Ötən həftə Pakistanın Bakıdakı səfiri Kəşmir məsələsi ilə bağlı qardaş ölkə adlandırdığı Azərbaycandan dəstək gözlədiklərini açıq bəyan etdi. Diplomat bu məsələni Azərbaycan XİN-də keçirdiyi görüşdə də qaldırdığını söylədi, eyni zamanda ölkəsinin Qarabaq məsələsində Azərbaycanı dəstəklədiyini xatırladaraq bu işlərin qarşılıqsız olmadığına işarə vurdu.
Səfir qapalı rəsmi görüşdə qaldırdığı məsələni ictimailəşdirdikdən bir gün sonra – avqustun 15-də Azərbaycan XİN rəsmi açıqlama yaydı və ehtiyatla da olsa, problemə münasibət bildirdi. Bakının mövqeyi belədir ki, Azərbaycan Cammu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir. Eyni zamanda, XİN nəzərə çatdırır ki, Azərbaycan həm də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə təmas qrupunun üzvüdür. Bu, o deməkdir ki, İƏT Kəşmir məsələsində adətən Pakistanı dəstəklədiyi üçün Azərbaycan da təşkilatın üzvü kimi bu mövqe ilə həmrəydir.
Azərbaycanın Dağlıq Qarabağ probleminə dair diplomatiyası uzun illərdir 2 sütuna söylənir: birincisi, beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinin prioritet olması; ikincisi isə münaqişəyə dair BMT Təhlükəsizlik Şurası başda olmaqla, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərin icrası tələbi. Bakının bütün oxşar konfliktlərə - ərazi ixtilaflarına münasibəti beynəlxalq hüquqa tam uyğun olan bu yanaşmaya əsaslanır. Kəşmir məsələsində ehtiyatlı mövqe sərgilənməsi də buradan irəli gəlir. Ərazi bütövlüyü prinsipinin prioritet elan olunması bir tərəfdən Azərbaycanı istər-istəməz Hindistanın mövqeyinə yaxınlaşdırır, çünki Cammu-Kəşmirin bu ölkəyə məxsus olması Pakistan və Çin tərəfindən mübahisələndirilsə də, adı çəkilən region Nəzarət xəttinin (1949-cu ildə müəyyənləşdirilmiş atəşkəs xətti) Hindistan tərəfindədir. Yəni Hindistanın ərazisi sayılır. Nəzarət xətti faktiki olaraq, Pakistan-Hindistan dövlət sərhədi kimi qəbul olunur. Digər tərəfdən, Azərbaycanın Kəşmirlə bağlı BMT TŞ qərarlarının yerinə yetirilməsinə tərəfdar olması Pakistanla həmrəylik mənasına gəlir. Çünki BMT-nin 1948-49-cu illərdə qəbul etdiyi qətnamələrdə bölgənin demilitarizasiyası, yəni tərəflərin öz qoşunlarını bu ərazilərdən çıxarması və problemin həlli yolu kimi plebissit (ümumxalq səsverməsi) keçirilərək statusun müəyyənləşdirilməsi əksini tapıb. Müsəlman əhali çoxlquda olduğu üçün ümumxalq səsverməsinin nəticələrini proqnozlaşdırmaq çətin deyil, bu səbəbdən İslamabad referendum ideyasını dəstəkləyir. Lakin Dağlıq Qarabağ məsələsində olduğu kimi, Kəşmirə dair qətnamələr də indiyə qədər icra edilməyib.
Azərbaycanın balanslı mövqeyi tərəfləri tam məmnun etməsə də, onların aşkar narazılığına da səbəb olmur. Pakistan Dağlıq Qarabağ münaqişəsində birmənalı şəkildə Azərbaycanın tərəfini tutan azsaylı ölkələrdən biridir. Hətta İslamabad bu səbəblə Ermənistanla diplomatik əlaqə qurmayıb. Bu cür mövqe şübhəsiz ki, Azərbaycan üçün çox qiymətlidir. İki ölkə arasında siyasi və hərbi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Pakistan Azərbaycanın silah alışı mənbələrini çeşidləndirməlk siyasətinə də dəstək verir, bu yaxınlarda xəbər yayıldı ki, Bakı bu ölkədən döyüş təyyarələri (JF-17 “Thunder”) satın alacaq. Belə bir vacib tərəfdaşla və səmimi dostla münasibətləri qorumağın və inkişaf etdirməyin əhəmiyyəti göz önündədir. Amma digər tərəfdən, Hindistan da qlobal geosiyasətdə rolu getdikcə artan regional güc mərkəzidir, yaxın perspektivdə bu Asiya nəhənginin əhalisinin sayına görə Çini geridə qoyub dünya birincisi olacağı gözlənilir. Dinamik inkişaf edən Hindistan hazırda iqtisadiyyatının böyüklüyünə görə 6-cı sıradadır və yaxın 10 ildə 3-cü pilləyə yüksələcəyi proqnozlaşdırılır. Belə bir dövlətlə münasibətləri korlamaq olmaz. Ona görə də, Bakının Kəşmirlə bağlı ehtiyatlı mövqeyi anlaşılandır. Ümumiyyətlə, böyük güclərin rəqabətində tərəf tutmamaq və onlardan birinin lehinə seçim etməmək Azərbaycan hökumətinin ənənəvi xarici siyasət xəttidir. Hazırda Hind-Sakit okean regionu geosiyasi rəqabətin getdikcə qızışdığı ən önəmli bölgədir, Hindistan-Pakistan qarşıdurmasını da bu böyük mübarizənin cəbhələrindən biri saymaq olar. Hindistanın Cammu və Kəşmirin yüksək muxtariyyət statusunu ləğv edərək onu ikiyə ayırması (Cammu-Kəşmir və Ladakh) Çin və Pakistanla həmsərhəd olan bu ərazilər üzərində öz suverenliyini tam bərqərar etmək niyyətindən irəli gəlir. Hindistan Konstitusiyasının 370-ci maddəsinə əsasən Cammu-Kəşmir öz Konstitusiyası, parlamenti, bayrağı və digər dövlət rəmzləri olan ştat idi, Hindistan parlamentinin qəbjul etdiyi qanunlar yalnız yerli parlamentin təsdiqindən sonra burada qüvvəyə minirdi, Hindistanın digər vətəndaşları Cammu-Kəşmirdə əmlak, torpaq sahibi ola və orada biznes qura bilməzdilər. Avqustun 5-də bu maddə Hindistan parlamenti tərəfindən ləğv edildi, Cammu-Kəmir və Ladakh ittifaq ərazisi statusu aldı. Bu tip ərazilər isə birbaşa federal hökumətin, yəni Dehlinin idarəçiliyində olur.
Azərbaycan Kəşmir məsələsində “Pakistanı küsdürməmək, Hindistanı qəzəbləndirməmək” formulunu əsas götürməlidir.
Şahin Cəfərli, politoloq