Seymur Həzi
Ermənistan əvvəlcə öz daxilində razılığa gələ biləcəkmi ki, onların beynəlxalq aləmdəki təmsilçiliyi etibarlı və legitim olsun
23 oktyabrda Azərbaycan və Ermənistan Xarici işlər nazirləri Vaşinqtonda ABŞ dövlət katibi ilə görüşəcəklər. Mayk Pompeo bu görüşdən bir gün öncə mətbuata açıqlama verib:
“Oktyabrın 23-də Azərbaycan və Ermənistan Xarici işlər nazirlərindən onların vəziyyətə baxışını və təkcə ABŞ-ın maraqlarına deyil, bu ölkələrin hər birinin maraqlarına uyğun olan həllə necə yaxınlaşa biləcəyimizi eşitməyi çox istəyirəm”.
Bu açıqlamanı şərh etməzdən öncə xarici siyasətdə harmonik sinfoniya ifasını xatırladan ABŞ-ın NATO-dakı səfirinin açıqlamasına diqqət yetirək. Səfir bildirir ki, onlar, yəni NATO istəyir ki, ABŞ və Rusiyanın etdiyini etsin, yəni münaqişəni dinc yolla həll etsin. Eyni zamanda münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməldir.
Azərbaycan öz torpaqlarında suveren hüquqlarını bərpa etmək istəyir, erməni əhali də burada yaşaya bilər, biz bunu təmin etsək, münaqişə həll olunacaq. Biz 23 oktyabr görüşü öncəsi bu açıqlamaları necə şərh edə bilərik?
23 oktyabr il və son görüş olmayacaq
Pompeonun açıqlamasından aydın olur ki, Vaşinqton məsələyə hansısa güc mərkəzinin özünü tətmin etməsi kontekstində vasitə kimi baxmır. Yəni dünyaya “mən bu sülhü yaratdım” qısamüddətli mesajlar vermək üçün can atmır.
Vaşinqton daha qalıcı sülh üçün fundamental həlldən yanadır. Ona görə də, o, 23 oktyabra tərəfləri öyrənmək imkanı kimi baxır. Ola bilsin ki, bu görüş məsələyə hansısa nöqtə qoymayacaq, amma problemin çözülməsində mühüm durğu rolunu oynayacaq.
Üstəlik bu görüşlərin hansı nəticə verəcəyi haqqında əvvəlcədən danışmaq tez olsa da, biz ümumi prinsiplərin nədən ibarət olduğunu deyə bilərik. Pompeo deyir ki, biz ABŞ-ın deyil, həmin ölkələrin maraqlarının üstün tutulduğu həll variantını istəyirik.
Biz bu tezisi NATO-dakı ABŞ səfirinin fikirləri ilə davam etdirsək, Azərbaycanın marağı kimi ərazi bütövlüyünün təmin olunması, ermənilərin marağı kimi Azərbaycan suverenitetində yaşamaq imkanının təmin edilməsini görə bilərik.
Azərbaycan dövlət başçısı səviyyəsində bəyan edib ki, yerli, dinc erməni əhalinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamasında heç bir problem yoxdur və onlar üçün həyat digər millətlərə olduğu kimi təmin ediləcək.
Bundan sonra qalır ermənilərin bunu qəbul etməsi və birgəyaşayış mexanizmlərinin işə düşməsi. Azərbaycan monoetnik dövlət deyil və indi də ərazilərində 30 mindən çox milliyyətcə erməni olan vətəndaş var. Hətta onlardan biri Gəncə sakini Karina Qirqoryan ermənistanın raket atəşinin qurbanlarındandır.
Ermənistan siyasi haçalanmada!
Azərbaycan 23 oktyabr Vaşinqton təmaslarına bütün siyasi ictimai seqmentləri ilə vahid mövqedə gedir. Ya ərazi bütövlüyümüz təmin olunacaq, ya da silahlı qüvvələrimiz beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq öz ərazilərimizi işğaldan azad edəcək.
Ermənistanda isə nəinki iqtidar-müxalifət arasında birlik yoxdur, hətta hakimiyyət artıq münaqişə ilə bağlı iki fikirdədir. Prezident və XİN diplomatik həllə can atsalar da, Paşinyan və separatçı rejimin başçısı diplomatik həlli mümkünsüz sayır. O zaman daha bir maraqlı məqam diqqəti çəkir.
Ermənistan əvvəlcə öz daxilində razılığa gələ biləcəkmi ki, onların beynəlxalq aləmdəki təmsilçiliyi etibarlı və legitim olsun. Biz və ya vasitəçilər necə qarantiya əldə edəcəklər ki, onların razılaşdırdığı məqamlara Paşinyan və digər qruplar əməl edəcəklər? Bu vəziyyət də beynəlxalq aləmdə daha bir üstünlük kimi bizim diplomatlarımızın əlini gücləndirəcək.
Meydan TV