Türkiyə Ermənistanla sərhədləri açırmı?

Türkiyə Ermənistanla sərhədləri açırmı?
16 Dekabr 2020
Mətni dəyiş

Türkiyə ilə Ermənistanın yeni bir dövrü girə biləcəyi mesajları verilir. Ermənistan Xarici İşlər Nazirliyinin sözşüsü "deyilən sözlərə yox, atılan addımlara baxırıq" deyib, Türkiyənin Qarabağ məsələsindəki fəaliyyətini qınayıb. Bəs Türkiyə ilə Ermənistanın bağlı olan sərhədləri açıla bilərmi? 

"Əgər Ermənistan bu dialoq müdəətini nəticə verən istiqamətdə inkişaf etdirə bilsə, Türkiyə Ermənistanla sərhədləri aça bilər. Türkiyə ilə Ermənistan münasibətlərində yeni bir səhifə açılar", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib. 

1991-ci ildə Ermənistan Sovet Sosialist Respublikaları İttifaqından ayrılıb müstəqillik əldə edəndən sonra Ermənistanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olub.

Ancaq iki il sonra Ermənistan Azərbaycan ərazilərini işğal etdi və Ermənistanın müstəqilliyini ilk tanıyan ölkə kimi ona qucaq açan Türkiyə Ermənistanla sərhədlərini bağlayıb, bütün diplomatik əlaqələrini kəsdi.

Qarabağın işğalda olduğu müddətdə iki ölkə arasında münasibətlərin yaxşılaşmasına doğu bəzi cəhdlər olsa da, Aaərbaycanın reaksiyasından və Türkiyənin Ermənistanla qarşılıqlı kompromisə gəlməməsi, bunun qarşısını aldı.

Qarabağ məsələsi ilə bağlı nəticə verməyən 27 illik danışıqların sonu, müharibəni başlatdı.

27 sentyabrda başlayıb 44 gün davam edən müharibədən sonra, 9 noyabrda artıq Ermənistan məğlubiyyəti qəbul edib, Dağlıq Qarabağ ətrafında hələ də işğalda qalmış bölgələrdən çəkilməyə razı oldu.

Bundan sonra, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla sərhədləri aça biləcəyini söyləyib. Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin də buna müsbət baxdığını əlavə edib.

"Putin buna müsbət baxdığını bildirib. Aramızdakı telefon danışığında mənim qənaətimin nə olduğunu soruşdu, mən də hörmətli İlham Əliyev buna müsbət baxdıqdan sonra, mənim də müsbət baxa biləcəyimi dedim. Putin bundan məmnun oldu. İlham Əliyev qardaşım da siz nə desəniz, mən onu qəbul edirəm dedi", - deyə Tayyib Ərdoğan bildirib.

Əvvəlcə 9 noyabrda imzalanmış bəyanatın şərtləri həyata keçirilməlidir

Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşı əvvəlcə atəşkəsin şərtlərinin tam şəkildə təmin olunmalı olduğunu bildirib.

"Uzun zamandır dediyimiz kimi, Azərbaycan - Ermənistan arasında olacaq hanasısa bir razılaşma bu bölgənin gələcəyinə müsbət mənada təsir edəcək. Bunun üçün də ilk növbədə 9 noyabr bəyanatının şərtlərinə əməl olunmalıdır. Azərbaycan - Ermənistan arasında münasibətlərin yaxşılaşması, Türkiyə - Ermənistan münasibətlərinə də təsir edəcək. Ermənistan səmimi şəkildə barışın bir ortağı kimi davrandığı müddətdə bizdən də müsbət qarşılıq görəcək. Belə olan halda sərhədlər də açılar, münasibətlər də düzələr", - deyə Türkiyə Xarici İşlər Nazirliyinin əməkdaşı bildirib.

Verilən mesajlara yox, atılan addımlara baxırıq

Ermənistan hələlik Türkiyə və Azərbaycanın bu mesajlarına dəqiq cavab verməyib.

Başda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyədən verilən mesajlara şərhiniz nədir sualına Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan "Deyilən sözlərə yox, atılan addımlara baxırıq", - deyə cavab verib.

"Dağlıq Qarabağ xalqına yönəlik 44 günlük hərkat boyunca Türkiyə rəsmilərinin etdikləri açıq-aydın ortada idi. Türkiyə Dağlıq Qarabağ müharibəsini Cənubi Qafqazda genişlənən siyasətini daha da artırmaq üçün istifadə etdi. Türkiyə erməni soyqırımını qanuniləşdirir və Azərbaycanın da Dağlıq Qarabağ xalqına yönəlik eyni soyqırım siyasətini dəstəkləyir. Bu həqiqətlər gələn bir neçə mesajla gözardı edilməyəcək həqiqətlərdir", - deyə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Nağdalyan bildirib. 

Ancaq Ermənistan parlamentində jurnalistlərin suallarını cavablandıran bir millət vəkili Türkiyə ilə qapıların açılmasından danışdığını və bundan sonra sərt reaksiyalar aldığını bildirib.

"İqtisadi qazanc üçün ehtiyac var, amma zamanlama yanlışdır" 

Ermənistanın paytaxtı Yerevanda yaşayan jurnalist Mark Grigoryan əslində Ermənistanın iqtisadi baxımdan özünə gəlməsi üçün qonşularla əlaqələrini yaxşılaşdırmalı olduğunu, lakin Dağlıq Qarabağdakı məğlubiyyətdən sonra bunları danışmaq üçün çox tez olduğunu deyir.

"Burada hər şeydən əvvəl əsas problem odur ki, xalq mövcud hökumətə güvənmir. Yəni, indi hökumət hansı addımı atsa, xalq tərəfindən mənfi qarşılanacaq. Əgər indi hansısa hökumət rəsmisi Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasından danışsa, bu növbəti məğlubiyyət kimi qəbul olunacaq. Ermənistan iqtisadi olaraq daha çox qazanca ehtiyac duyur. Bunun ən asan yolu da qonşularla ticarət əlaqələri qurmaqdır. Amma daha çox məğlubiyyət, ağır itki hissləri var hər kəsdə. Yəni, xalqın biraz daha zamana ehtiyacı var. Hər kəs qonşularla əlaqələri yaxşılaşdırmalı olduğumuzu, bunun iqtisadi ehtiyac olduğunu anlayır, ancaq zamanlama düzgün deyil", - deyə jurnalist Mark Grigoryan bildirib.

"Erməni xalqı Türkiyə və Azərbaycana heç güvənmir" 

Grigoryan önümüzdəki müddətdə müharibənin təsirlərinə görə Ermənistanın iqtisadi durumunun daha ağırlaşacağını və xalqında bunu hiss edəcəyini deyir, ancaq o düşünür ki, həmin vaxt belə sərhədlərin açılması erməni xalqının özünü nə qədər güvəndə hiss etməsi ilə bağlı olacaq.

"Sərhədlərin açılması çox vacib bir mövzudur, ancaq indi əsas məsələ erməni xalqının milli təhlükəsizliklə bağlı ciddi narahatlıqlar yaşamasıdır. İndi əsas gündəm məsələsi budur. Erməni xalqında Türkiyəyə və Azərbaycana güvənsizlik yüksək səviyyədədir. Bu güvəni yenidən qazanmaq çətin olacaq, ancaq güvən qazanılsa, Ermənistan da sərhədlərin açılmasından məmnun olacaq", - deyə Mark Grigoryan bildirib. 

Jurnalist deyir ki, bundan əvvəl Azərbaycanın imkan verməyi normallaşmağa indi Ermənistan xalqının qayğıları imkan vermir.

"Nə vaxt Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması danışılsa, 1915 hadisələrinə baxmayaraq müsbət addımlar atılsa, Azərbaycan mövzuya ciddi baqılar edib, bunun qarşısını almışdı. İndi Azərbaycan da hazırdır, amma Ermənistan çox aşağılayıcı bir məğlubiyyətlə üz-üzədir və bu, indi Ermənistanı əngəlləyir", - deyə erməni jurnalist Mark Grigoryan bildirib.

Jurnalist Dağlıq Qarabağda müharibə gedən vaxt Ermənistan parlamentində 2021-ci ilin ilk altı ayı ərzində türk məhsullarının boykot edilməsi qərarını da xatırladaraq deyib ki, ən azı bu müddər ərzində sərhədlərin açılmasının Ermənistanda gündəmə gəlməsi çox çətindir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun