"Müharibənin qızğın vaxtı, doğulduğu Füzuli şəhəri uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanov Londonda yaşayan oğluna aşağda şəklini əlavə etdiyim binadan bahalı mənzil alıb"
Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.
Jurnalist deyir ki, əmlak bəzi şirkətlər tərəfindən 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilir.
Cavanşir Həsənli deyir ki, Rafiq Zeynalovun himayəsi altında olan "Hidro-Kaskad" MMC (rəsmi təsisçisi Zakir İsmayıl oğlu Aslanov) üzərindən həyata keçirilən tender əməliyyatlarında qiymətlərin şişirdilməsi yolu ilə edilən maxinasiyaların miqyasını isə bircə lotluq faktla ifadə etsəm mənzərə aydın olacaq.
Jurnalist davam edir, yola salmaqda olduğumuz 2020-ci ildə ASC ilə sözügedən şirkət arasında "Nasos aqreqatlarının və digərlərinin satınalınması" üçün nəzərdə tutulan tender müqaviləsi üzrə qiymətlər faktiki olaraq 500 min manat şişirdilməklə ümumi məbləğ 2.440.404 manat göstərilib. Halbuki təqdim etdiyim siyahıdakı nasosların alış qiyməti 1.667.130 manat təşkil edir.
Onun sözlərinə görə, siyahıda təkcə SNS 105-392 el. 200kVt 3000d / d 380V markalı bir nasosun zavod dəyəri maksimum 45 min manat təşkil etdiyi halda tender müqaviləsində 79 min manata rəsmiləşdirilib.
"Nasos aqreqatlar əsasən Rusiyanın Voronej şəhərindəki "Elmaş-İnter" şirkətindən, eləcə də Ukraynanın "Sum" Maşınqayırma Zavodundan alınır. Məsələn, Rusiyanın Oryolsk vilayətinin Livni şəhərindəki nasos zavodunun (LİVGİDROMAŞ) nasos və aqreqatlarının satış dileri olan "Elmaş-İnter" üzərindən alınan mallar ən baha qiymətə rəsmiləşdirilir. Təkcə bir lot üzrə bu şirkətdən qiyməti maksimum 2680 manat alınan 250 ədəd ESV 120-60 (PLD 8122/4) (Q=120kbm / sant, H-60m) nasoslarının hər biri 3690 manat göstərilib", - deyə Cavanşir Həsənli bildirib.
Jurnalist deyir ki, nəticədə Əhməd Əhmədzadənin, Rafiq Aslanovun və digərlərinin "zəhmətkeş" övladları İngiltərədə, Çexiyada, Türkiyədə çoxsaylı şirkətlər açır, Londonda bahalı mənzillər, avtomobillər alır, gözqamaşdıran həyat tərzi keçirirlər.

