"Atəşkəs Azərbaycanın dövlət maraqlarına uyğun deyil" - Siyasətçilər Moskva görüşünü şərh edir

"Atəşkəs Azərbaycanın dövlət maraqlarına uyğun deyil" - Siyasətçilər Moskva görüşünü şərh edir
10 Oktyabr 2020
Mətni dəyiş
Oktyabrın 10-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 12 saat davam edən üçtərəfli danışıqlar baş tutub. Danışıqlarda sentyabrın 27-dən etibarən bütün cəbhə boyu baş tutan döyüş əməliyyatlarının dayandırılması və tərəflərin yenidən danışıqlar yolu ilə problemin həllinə çalışması müzakirə olunub. Görüşün yekununda 4 bəndlik qərar qəbul olunub və Rusiya xarici işlər naziri Sergey Lavrov bunu mətbuata açıqlayıb. Qərara əsasən, 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur, Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq, Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar; Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər. Moskva görüşünü şərh edən politoloq Azər Qasımlı deyir ki, görüşdə 4 bənd qəbul olunub, ancaq onun 3-cü və 4-cü bəndi yersizdir. Onun sözlərinə görə, Moskva görüşündə verilən qərarlar, İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlərlə daban-dabana ziddir. "İlham Əliyev açıq şəkildə şərt qoymuşdu ki, Ermənistan əsgərləri Azərbaycan torpaqlarından çıxmasa, danışıqlar olmayacaq. Deyirdi ki, ona qrafik təqdim etməlidirlər. Şikayətlənirdi ki, Minsk qrupunun fəaliyyəti yaxşı deyil, dəyişiklik olmalıdır və s. Amma Moskva görüşündə İlham Əliyevin dediklərinin tamamən əksi oldu və xüsusən qəbul olunan 3-cü və 4-cü bənd onun fikirləri ilə daban-dabana ziddir. Nə Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxması ilə bağlı bir qrafik təqdim etdi, nə Minsk qrupunun formatında dəyişiklik oldu", - deyə politoloq bildirib. Azər Qasımlı deyir ki, görünür Azərbaycana çox ciddi təzyiqlər var. Onun fikrincə, İlham Əliyev məhz bu təzyiqlərdən sonra geri çəkilməli olub. "Bəli, o dəqiqdir ki, ordumuz güclü olduğunu göstərdi, status-kvonu dəyişdi. Ancaq görünür ki, Azərbaycana ciddi təzyiqlər oldu və düşünürəm ki, İlham Əliyev bundan sonra geri çəkildi. Ancaq gözlərimiz hələ də var, Ermənistana vaxt verilməlidir və bu vaxt uzağı bir həftə olmalıdır, Ermənistan yenə real addımlar atmasa, Azərbaycan döyüş əməliyyatlarına yenidən başlamalıdır", - deyə Azər Qasımlı bildirib. "Atəşkəs o vaxt faydalı olardı ki, Azərbaycan ordusu Xankəndinin 15-20 kilometrliyinə kimi yaxınlaşmış olardı, indiki halda strateji hisslərə tam nəzarət edilmir deyə, Ermənistan danışıqlarda geri çəkilməyəcək" Bu sözləri isə məsələni şərh edən siyasətçi Elman Fəttah deyib. Elman Fəttahın sözlərinə görə, görüş gərgin keçsə də, ümumilikdə hökumətin öncədən səsləndirdiyi şərtlərin heç biri sənəddə öz əksini tapmayıb. "Moskva danışıqlarının qiymətləndirilməsini proses və nəticə olaraq iki hissəyə ayırmağı daha doğru sayıram. Danışıqların prosesi 12 saata yaxın davam edib. Bu, onu göstərir ki, Azərbaycan tərəfi həm özünün haqlı tələblərində israrlı davranıb, həm də qarşı tərəfin haqsız tələblərinə müqavimət göstərib. Yəni, iki tərəfin bir-birinə qarşı hansısa güzəşt etmədiyi prosesin uzun çəkməsindən aydın görünür. Ancaq prosesin sonunda ortaya çıxan nəticə üçüncü tərəfin, Rusiyanın tərəfləri mütləq razılaşmağa məcbur etdiyini göstərir. Danışıqların yekunu olaraq yayılan mətndə Azərbaycan tərəfinin neçə gündür bəyan etdiyi vacib prinsiplərin heç biri öz əksini tapmayıb. Nə işğal edilmiş torpaqların boşaldılması tələbi haqda qeydə, nə də 30 ildir Azərbaycanın maraqlarına ziddir olan formatın-həmsədrlər institutunun tərkibində dəyişikliyi nəzərdə tutan, "Türkiyə masada olsun" kimi danışıqların effektivliyi üçün əsas şərt olan mövqe öz əksini tapmayıb. Yəni danışıqların prosesi çətin, nəticəsi isə Azərbaycanın maraqları baxımından ziyanlı olub", - deyə Elman Fəttah bildirib. Siyasətçi düşünür ki, hərbi əməliyyatların uğurlu davam etdiyi indiki halda atəşkəs yalnız və yalnız qalib tərəfin, Azərbaycanın diqtəsi ilə nəticələnməli idi.
Onun sözlərinə görə, ancaq Moskva danışıqları bir acı həqiqəti ortaya qoydu ki, Azərbaycan əsgərinin şücaəti, cəbhədəki qəhrəmanlığı, torpaqların işğaldan azad edilməsi məsələsində bütün dünyaya nümayiş etdirdiyi iradəsi danışıqlar masasında diqtə edən yox, dinləyən tərəf kimi təmsil olundu. "Bu halda ortaya sual çıxır ki, Moskva danışıqlarından faydanı kim götürdü? Həmin görüşün fayda götürən tərəfi yalnız Moskvanın özü oldu. Putin növbəti dəfə nümayiş etdirdi ki, Ankaranın Azərbaycana yönəlik möhkəm, tərəddüdsüz dəstəyinin, qəti iradəsinin ortada olmasına baxmayaraq Kremlin rəsmi Bakıya təsir imkanları həlledicidir. Putinin bir zəngi Ankaranı prosesdən kənarda qoymağa qadirdir. Baxmayaraq ki, Rusiya atəşi dayandırmaqla, Yəni Azərbaycanın uğurlu hərbi əməliyyatlarını dayandırmaq iradəsini nümayiş etdirdi. Ancaq Moskva razılaşmasının dayanıqlı mahiyyət daşıması mümkün deyil. Birincisi, bu danışıqlar Türkiyəni Qarabağ danışıqlarından, əslində isə Qafqazdan uzaq tutmağı özünün əsas hədəfi kimi göstərir ki, Ankara bu dışlanmanı həzm edəcəyinə oxşamır. İkincisi, Ermənistanla, onu tam məğlubiyyətə uğratmadan, danışqlar yolu ilə nəyəsə nail olmaq mümkün deyil. Ermənistan diplomatiyasının strateji mahiyyəti psixopolitik siyasətdir. Bütün diplomatik korpus, bütün siyasi elitalar erməni diasporasının Böyük Ermənistan xülyasının əsiridir. Onlar heç bir halda rosional addımlar atmağa qadir deyillər. Bunu son 30 ildə Azərbaycana rəhbərlik edənlər də yaxşı bilirlər. Dolayısıyla, problemin həllində, Yəni işğal edilmiş ərazilərin azad edilməsində atəşkəs instrumentinin heç bir işə yaramadığı Azərbaycana da, Minsk qrupu həmsədrlərinə də çoxdan aydındır. Bu halda, Putinin rəsmi Bakıya təzyiqinin nəticəsi kimi ortaya çıxdığı heç kimdə şübhə doğurmayan atəşkəsin çox da uzun sürməyəcəyini bilməliyik", - deyə siyasətçi Elman Fəttah bildirib. AXCP sədrinin müavini, siyasətçi Seymur Həzi də hesab edir ki, Azərbaycan hökumətinin Rusiyanın təkidi və təklifi ilə qəbul etdiyi atəşkəs Azərbaycanın dövlət maraqlarına uyğun deyil. Onun sözlərinə görə, bu qərar, sonrakı mərhələdə Azərbaycanın təklənməsinə gətirib çıxara bilər. "Azərbaycan hökumətinin Rusiyanın təkidi və təklifi ilə qəbul etdiyi atəşkəs Azərbaycanın dövlət maraqlarına uyğun deyil. Eyni zamanda, bu qərar Azərbaycanın beynəlxalq aləmdə və hərbi siyasi baxımnan birlikdə hərəkət etdiyi Türkiyənin də maraqlarına çox ciddi şəkildə zidd addım oldu. Türkiyənin regionda və Rusiya ilə kontekstdə zərbə almasına səbəb oldu. Bu baxımdan bu qərar Azərbaycan üçün bir qədər fəsadli nəticələr verəcək. Azərbaycan bundan sonra özünün fəaliyyətlərində, xüsusən Əliyev dövründə tərəfdaşlar tapmasına çətinlik yaradacaq və bu Azərbaycanın təklənib Rusiyadan tamamı ilə asılı vəziyyətə düşməsinə gətirib çıxardacaq", - deyə AXCP sədrinin müavini, siyasətçi Seymur Həzi bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun