"10 noyabr sülh bəyanatında İran üçün hansısa yer olmadığına görə, İran narahatdır"

"10 noyabr sülh bəyanatında İran üçün hansısa yer olmadığına görə, İran narahatdır"
13 Dekabr 2020
Mətni dəyiş

10 dekabr Zəfər paradından sonra İranla Türkiyənin münasibətləri gərginləşib. Buna səbəb Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda söylədiyi şeir olub. Türkiyə prezidentininin "Arazı ayırdılar" şeirinə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu şeirə sərt reaksiya verib. O bildirib ki, Türkiyə Prezidenti Ərdoğana Bakıda dediyi şeirin sözləri ilə Arazın şimalındakı bölgələrin vətənləri İrandan zorla ayrılmasına eyham vurduğu barədə məlumat verilməyib. Bunu deməklə Azərbaycan Respublikasının suverenliyinə zərər vurduğunun fərqində deyildimi? Heç kim sevdiyimiz Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur - red.) haqqında danışa bilməz”, - deyə XİN rəhbəri paylaşımında qeyd edib.

Bəs görəsən, Iranı həqiqətən də narahat edən Rəcəb Tayyib Ərdoğanın paradda söylədiyi şeirdimi?

Politoloq Şahin Cəfərli deyir ki, Cavad Zərif “ana vətən İranın şimal hissəsi” dedikdə Azərbaycan Respublikasını, “Bizim əziz Azərbaycan” dedikdə isə İran Azərbaycanını nəzərdə tutur. Yəni Cavad Zərif Türkiyə prezidentini İranın ərazi bütövlüyünü şübhə altına alan şeir oxumaqda günahlandırdığı “tvit”ində bəlkə özü də fərqinə varmadan Azərbaycan Respublikasına ərazi iddiası irəli sürmüş olub.

Onun sözlərinə görə, İran dövləti Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün apardığı müharibədən, bu müharibənin səbəb olduğu nəticə və təsirlərdən ciddi şəkildə narahatlıq keçirir. Türkiyənin bu savaşda Azərbaycana verdiyi açıq dəstək, İranın “şimal torpaqları” olaraq gördüyü coğrafiyada Türkiyənin nüfuzunun artması, güclənməsi, hətta burada öz hərbi mövcudluğunu təmin etməsi Tehranda həyəcan siqnalı ilə qarşılanıb.

"Yadınızdadırsa, müharibənin gedişində İran cənub sərhədlərimizə böyük qoşun qruplaşması toplamışdı. Bu, heç də Azərbaycan və erməni ordularının qarşılıqlı artilleriya atəşləri zamanı bəzi mərmilərin İran ərazisinə düşməsi ilə bağlı deyildi. İran rəhbərliyi daha çox Azərbaycan və Türkiyənin Mehri dəhlizini nəzarətə götürə biləcəyi ehtimalını göz önünə alaraq bu hazırlıqları aparırdı. Mehri dəhlizinin Azərbaycan və Türkiyənin nəzarətinə keçməsinin hansı geosiyasi nəticələr doğuracağı kimsəyə sirr deyil: bu halda iki ölkənin quru bağlantısı yaranacaq, bu, həm də türk coğrafiyasının bütövləşib, İranı şimaldan əhatə etməsi anlamına gələcək. Bunun İran türkləri üçün hansı cazibəni yaradacağından uzun-uzadı danışmağa ehtiyac yoxdur. Mehri dəhlizinin Azərbaycan və Türkiyənin nəzarətinə keçməsi həm də o deməkdir ki, İranın Ermənistanla quru əlaqəsi kəsilir. Bütün bunlar nəinki İranın maraqlarına ziddir, hətta onun üçün ekzistensial təhlükə yaradır. İran ordusunun komandanları “biz bölgədə sərhədlərin geosiyasətinin dəyişməsinə yol verməyəcəyik” deyəndə məhz bunu nəzərdə tuturdular. İran bu gəlişmələri əngəlləmək üçün müharibəyə girməyə və hərbi müdaxiləyə hazır idi", - deyə politoloq Şahin Cəfərli bildirib.

Politoloq deyir ki, İranın cari təhdid kimi dəyərləndirdiyi hadisələrdən biri də müharibənin gedişində Azərbaycan ordusu tərəfindən İsrail kəşfiyyat dronlarının aktiv istifadəsi idi. Onlar şübhələnirdilər ki, sərhəddə uçan bu dronlar kameralarını İran istiqamətinə yönləndirib, kəşfiyyat məlumatları toplayaraq İsrailə ötürə bilər.

Şahin Cəfərlinin sözlərinə görə, İranın başqa bir narahatlıq mənbəyi isə ölkənin içərisi, onun daxili stabilliyi və ümumilikdə ərazi bütövlüyünə risklərin meydana çıxması ilə bağlı idi. Azərbaycanda müharibənin başlanması, xüsusən də Azərbaycan ordu bölmələrinin sərhədin o tayında adi gözlə rahatlıqla görünən məsafədə hərbi əməlyyatlar keçirməsi və irəliləməsi İran azərbaycanlıları (türkləri) arasında böyük həyəcana və sevincə səbəb oldu. Xudafərinin o tayına yığışıb, Azərbaycan əsgərlərini alqışlayan, sevincdən göz yaşı tökən insan mənzərələrinin Tehrandakı inqilab rəhbərliyində hansı ovqat yaratdığını təxmin etmək çətin deyil. Hələ üstəlik, İran ərazisi vasitəsilə Rusiyadan Ermənistana hərbi yüklərin daşınması ilə əlaqədar etiraz aksiyaları da keçirildi.

"İndi hələ müharibənin əks-sədası btməmiş, Qələbə paradı kimi İrandakı soydaşlarımızın da diqqətlə izlədiyi tarixi tədbirdə Türkiyə prezidentinin Azərbaycan xalqının zorla bir-birindən ayrılmasına işarə edən misraları tribunadan – özü də Türkiyə və Azərbaycan ordu bölmələrinin qarşısında – hayqırmasının güneydə doğuracağı hissləri düşünün. İran idarəçilərinin niyə belə qəzəbləndikləri anlaşılır. Onların bu bayatını məsum bir xalq yaradıcılığı nümunəsinin səsləndirilməsi kimi qəbul etmələri çətindir", deyə politoloq Şahin Cəfərli bildirib.

Siyasətçi Seymur Həzi deyir ki, İran uzun müddətdir Azərbaycanla bağlı məsələlərdə qeyri-dəqiq mövqe sərgiləyir. Onun sözlərinə görə, İran gah Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, gah da Azərbaycanda müxtəlif ölkələrdən terroristlərin olduğunu deyir. Bundan başqa, sərhəd zastavası qurur, amma həm də sərhədə ağır texnika yeridir.

"Görünür ki, 10 noyabr sülh bəyanatında İran üçün hansısa yer olmadığına görə, İran narahatdır", - deyə siyastəçi vurğulayıb.

Seymur Həzi deyir ki, bu bəyanatda Azərbaycanın özünün də maraqlarını təmin etməyən məqamlar var, ancaq konkret olaraq Mehridən Naxçıvana quru yolun açılması İranın Naxçıvan - Azərbaycan arasında quru yol kimi əhəmiyyətini azaldır.

Onun sözlərinə görə, Iranın əsas narahatlığı budur və bu narahatlığını başqa-başqa bəhanələrlə ifadə edir. Demək istəyir ki, mən istəməsəm Qafqazda sabitlik olmaz.

"İran bir qədər ehtiyatsız davranışlar da ortaya qoyur. Çünki Qafqazda sabitliyi pozan bir ölkə var idi və bu ölkə üçün də yaxşı olmadı. İran hər halda beynəxlaq birliyin diqqətinə nüvə problemlərilə yanaşı, həm də Qafqazda sabitliyi pozan bir ölkə kimi gəlmək istəməz. Əgər istəyərsə, bu onun üçün pis olar. Çünki Qafqazda suveren dövlətlər var və onların ərazi bötüvlüyü beynəxalq birlik tərəfindən tanınır. İran bu məsələlərlə bağlı danışanda bir qədər ehtiyatlı olmalıdır", - deyə siyasətçi Seymur Həzi bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun