‘Gürcü arzusu’ üçüncü müddətə hakimiyyətdə qala bilər

‘Gürcü arzusu’ üçüncü müddətə hakimiyyətdə qala bilər
2 Noyabr 2020
Mətni dəyiş

“Gürcü Arzusu” səslərin 48, onun əsas rəqibi, keçmiş prezident Mixeil Saakaşvilinin Birləşmiş Milli Hərəkatı 27 faizini qazanıb. Digər 7 partiya 4, 3, 1 faiz səs yığa bilib

Gürcüstanda vaxtilə milyarder Bidzina İvanişvilinin yaratdığı “Gürcü arzusu” partiyası ölkə tarixində ilk dəfə olaraq üçüncü dönəm hakimiyyətdə qalmaq şansı qazanıb. Mərkəzi Seçki Komissiyası bülletenlərin hamısının sayıldığını bildirir.

“Gürcü Arzusu” səslərin 48, onun əsas rəqibi, keçmiş prezident Mixeil Saakaşvilinin Birləşmiş Milli Hərəkatı 27 faizini qazanıb. Digər 7 partiya 4, 3, 1 faiz səs yığa bilib.

Beynəlxalq müşahidəçilər seçkinin “qüsursuz keçmədiyini” bildirib. Müxalifət isə nəticələri rədd edir, onu seçki deyil, “müharibə”, “səslərin qarəti” adlandırıb. Hazırda müxalifət partiyaları parlamenti boykot etmək haqda düşünür, nəticələrin ləğvi, yeni seçki keçirilməsinin hüquqi yollarını axtarır. Bazar gününə böyük etiraz aksiyası planlaşdırılır. O vaxtadək hər gün parlament qarşısında kiçik etirazlar təşkil olunacaq.

“Avropa seçkisi”

31 oktyabr seçkisindən sonra Gürcüstan bayraqları qaldıran minlərlə nümayişçi Tbilisidə parlament binası qarşısına yığışaraq yeni seçki tələb edib.

ATƏT müşahidəçilərinin noyabrın 1-də açıqlamasına görə, 3.7 milyon əhalisi olan ölkədə parlament seçkisi “rəqabətli” keçib, “ümumilikdə fundamental azadlıqlara sayqı göstərilib”.

Mətbuat konfransına təqdim olunan ilkin tapıntılarda “prosesin bəzi aspektlərinə ictimai inamı azaldan” faktorlar sadalanır.

Seçicilərin 56 faizinin seçkiyə qatıldığı bildirilir.

Prezident Salome Zurabişvili “yüksək seçici fəallığı və ciddi pozuntularsız” keçən seçkini alqışlayıb.

“Gürcüstan dinc, ədalətli, təhlükəsiz və demokratik, demək olar ki, Avropa seçkisi keçirə bildi”, –2018-ci ildə namizədliyi “Gürcü arzusu” tərəfindən dəstəklənmiş Zurabişvili vurğulayıb.

İyunda qəbul olunmuş seçki sistemində ağırlıq proporsional təmsilçiliyə verilir. 150 yerlik parlamentdə 120 yer partiya siyahıları, 30 yer təkmandatlı dairələrdən formalaşır.

75 yer

MSK majoritar yarışda “Gürcü Arzusu”nun üstünlük təşkil etdiyini bildirir. Təkmandatlı dairələrdə namizədlər azı 50 faiz səs yığmalıdır.

Nəticələrə görə, “Gürcü Arzusu” parlamentdə 75 yer qazanır və bu, çoxluğu əldə etmək üçün lazım olandan bir yer azdır. 15 dairədə təkrar seçki keçiriləcək ki, bundan sonra hakim partiyanın parlamentdə üstünlüyü tam təmin olunmuş olacaq.

“Gürcü Arzusu”nu 2012-ci ildə yaratmış İvanişvili partiya liderləri və tərəfdarlarını şəxsən təbrik edib.

Birləşmiş Milli Hərəkat Saakaşvilinin baş nazirliyə namizədliyini irəli sürmüşdü. Məntəqələr bağlanandan sonra Saakaşvili “seçkinin nəticələrinin kütləvi saxtalaşdırıldığını” deyib. O, “səsləri qorumaqdan ötrü kütləvi səfərbərliyə” çağırıb.

Hərəkatın liderlərindən Nika Melianın jurnalistlərə deməsinə görə, “bu seçki deyildi, bu, müharibə idi”.

2018-ci ildə Gürcüstan məhkəməsi keçmiş prezidenti bir bankirin qətli üzrə dəlili gizlətməkdə təqsirli bilərək 3 il həbs cəzası kəsib. Sonradan Saakaşvili hakimiyyətdən sui-istifadədə də təqsirli bilinərək qiyabi olaraq 6 il həbsə məhkum edilib.

52 yaşlı Saakaşvili hazırda Ukraynada mühacirətdədir. O, 2015-16-cı illərdə Odessa vilayətinin qubernatoru olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun