"Azərbaycanın müvəqqəti atəşkəs təklifinə və dəvətə yox deməsi asan deyil" - Şahin Cəfərli

"Azərbaycanın müvəqqəti atəşkəs təklifinə və dəvətə yox deməsi asan deyil" - Şahin Cəfərli
9 Oktyabr 2020
Mətni dəyiş
"Meyitlərin və əsirlərin dəyişdirilməsi texniki məsələdir". Bu sözləri politoloq Şahin Cəfərli deyib. Onun sözlərinə görə, bu texniki prosesə şərait yaradılması üçün Rusiyanın müdafiə naziri və ya başqa səlahiyyətlisi də təşəbbüs göstərə bilərdi. Şəxsən Putinin təşəbbüs göstərməsi və xarici işlər nazirlərini Moskvaya dəvət etməsi o deməkdir ki, Rusiya prezidenti öz şəxsi nüfuzunu ortaya qoyur. Ona görə də, Azərbaycanın müvəqqəti atəşkəs təklifinə və dəvətə yox deməsi asan deyil. Üstəlik, Azərbaycan prezidenti problemin həllində Rusiya və Türkiyəyə güvəndiyini söylədiyi bir vaxtda. Bu səbəblə humanist akt kimi Azərbaycanın müvəqqəti (bir neçə saatlıq da ola bilər, 1-2 günlük də) atəşkəsə razılıq verməsi mümkündür.
"Təbii ki, bununla paralel, atəşkəsin tam bərpası çağırışları və cəhdləri də davam edəcək. Rusiya Azərbaycanın hərbi əməliyyatlarına həm də (digər səbəblərlə birlikdə) ona görə göz yumur ki, hansısa mərhələdə arbitr rolunu oynamaq üçün təkrar araya girə bilsin. Rusiya açıq şəkildə tərəf tutsa, bir vasitəçi kimi öz missiyasını öz əli ilə bitirmiş olar, onsuz da Azərbaycanda ciddi nüfuzu yoxdur, təsir gücü də getdikcə zəifləyir. Halbuki onun nizamlanma prosesində öz lider rolunu saxlaya bilməsi, gələcəkdə münaqişənin siyasi həlli zamanı öz maraqlarını qoruması, bura sülhməramlılar göndərə bilməsi üçün Azərbaycanın razılığına ehtiyacı var. Eyni zamanda, Rusiya Qərbə nümayiş etdirmək istəyərdi ki, müharibəni dayandıra bilən yeganə güc odur", - deyə politoloq Şahin Cəfərli fikrini bitirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun