Rusiya keçmiş sovet ölkələrində nəzarəti itirirmi?

Rusiya keçmiş sovet ölkələrində nəzarəti itirirmi?
7 Dekabr 2020
Mətni dəyiş

Qafqaz dağları ətəyindəki Dadivank (Xudavəng - red.) kəndində 800 illik monastır yerləşir.

Onun yaxınlığında Rusiya hərbçiləri yerləşdirilib. Erməni keşişi əsgərləri qarşılayır. "Burada olduğun üçün təşəkkür edirəm", - gülümsəyərək hərbçiləri salamlayan Hovanes ata deyir.

"Bizə əmr edilib ki, bu qədim məkanın məhv edilməsinin qarşısını alaq," - mübahisəli Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş 2 minlik Rusiya sülhməramlı qüvvələrinin hərbçisi deyir.

"Ənənəvi olaraq bu bölgədə sabitliyi məhz Rusiya təmin edir", - deyə hərbçi mənə üz tutur.

Dadivank (Xudavəng), Kəlbəcər rayonunda yerləşir: Bura, Kremlin vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasına əsasən, Azərbaycana qaytarılan ərazilərdən biridir.

Moskva bu razılaşmanı özünün Cənubi Qafqazda nüfuzlu qüvvə olaraq qalmasının təsdiqi kimi qiymətləndirir. Ancaq başa çatan altı həftəlik müharibə sabiq imperiya məkanında onun imkanlarının həddini də müəyyən edib.

Türkiyə üçün "əhəmiyyətli dayaq nöqtəsi"

Türkiyə Moskvanın arxa həyətində rəqib oyunçu kimi ortaya çıxıb.

Azərbaycana Rusiyanın bölgədəki ənənəvi müttəfiqi - Ermənistan üzərində qələbə çalmağa kömək edən məhz Ankaranın hərbi dəstəyi idi.

İndi Moskva atəşkəsə riayət etmək üçün NATO üzvü olan Türkiyənin hərbi müşahidəçilərinin Cənubi Qafqazda təmsil olunmasına razılıq verib.

"Qarabağda baş verənlər Moskvanın yalnız Cənubi Qafqazda deyil, postsovet məkanının qalan hissəsindəki nüfuzu üçün də əsl geosiyasi fəlakətdir," - siyasi təhlilçi Konstantin von Eggert deyir.

"Əslində, Rusiya təlimi və silahını alan erməni ordusunun, türklərin təlimi və silahını almış Azərbaycan ordusu tərəfindən məğlub olduğunu gördük. Prezident Erdoğanın Türkiyəsi regionda çox əhəmiyyətli mövqeyə sahib oldu".

"Türkiyə, Çin və İran kimi regional oyunçuların bundan çıxaracağı nəticə odur ki, Moskva ilə çox məsləhətləşmədən və ya Kremlin reaksiyasından çəkinmədən, Mərkəzi Asiya və Cənubi Qafqaz bölgələrində daha da irəliləmək mümkündür".

Dadivankı (Xudavəng) ermənilərin nəzarətində olan ərazidən 15 dəqiqəlik məsafə ayırır.

Burada da Rusiya sülhməramlıları var. Onlar etnik erməni əhalisini qoruyurlar. Ancaq Getavan (Qozlukörpü - red.) kəndində insanlar onları görməyə o qədər də məmnun deyillər.

"Biz, ermənilər həmişə düşünmüşük ki, Putin bizim tərəfimizdə olan yaxşı insandır", - Arayik mənə deyir.

"Ancaq bir anda, bu sövdələşmə ilə o, Azərbaycana çox şey verdi. Bu çox böyük bir səhvdir." Amma bu fikri heç də hamı bölüşmür.

Qarabağı tərk edərkən mənim danışdığım erməni əsgərləri döyüşlərin dayandırılmasına görə Rusiyaya minnətdar olduqlarını deyirlər.

"Bu müharibə davam etsəydi, hamımız öləcəkdik, - əsgərlərdən biri etiraf edir. - Azərbaycanın bizdən daha çox pulu, silahı və hərbi texnikası var."

Qonşuları Rusiyanı sınağa çəkir

Rusiya üçün 2020-ci il keçmiş Sovet İttifaqı boyunca geosiyasi problemlər ili olub. Onun ən yaxın müttəfiqi olan Belarusda xalq Moskva tərəfindən dəstəklənən diktatora qarşı çıxır.

Kremldə Aleksandr Lukaşenkoya qarşı səbrin tükəndiyini göstərən əlamətlər nəzərə çarpsa da, ona müvəqqəti dəstək barədə Moskvanın qərarı Belarusda nadir anti-Rusiya əhval-ruhiyyəsinə zəmin yaradıb.

Oktyabr ayında Qırğızıstanda baş verən inqilab Rusiya üçün sürpriz hadisə idi.

Keçən ay isə Kreml Moldovadakı prezident seçkilərində uduzan namizədi dəstəkləyib. Qərbpərəst siyasətçi Maya Sandu, Moskvaya yaxın olan hazırkı prezident İqor Dodonu məğlub etdi.

Amma Moldovanın misalı göstərir ki, uğursuzluqlara baxmayaraq, Rusiya hələ də bəzi qonşuları üzərinə təsir etmək imkanlarına malikdir.

Rusiyanın Moldovada qoşunları var. Daha doğrusu, bu hərbi qüvvə Moldovadan qoparaq öz müstəqilliyini elan etmiş ərazi - Dnestryanıda yerləşir.

Buradakı Rusiya əsgərləri rəsmi olaraq sülhməramlılardır. Ancaq Moldova rəhbərliyi Moskvanın nüfuz dairəsindən uzaqlaşmağa çalışsa, bu, Kremlin alində siyasi təsir vasitəsi ola bilər.

"Məqsədimiz Aİ-yə yaxınlaşmaq və emid edirəm ki, bir gün Avropa İttifaqına üzv olmaqdır," - yeni seçilən prezident Sandu paytaxt Kişinyovda mənimlə görüşərkən deyir.

"Bəs Rusiya buna yol verəcəkmi? - soruşuram. - Rusiya Moldovanın Aİ-yə üzv olmasına icazə verəcəkmi?"

"Bu, bizim seçimimizdir. Əslində, hansı inkişaf modelini seçmək istəyi ölkəmizin suveren qərarıdır," - prezident Sandu deyir.

Mən daha bir sual verirəm: "Ancaq Rusiyanın ölkənizdə 1500 nəfərlik hərbi qüvvəsi var?".

"Düzdür, amma biz qoşunların çıxarılmasını tələb edirik və tələb etməyə davam edəcəyik," - Sandu cavablayır.

"Bu ölkələri buraxın!"

Qonşuluqdakı təsir zonasını qorumağın Rusiya üçün real bir faydası varmı?

"Rusiyanın öz periferiyasını təsir dairəsində saxlamağa yönəltdiyi resurslar və onun Avropadakı əsas bazarlarda maneəsiz ticarət, təhlükəsizlik və investisiyalardan əldə edə biləcək mənfəəti hesablasaydınız, əmələ gələn tənlik, yəqin ki, "[ətrafdakı] ölkələri buraxın!" deyərdi," - Moskvadakı Carnegie Fondunun baş elmi mütəxəssisi Aleksandr Gabuev deyir.

"Ancaq Kremlin buna qarşı emosional bağlılığı var. Kremlin Situasiya otağında (situation room) hər ağacın arxasında Qərb casusları, hər tərəfdə hədə görən, sabiq əks-kəşfiyyat insanları üstünlük təşkil edir. Belə ki, onlar bu ölkələri təhlükəsizlik qurşağı kimi qəbul edirlər".

Son nəticədə, Rusiyanın sabiq Sovet məkanına təsir etmək qabiliyyətini məhdudlaşdıran yeni reallıqlar mövcuddur. Buraya Çin, Türkiyə, Amerika və Aİ kimi yeni regional oyunçuların sayının artmasını və Moskvanın hazırdakı sabiq imperiya statusunu aid etmək olar.

"Rusiya cəmiyyətinin əhəmiyyətli bir hissəsi hələ də bir növ imperiya yaratmaq ideyasına sadiqdir," - Konstantin von Eggert deyir.

"Lakin o, bununla çox qısa bir zamanda vidalaşmalı olacaq. Tarix baxımından danışaq. Rusiyanın özü imperiyadan milli dövlətə keçid mərhələsini yaşayır və bu qaçılmaz prosesdir."

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun