Azərbaycan tarixçiliyində oturuşmuş Qafqaz Albaniyası kilsəsi fenomeni son zamanlar David Qareci provokasiyası sayəsində böyük maraq cəlb etdi. Azərbaycanda ümumiyyətlə kilsə qurumları, xristianlıq barədə məlumat böyük olmadığından insanlar bu barədə AMEA-nın işçilərinə qulaq asmalı olurlar. Təcrübə isə bizə deyir ki, həmin işçilərə çox da qulaq asmaq məsləhət deyil.
Gələk mətləbə - Xristianlıq tarixini bilmədən Qafqaz Albaniyası kilsəsinin taleyini izah etmək asan deyil. Elə isə ən sadə anlayışlardan başlayaq - Kilsə nədir? Kilsə sözünün iki mənası var - kilsə binası və dini qurum. Məsələn, Roma Katolik Kilsəsi bir dini qurumdur amma onun mərkəzi olan Müqəddəs Pyotr kilsəsi bir binadır.
Tez-tez Qafqaz Albaniyası kilsəsi haqqında “avtokefal” sözünün istifadə edilməsini də yəqin ki, görmüsünüz. Avtokefallıq yunanca “avto” (öz) və “kefal” (baş) sözlərindən yaranıb özbaşına idarə mənasına gəlir. Tarixən avtokefal kilsələr yurisdiksiyasındakı torpaqlarla təyin olunub, yəni dövlət qurumları ilə sıx əlaqədə olub. Məsələn, Gürcü Ortodoks kilsəsinin taleyi birbaşa gürcü dövlətlərinin – Kartli, Kaxetiya, İmeretiya və s. - varlığı ilə əlaqəli idi. Qafqaz Albaniyası kilsəsinin avtokefallığının kökləri də mərkəzləşmiş Qafqaz Albaniyası krallığı ilə əlaqəli idi.
Avtokefal kilsələr öz köklərini qədim mərkəzlərdən - pentarxiyalardan almalı idilər. Bu pentarxiyalar – Roma, Konstantinopol (İstanbul), Aleksandriya (İsgəndəriyyə), Antioxiya (Hatay/Antakiya) və Yerusəlim (Qüds) idi. Pentarxiyaların başçıları patriarx adlanırdı. Bu yaxınlarda belə bir hadisə İstanbulda Konstantinopol patriarxı Varfolomey tərəfindən Ukrayna kilsəsinin avtokefallığı tanınarkən baş tutmuşdu. Konstantinopol pentarxiyası qədim olduğu üçün belə bir hüquqa sahib idi. Bəs Qafqaz Albaniyasında necə olub? Ənənəyə görə Qüdslü Yelisey İsa Məsihin ögey qardaşı, Qüds kilsəsinin başçısı Yaqub tərəfindən birbaşa dini yaymaq üçün vəzifələndirilmişdi. Yəni, avtokefallıq Qüds patriarxlığından gəlirdi.
Bəs necə oldu ki, Qafqaz Albaniyası dövləti və kilsəsi gürcülərin və ermənilərin qurumlarından fərqli olaraq tez məhv oldu? Araşdırmaçı Völfqanq Şulze bu haqda belə bir təklif irəli sürür: Hər nə qədər Qafqaz Albaniyasının hökmdarları “Alban kralı” titulu daşısa da, bölgənin xalqı üçün "albanlıq anlayışı" olmayıb, çünki fərqli tayfalar - qarqarlar, udilər, kaspilər, leqlər və s. qısa müddətə bir tayfa anlayışında birləşə bilməzdi. Hətta Alban əlifbası ilə yazılmış əsərlərdən, məsələn liturgiya mətnlərindən bizə gəlib çatan heç bir yerdə bu kitabın alban dilində yazıldığı barədə qeyd yoxdur. Yəni ki, ortaq dilin qəbul olunması, ortaq əlifbanın yaradılması, xristianlığın qəbul olunması - hamısı regionu İran təsirindən qorumaq məqsədi ilə güdülmüş, müxtəlif etnik kimliklərə, tayfa birliklərinə aid olan fərqli insanlardan təkcə birinin dili - Udi dili - üstün seçilərək ilk "xalq yaratmaq" (nation building) cəhdi olub. Amma tarixi gedişat elə gətirib ki, bu cəhd uğursuz alınıb.
Albaniya dövlət səviyyəsində xristianlığı ancaq 314-cü ildə Urnayr dövründə qəbul edib. Bundan cəmi 110 il sonra Xalkedon kilsə yığıncağında çıxan qərarlara görə isə kilsə zəifləməyə başlayıb. Xalkedon kilsə yığıncağı xristian aləminin İsa Məsihin təbiətinin doktrinal təyini ilə bağlı idi. Nəticədə Misir, Efiop və Qafqaz kilsələri Bizans kilsəsindən ayrılmışdı. Qafqaz kilsələri miafizit teologiyasını qəbul etdilər. Bu təlimə görə İsa Məsihin ilahi və insani təbiətləri bir və ayrılmaz idi. Bizans kilsəsi isə müasir Ortodoks (Pravoslav) ənənəsinin əsasını qoyaraq İsa Məsihin bir bədəndə eyni anda amma ayrıca olaraq ilahi və insani təbiətləri daşıdığını qəbul edirdi.
Kilsənin sonunu gətirən isə Qafqaz Albaniyasının sonuncu avtokefal katolikosu Nerses Bakur olub. Kilsəni miafizitlikdən pravoslavlığa çevirərək özünü Erməni kilsəsinin təsirindən uzaqlaşdırmağa çalışırdı. Bu cəhdlərində ona Cavanşirin qardaşı oğlu olan Varaz Trdatın həyat yoldaşı Sparama kömək edirdi. 688-ci ildə məhz Sparamanın dəstəyi ilə katolikosluğa gəlmişdi. Movses Kalankatlı onun katolikosluğa gəlmə hekayəsini parafrazla belə qeyd edir: “Nerses Bakur Sparamaya söz verdi ki, patriarxlıq kürsüsünə onu oturtsa, ölkədə Xalkedonçuluğu yayacaq”. Yəni, ölkənin erməni təsirindən çıxmasını istəyən əsas təkan siyasi idi - Özü də ölkənin faktiki birinci xanımından gələn təkan idi. Bu müstəqillik meyli də anlaşılan idi. Belə ki, bu vaxt Albaniya başsız qalmışdı – Varaz Trdat Bizans imperatoru II Yustinian tərəfindən həbs edilmişdi. Ölkəni Sparama və qəyyum Şeroy idarə edirdi. Bu başsızlıqdan ermənilər də təbii olaraq istifadə etmişdi.
Ərəblərin Qafqaza gəlişi xristian dünyası üçün xüsusi dəyişiklərə gətirib çıxarmışdı. Yeni ağalar xristian əhalinin Bizansla əlaqəsini minimuma endirməyə çalışırdılar. Hətta 695-ci ildə erməni katolikosu III Sahak belə həbs edilərək Dəməşqə sürgün edilmiş, 703-cü iləcən burada sürgündə yaşamışdı. 705-ci ildə ərəb hakimiyyətinə qarşı Smbat Baqratuni başçılığındakı üsyanın yatırılması ilə Bizanspərəstliyin də sonu gəlmişdi. 703-cü ildə erməni kilsəsinin başçılığına gəlmiş Ərcişli İliya (703-717) belə anti-Bizansçılardan idi. Xəlifə Əbdülmalikə şikayət edərək Nerses Bakuru Bizanspərəstlikdə təqsirləndirən İliya öz məqsədinə 705-ci ildəki Bərdə iclasında nail oldu. Amaras yepiskopu Simeon Nersesin yerinə katolikos kimi təyin olundu. Lakin iş bununla bitmirdi, Əbdülmalikin əmri ilə bütün əyanlar pravoslavlıqdan imtina etməli, pravoslav yazıları olan bütün kitablar məhv edilməli idi (həqiqətən də Simeon bu kitabları Bərdəkür sahillərindən keçən Tərtər çayına atdırmışdı). Kilsənin müstəqilliyinə isə son qoyan qərar bu idi – Alban dindarlar Erməni kilsəsinin başçısının təsdiqi olmadan katolikos seçə bilməzlər. İnanılanın əksinə, məhz bu dövrdən Qafqaz Albaniyası kilsəsi Erməni kilsəsinin bir hissəsinə çevrildi. Katolikos titulu isə simvolik olaraq qaldı. Yəni, əslində “1836-cı ildə Alban Həvari Kilsəsinin Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsi” söhbəti başdan-aşağı mifdir. Alban kilsəsi artıq 1314 ildir ki, yoxdur!
Elə isə ölkəmizdəki yüzlərlə “Alban kilsəsi” olaraq etiketlənmiş binanı nə edəcəyik? Onlara da erməni deyək? Bəli, əslinə qalsa onlar qurum olaraq Erməni Qriqorian Kilsəsinin tərkib hissələridirlər. Yəni, onlar “Erməni kilsəsi”dirlər. Azərbaycanda isə hazırda avtokefal bir Alban kilsəsi yoxdur. Ola da bilməz, çünki Azərbaycanda xristian dini təlim mərkəzi və ya seminariya yoxdur. Udilərin kilsəsində dini xadim də yoxdur – səhv etmirəmsə təkcə bir baptist, yəni xaç suyuna salan adam var. Udilərin öz kilsəsinin olmaması isə əcdadları kimi, onların da assimilyasiyasına aparan təhlükələrdən biridir.
Təsadüfi deyil ki, hələ 1818-ci ildə udilər Gürcü Pravoslav kilsəsinə tabe olmaq üçün məktub göndərmişdilər. Onlar birbaşa Erməni katolikosu VIII İohannesdən şikayətlənirdilər. Erməni kilsəsi udilərin dilini sıxışdırır, onların ibadət dilini ermənicə saxlamaqda israr edirdi. Onlar tez-tez bu barədə kilsəyə şikayət edir, Rus Pravoslav kilsəsi tərkibinə daxil olmaqla hədələyirdilər. (Bax: Ermənistan Milli Arxivi, fond 56, siyahı 1, sənəd 5214, səhifə 1) Erməni kilsəsinə son göndərdikləri məktubda Nicli udilər heç olmasa öz həmkəndliləri zəngçalan (sekston) Qalust Palçiyantsın rəhbər təyin olmasını xahiş etmişdilər. (Bax: Ermənistan Milli Arxivi, fond 56, siyahı 1, sənəd 5662, səhifə 2)
Düşünürəm ki, eyni təhlükə hələ də davam edir. Azərbaycanda mövcud olan yüzlərlə erməni kilsəsinə “alban kilsəsi” etiketi vurub uzun-uzadı və boşboğaz mübahisələr aparmaq xeyir vermir. Zaqatalada, Şəmkirdə və s. Bölgələrdəki kilsələr uçulub tökülür. Elə bu yaxınlarda yerli sakinlərin öz hesabına təmir etdikləri Şəmkirdəki İrmaşlı kilsəsi qızıl axtaran dəfinəçilərin hücumuna uğrayıb, qazıntılar aparılıb. Elə isə hər il büdcədən ayrılan yüz minlərlə manat hara gedir? 24 mayda imzalanmış Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən bu il Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150.000 manat ayrılıb. Mədəniyyət Nazirliyi isə bu maliyyələşməni təmin etməyə məcburdur. Müstəqil Alban Avtokefal kilsəsi qurulsa və bu pullar oraya ayrılsa daha mənalı olmazmı?
Bütün bu məlumatların işığında sual verməliyik - “Alban kilsələri” bir ucdan sökülərkən, baxımsızlıqdan dağılarkən David Qarecinin alban yoxsa gürcü monastırı olması haqda sonsuz müzakirələrin nə mənası var? Biz hansı alban kilsəsinə önəm vermişik ki, David Qarecinin də qeydinə qalaq? Hələ ən absurd sualı sona saxlamışam – hansısa monastırın hansısa dini quruma aid olmasının dövlət sərhədlərimizə nə dəxli var? Belə çıxır Bakını Rusiyaya verməliyik? Çünki Bakı şəhərindəki pravoslav kilsələri birbaşa Rus pravoslav kilsəsinin “Bakı və Azərbaycan yeparxiyası”nın yurisdiksiyasına daxildir. Bütün işçiləri də Moskvadan təyin olunur. David Qareci “Gürcü monastırı” olsa nə olacaq? BMT Azərbaycandan torpaq tələb edəcək, ya hansısa beynəlxalq qanun var ki, bizi doğulduğumuz torpaqlardan qovsun? Beynəlxalq dövlət sərhədləri bir-iki kilsə ilə həll olunmur. Soyuq başlı, məntiqli bir demarkasiya nəticəsinə asanlıqla gələ bilərik. Əsas odur gələcəyimizə yalan tarix yeritməyək.
Cavid Ağa
Yazı müəllifin fikirlərini əks etdirir, saytın mövqeyi ilə üst-üstə düşməyə bilər.