Pompeo Rusiyanı Amerikanın düşməni adlandırıb: Rusiyadakı iki konsulluq bağlanır

Pompeo Rusiyanı Amerikanın düşməni adlandırıb: Rusiyadakı iki konsulluq bağlanır
19 Dekabr 2020
Mətni dəyiş

ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanın ABŞ-ın düşmənləri arasında olduğunu bildirib. Pompeo deyib ki, ABŞ dövlət qurumlarına edilən kiberhücumların arxasında Rusiya dayanır.

"Məndən həmişə düşmənlərimizin kim olduğu soruşulur. Cavabım budur ki, həyat tərzimizi, dövlətimizi, təməl demokratik prinsiplərimizi məhv etmək istəyən bir çox ölkə var ki, Rusiya da bu siyahıdadır", - deyə Pompeo bildirib.

Pompeo deyib ki, Rusiya azadlıq istəyən ölkələr üçün real bir riskdir: Rusiyanın yaratdığı təhlükələri gözardı etmək istəmirəm, ancaq Çin ABŞ üçün daha əhəmiyyətli və ciddi bir təhdiddir", - deyə Pompeo bildirib.

Vladivostok konsulluğu bağlanır, Yekaterinburq konsulluğu isə fəaliyyətini müvəqqəti dayandırır

Associated Press ABŞ Dövlət Departamentinin sənədlərinə istinad edərək bildirib ki, Departament Konqresə 10 dekabrda Vladivostok konsulluğunu bağlamağı və Yekaterinburqdakı konsulluğun fəaliyyətini dayandırmağı planlaşdırdığına dair məlumat verib.

ABŞ Dövlət Departamentinin rəsmisi nazirliyin belə qərar aldığını təsdiqləyib.

ABŞ konsulluqları ilə bağlı qərarın nə vaxt tətbiq ediləcəyi hələ məlum deyil. Qərar yerinə yetirilərsə, ABŞ-ın Rusiyadakı yeganə diplomatik nümayəndəliyi Moskva səfirliyi olacaq.

Bundan əvvəl də Rusiya mətbuatında ABŞ-ın bu istiqamətdə qərar verə biləcəyi yazılmışdı.

Kremlin sözçüsü Dmitri Peskov bu qərarın hazırda yaxşı səviyyədə olmayan Rusiya-ABŞ münasibətlərini tamamən pozacağını düşünmədiyini deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun