafın üstündəki.
- Bayrağın yanındakı?
- Hə, onu deyirəm. O diplomu Ankarada almışıq. Festivala çağırmışdılar, getməyə pulumuz yox idi. Neçə şirkətə ağız açdım. Hamısı rədd cavabı verdi. Axırda valideynlər özləri pul yığdılar. Avtobus tutduq. Ankaraya avtobusla getdik. Bir avtobus uşağı burdan Ankaraya aparmaq sənə asan gəlməsin. Uşaq çəyirtkə kimi bir şeydi. Nəzarət eləmək olmur. Hərəsi bir evdən gəlib. Hərəsinin bir xasiyyəti var. Hərəsi bir şey istəyir. Yeməyi özümüz götürmüşdük. Getdik Ankarada festivalda birinci yeri tutduq. Sağ olsun türklər, bizə yaxşı hörmət elədilər. Uşaqlara hədiyyələr verdilər. Hamısına. Mənə də bir az pul mükafatı verdilər. Mən and içməyi xoşlamıram, inan Allaha, pulun hamısını yolda uşaqlara xərclədim.
Qoca rəqqasın alt dodağı yumrulanıb möhkəmcə üst dodağına yapışdı.
- Bəs dövlət kömək etmir?
- Etmir.
- Biznesmenlər necə?
- Biznesmenlər qəhbələrə pul xərcləyirlər. Özlərini də elə aparırlar, guya qəhbələrə pul xərcləməklə xalq uğrunda bir iş görürlər. Allah bilir, onlar niyə belədirlər. Məncə bunların hamısı bekarlıqdan doğur. Halbuki, görüləsi nə qədər iş var.
- Gürcüstanın vəziyyəti yaxşı deyil. Pul yoxdur.
- Niyə yoxdu? Var. Axmaq-axmaq işlərə xərcləməyə tapırlar, amma mədəniyyətə gələndə hamısı deyir, pul yoxdur. Gedirsən hardasa, hansısa ölkədə festivalda yer tutursan, hamısı sevinir. Bütün qəzetlər yazırlar ki, gürcü rəqsləri türkləri heyran elədi. Gürcü rəqsləri ukraynalıları heyran elədi. Ta bilmirlər biz o festivala hansı əzab-əziyyətlə gedirik. Harda, hansı şəraitdə məşq edirik. Elə hamı hazır uğura sahib çıxmaq istəyir. Kömək etməyə gələndə çəkilib dururlar kənarda. Deyirlər ki, indi bizim daha vacib problemlərimiz var. Rəqs etmək zamanı deyil.
- Bilirəm, vəziyyət yaxşı deyil. Bayaq pilləkənləri qalxanda binanın vəziyyətini gördüm. Əsas odur, Gürcüstan düz yoldadı. Üzü Avropaya tərəf gedir.
- Nə? Avropa çox uzaqdadır. Avropa…Gürcüstan Əfqanıstana tərəf gedir. Avropa... Bizim coğrafiyada hələ mədəni həyat başlamayıb. İki yüz il bundan əvvəl olduğu kimi, indi də eyni vəhşiliklər davam etməkdədir. Son vaxtlar o qədər gözlənilməz hadisələrlə rastlaşmışam ki, emosional tarazlığımı tamam itirmişəm. Həyat haqqında bütün əvvəlki təssəvvürlərim məhv olub gedir. Nələr görmədim?
- Əsəbiləşməyin.
- Demək asandı necə əsəbiləşməyim?
- Məncə Gürcüstanın gələcəyi yaxşı olacaq.
- Gələcək… Bəs o vaxta qədər necə yaşayaq? Mənim yerimdə kim olsa, bir gün də burda dayanmaz. Hərdən o qədər bezirəm ki, kollektivi atmaq istəyirəm. Ata bilmirəm. Ürəyim gəlmir. Bilirəm ki, mən burdan getsəm, kollektiv dağılacaq. Mən də belə bədbəxtəm.
- Bədbəxt niyə olursan? Sən əslində şücaət göstərirsən. Şücaət nədir? Bir adam bir neçə adamın işini tək görəndə şücaət göstərir. Hər bir cəmiyyətdə yaxşı dəyərlər sənin kimi insanların sayəsində yaşayır. Əks halda bütün dəyərlər məhv olub gedər.
- Zarafat edirsən?
- Zarafat etmirəm. Sən istəsən də, artıq başqa cür yaşaya bilməzsən. İnanın, mənə də çox çətindir. Adamlarımız kitab oxumurlar. Hər cür zir-zibilə pul xərcləyirlər, amma beş manat verib kitab almağa canları çıxır. Bax günü sabah mən toy eləsəm, toyuma üç yüz adam dəvət edə bilərəm. Hardasa yüz adam da inciyər ki, onları niyə dəvət etməmişəm. Amma bu adamlardan otuzuna kitab aldıra bilmərəm. Almırlar. Zorla deyil ki! Yalvarırsan, almırlar. Başa salırsan, almırlar. Xeyri yoxdur. Sonra da deyirlər, səni niyə xaricdə tanımırlar? Səni niyə xaricdə oxumurlar? Mən də deyirəm ki, bəyəm siz oxudunuz ki, xaricdəkilər də oxusun? Əvvəlcə siz özünüz oxuyun, sonra xaricdəkilər haqqında danışın.
- Soruşmaq ayıb olmasın, bəs necə dolanırsan?
- Bir-iki dostum kömək edir. Başqa heç bir yerdən gəlirim yoxdur.
- Vecinə də alma. Qəti bildiyim bir şey var ki, cavan adamda gərək möhkəm iradə, düz məslək, sağlam düşüncə ola. Bunlar olsa, lap zəif istedadlı adam da həyatda məsədinə çatar.
Beləcə çaxır içə-içə biz iki-üç saat müxtəlif mövzularda söhbət elədik. Gedəndə pişiyi göstərib dedim: “Bunu nə edək? Aparım?”.
Qoca rəqqas dedi: “Hara aparacaqsan? Qoy qalsın”.