"Matsuda ilə çarhovuzun kənarında dayanıb yaşılaçalan suya baxır, balıqları görməyə çalışırdıq. Bu vaxt hasarın üstündən səs eşidildi. İkimiz də çevrilib səs gələn tərəfə boylandıq. Təxminən 4-5 yaşlarında balaca bir oğlan uşağı hasarın başına dırmaşıb ağacın budaqlarından yapışaraq bizə baxırdı. Matsuda ona baxıb gülümsədi, əl yelləyib:
– Ah, xoş gördük, Botçan! – dedi.
Oğlan bir müddət qaşlarını çatıb bizə baxdı, sonra gözdən itdi. Matsuda onun hərəkətinə gülüb çarhovuza balıq yemi atmağa başladı.
– Qonşu uşağıdır, - dedi. – Bilir ki, hər gün bu vaxt balıqları yemləyirəm, ona görə hasara dırmaşıb mənə baxır. Ancaq çox utancaq oğlandır, gərək danışdırmayasan. Danışdıran kimi qaçıb gedir, – deyə Matsuda güldü. – Hərdən fikirləşirəm, görəsən, onu hasara dırmaşmağa sövq edən nədir? Axı burda baxmalı nə var? Əlində əsa olan yaşlı və xəstə kişi çarhovuzun yanında dayanıb balıqları yemləyir. Nə olsun? Bu mənzərə balaca bir uşağın niyə xoşuna gəlsin?"
Kazuo İşiquru, “Dəyişən dünyanın rəssamı” əsərindən
Dəqiq vaxt göstərməkdə çətinlik çəkirəm. Həqiqətən bu prosesin nə vaxt başladığını xatırlaya bilmirəm. Görünür belə proseslər qəfil deyil, yavaş-yavaş başlayır. Bəlkə də buna görə adam dəqiq vaxt göstərməkdə çətinlik çəkir.
Günlərin bir günü adi, hərəkətli, yüksək sənətə heç də iddia etməyən köhnə filmlərə daha rahat baxdığım, adi, hərəkətli, yüksək sənətə iddia etməyən köhnə filmlərdən daha çox həzz aldığım mənə əyan oldu. Səbəbi çox sadədir. Ona görə ki, belə filmlərdən yüksək sənət adına heç nə gözləmirəm və oturub rahatlıqla, sakitcə keçmiş mənzərələrə baxmaq, keçmiş insanların söhbətinə qulaq asmaq xoşuma gəlir. Yüksək sənətə iddialı, prestijli festivallarda mükafatlar almış filmlərdə isə boşluqlar görəndə məyus oluram, bir növ filmdən küsürəm, film mənim üçün ciddiliyini itirir. Bunu sənətdə mükəmməllik axtarışı da adlandıra bilərik.
Nadir istisnaları çıxmaq, nadir istisnaları nəzərə almaq şərti ilə yüksək sənətə iddialı, prestijli festivallarda mükafatlar almış, prestijli festivallarda mükafatlar almaq istəyib, lakin mükafat ala bilməyən filmlərdə dialoqların sönüklüyü və koloritsizliyi, qaldırılan problemlərin süniliyi, yersiz, bədii həllini tapmayan, bünövrəsiz, onurğasız qəribəliklər, həqiqi həyat əlamətlərinin olmaması məni xüsusən daha çox qıcıqlandırır. Bu cürə səliqəli – ölü filmlər yolun başında olan intellektual pijonları, yaxud hec cürə böyümək istəməyən infantil hoqqabazları heyrətləndirə bilər. Stanislavski sağ olsaydı bu səliqəli – ölü filmlərdə qaldırılan süni problemlərə, koloritsiz dialoqlara, bədii həllini tapmayan, yersiz qəribəliklərə, dəxlisiz metaforalara, həqiqi həyatla əlaqəsi olmayan uzun-uzadı səhnələrə baxıb, yəqin ki, bir kəlməylə belə reaksiya verərdi: “İnanmıram!”.
Yuxarıda nə demək istədiyimə aydınlıq gətirməyə cəhd etmək üçün belə bir bənzətmə aparaq. Olduqca səliqəli bir küçə təsəvvürünüzə gətirin. Küçədə evlər, həyətlər sırayla düzülüb. Hər yer par-par parıldayır. Yerdə bir çöp belə tapmazsan. Hər tərəf tər-təmizdir. Lakin bu səliqəli küçədə həyat yoxdur, hər tərəfi par-par parıldayan, bu tər-təmiz küçədə həyat əlamətləri görünmür, kişi, arvad, uşaq- muşaq, it-pişik, mal-qara, qab-qacaq səsi eşidilmir. Olduqca səliqəli küçədə məzarlıq sükutu hökm sürməkdədir. Belə səliqəli, amma həyat əlamətləri görünməyən, ölü küçələrə baxmaqdansa mən nisbətən səliqəsiz, həyat qaynayan küçələrə baxmağı üstün tuturam. Hə, ikisi bir yerdə olsa, həm küçə par-par parıldasa və bu par-par parıldayan kücədə həm də həyat qaynasa lap əla olar. Ancaq olduqca səliqəli küçədə həm də həyatın qaynaması o deməkdir ki, müəllif dahiyanə bir əsər yaradıb. Bu isə əlbəttə hər bir müəllifə müəssər olmur. Qismət olmur sözünü bu konteksdə işlətmək heç yerinə düşməz. Burda məhz "müəssər olmur" demək vacibdir.
Əgər yaddaşım məni aldatmırsa, dəyəsən Milorad Paviç deyirdi ki, böyük əsərlər başın ürəyə, ürəyin başa səyahəti zamanı yaranır. Başqa cür desək, ürəksiz baş bir şeyə yaramadığı kimi, başsız ürək də heç nəyə yaramır. Ürək və baş bir-birlərini tamamlamalıdır. Muasir, yüksək sənətə iddialı filmlərin çoxunda baş, riyaziyyat, sırf tekniki cəhətdən peşəkarlıq yüksək səviyyədədir, amma ürək yoxdur, emosiya, real problemlər, həqiqi insan hissləri, həyatdan birbaşa, bədii həllini tapmış reportajlar çatışmır. Nədir bunun səbəbi? Niyə müasir, yüksək sənətə iddialı filmlərin çoxunda həqiqi həyat görünmür? Niyə bu filmərdə dialoqlar sönükdür, koloritsizdir, ölüdür? Niyə bu filmlərdə yersiz orjinallıq, dəxlisiz metaforalar gözə girir? Bu barədə çox düşünmüşəm.
Məncə problemin kökü sosial şəbəkələrdədir. Sosial şəbəkələr insanın həyatla birbaşa təmasa girməsinə, həyatı öyrənməsinə, bununla bərabər insanın təxəyyülünü inkişaf etdirməsinə mane olur. Kim deyibsə əla deyibdir: “Hər dövrün öz üst insanları var. Bizim dövrün də üst insanları sosial şəbəkələrdən asılı olmayan insanlardı”.
Yazını yazarkən bu gün səhər açıq kafedə gördüyüm bir mənzərə elə hey gözlərim qarşısında canlanır. Oturduğum masadan iki masa aralıda bir ailə oturmuşdu. Ata, ana, oğul və qız. Hər halda onların bir ailənin üzvü olduqlarını düşündüm, başqa cür də ola bilərdi. Bunun toxunmaq istədiyimiz məsələyə heç bir dəxli yoxdur. Toplaşanların yeri dəyişəndə cəm dəyişmir. Bu dörd adam, ata, ana, oğul, qız kafedə oturduqları müddətdə başlarını telefondan qaldırmadılar. Söhbət eləmədilər, ünsiyyətə girmədilər. Sanki onlar telefonla oynamaq üçün Tiflisə gəliblər. Görəsən onlar hansı təəssüratlarla evə qayıdacaqlar? Bu gördüyüm mənzərədə qeyri-adilik axtarmağa dəyməz. Bu müasir həyatın adidən də adi bir mənzərəsidir, hər gün bu və ya digər formalarda yüz dəfələrlə təkrarlanır.
Mənə elə gəlir ki, adamlar, o cümlədən sənət adamları bu sürətli həyata hazır deyildilər. Onlar hal-hazırda çaşmış vəziyyətə düşüblər və bu gün baş verənlərə qiymət vermək, bu gün baş verənləri başa düşmək, bu gün baş verənləri sənətda ifadə etmək üçün deyəsən bir müddət vaxt keçməlidir.
Şəxsən mən, bu gün nə baş verdiyini başa düşmürəm. Filmdə, romanda sosial şəbəkə söhbəti görəndə dilxor oluram. Ona görə də keçmiş zamanlardan bəhs edən filmərə baxmağa, keçmiş zamanlardan bəhs edən romanları oxumağa üstünlük verirəm. O filmlər, o romanlar ki, orda sosial şəbəkə söhbətləri, hətta mümkünsə mobil telefon, kompüter olmasın.
Ümumiyyətlə, sürətdən heç xoşum gəlmir. Maşına oturanda gözüm sürəti göstərən əqrəbdə qalır. Sürəti göstərən əqrəb səksəni keçəndə vücudumu vahimə bürüyür. Ona görə yox ki, ölümdən qorxuram. Ölümdən qorxmaq öz yerində, amma sürətdən daha çox qorxuram. Bir dəfə dostlarla rayona gedirdik. Sükan arxasında oturmuş adamdan sürəti həşdatdan yuxarı qaldırmamağı xahiş etdim. O isə mütamadi olaraq xahişimi unudur, başı söhbətə qarışırdı və sürəti artırırdı. Bəlkə də qəsdən belə edirdi. Mən də ondan sürəti aşağı salmağı bir daha xahiş etməyə məcbur olurdum.
Sürəti göstərən əqrəb növbəti dəfə həşdatı keçəndə, daha hec cürə dözə bilmədim, sükan arxasında oturmuş şüurlu məxluqdan maşını saxlamağı tələb etdim. Maşından düşdüm, dedim ki, siz gedin, mən gəlib özümü sizə birtəhər çatdıracam, hər halda burda qalmaram. Əvvəlcə nə baş verdiyini, nə demək istədiyimi başa düşmədilər. Elə bildilər hansısa sözdən incimişəm. Vəziyyəti bir daha, bu dəfə daha ətraflı, daha geniş izah etməli oldum. Axı adamdan neçə dəfə xahiş etmək olar ki, sürəti həşdatdan yuxarı qaldırma. Dilimlə deyirəm ki, sürətdən qorxuram. Niyə məni utandırırsan? Dedim siz gedin, mənzil başında görüşərik. Məni yüz xahiş, yüz minnətlə maşına qaytardılar. Qayıtmaq istəmirdim, demək olar ki, bir növ zorla maşının salonuna soxdular.
***
Tomas Mann “Doktor Faustos” əsərində obrazlardan birinin (dəqiqləşdirməyə həvəs olmadı) dilindən yazır: “On doqquzuncu əsrin adamlarına həsəd aparıram. Bizim dövrümüzdə insanlar əsrlərlə yaşadıqları adət-ənələrdən, vərdişlərdən sürətlə uzaqlaşmaq məcburiyyətindədirlər”.
Bəli, bu gün bizim üçün adiləşən, hətta arxaikləşən texnikaları, avadanlıqları zamanında rahatlıqla qəbul etmək, yeniliklərə qucaq acmaq, yenilikləri alqışlamaq bütün insanlara asan olmayıb. Səsli kino peyda olanda səssiz kinonun nə qədər ulduzu bu yeniliyi qəbul edə bilməyib, bu yeniliyə uyğunlaşmaqda çətinlik çəkib, nəticədə oyundan kənar vəziyyətə düşüblər. Çox sevdiyim, dünya kinosunun şedevrlerindən biri hesab olunan “Bulvar Sanset” filmində bu söhbətlər yüksək səviyyədə və amansızlıqla təsvir olunub.
Böyük Fransız yazıçısı Anri Barbüs iyirminci əsri radio əsri adlandırırdı. Anri Barbüs iyirminci əsri radio əsri adlandırmaqda nə qədər tələsmişdi. Anri Barbüs kompüteri, interneti, bugünkü haqq-hesabları gözünün ucuyla görsəydi çox güman havalanardı. Bu ilin əvvəllərində ispan yazıçısı Migel Delibesin bir neçə əsərini oxudum. Həmin əsərlərdə Migel Delibes insanların televizor qarşısında çoxlu vaxt keçirməsinə görə necə böyük narahatlıq keçirdiyini bir neçə dəfə ciddi həyəcanla ifadə edib.
Daha bir misal. Əsərlərindən birində Jül Vern qatar peyda olduqdan sonra səyahətin bir qədər mənasızlaşması barəsində söhbət açır. O mənada ki, araba ilə səyahət edən səyahətçidən fərqli olaraq, qatarla səyahət edən səyahətçinin insanlarla, sağından, solundan, içindən ötüb keçdiyi kəndlərlə, qəsəbələrlə, şəhərlərlə daha yaxından tanış olması, daha çox təssürat alması çətinləşib. Yeri gəlmişkən, həmin əsərdə Jül Vernin qəhramanı Tiflis-Bakı qatarında ya on səkkiz, ya da on üç saat yol gedir. Jül Vernin qəhramanının Tiflis-Bakı qatarında neçə saat yol getməsi dəqiq yadımda qalmayıb. Orası dəqiq yadımdadır ki, əsəri oxuyanda qəribə bir maraq mənə güc gəlmişdi. Jül Vernin əsərində Tiflis-Bakı qatarının neçə saat yol getməsi ilə bizim dövrdə Tiflis-Bakı qatarının neçə saat yol getməsini tutuşdurmuşdum.
Aşağı-yuxarı eyni nəticə alınmışdı…
***
Nəinki texniki yenilikləri, hətta hər hansı məkanda aparılan təmir-tikinti işlərini də qəbul etmək insanlar üçün bəzən çətin olur. Narxozun yaxınlığında, zirzəmidə yerləşən bir qutabxana vardı. Səhər saat ondan metro bağlanana qədər bu qutabxana müştərilərlə dolub-daşırdı. Ora hər təbəqədən, hər cür adam gəlirdi. Şairlər, müəllimlər, tələbələr, məmurlar, avaralar, əyyaşlar, dollar dəyişənlər… Köhnə, hisli-paslı bir yer idi. Günlərin bir günü qutabxana təmirə dayandırıldı. Divarları rənglədilər, stolları, stulları, qab-qacağı filanı təzələdilər. Amma qutabxananın müştəriləri bu yeniliyi süngüylə qarşıladılar və özlərinə qarşı az qala bir xəyanət kimi qəbul etdilər. Elə də çox vaxt keçmədi, müştərilər təmir olunmuş, stolları, stulları, qab-qacağı yenilənmiş qutabxanadan qisasların aldılar. Onlar deyirdilər ki, daha burda əvvəki kimi dadlı qutablar hazırlanmır, qutabların səviyyəsi aşağı düşüb. Hardan bilmək olar bəlkə də bu həqiqətən belə idi. Beləcə, yenilənmiş qutabxananın müştəriləri getdikcə azalmağa başladı. Bir gün qutabxana bağlandı. Daha sonra oranı geyim mağazasına çevirdilər.
***
Düşündüm ki, adi, hərəkətli, yüksək sənətə iddia etməyən köhnə kinolara daha maraqla, daha rahat baxmağım bəlkə də ovqatımla, ruhi vəziyyətimlə bağlıdı. Bu barədə zövqünə, səviyyəsinə inandığım bir neçə dost-tanışla söhbət elədim. Onların da adi, hərəkətli, yüksək sənətə iddia etməyən köhnə filmlərə daha maraqla, daha rahat baxmaqları məlum oldu. Məsələn, adının çəkilməsini istəməyən dostlardan biri dedi ki, mən indi Şvarstneqerin filmlərinə baxıram. Həmin ərəfədə Balabanov haqqında bir filmə baxdım. Filmdə Balabanovun oğlu deyir ki, atam oturub döyüş, karate filmlərinə baxırdı. Aparıcı bu sözlərə təəccüblənir. Necə? Balabanov oturub döyüş, karate filmlərinə baxırdı?
Zarafat bir yana, aparıcının Balabanovun oturub döyüş, karate filmlərinə baxmasına təəccüblənməsi mənə bir az yox, xeyli süni göründü. Əgər o həqiqətən Balabanovun döyüş, karate filmlərinə baxmasına təəccüblənmişdisə, deməli çox kal adamdı. Onun yetişməyinə hələ çox var. O, başa düşməli idi ki, Balabanov çəkdiyin çəkib, nəyə baxmaq lazımdırsa baxıb, düşüb boşluğa, onu qane etmək, təəccübləndirmək çətin məsələdi və oturub döyüş, karate filmlərinə baxmaqla başını dincə qoymaq istəyib.
Yekun
Əgər söhbət sənətdən gedirsə insanlar öz dövrlərinə qarşı çox tələbkar münasibət göstərirlər. Onlar zamanın imtahanından keçmiş sənət nümunələrini öz dövrlərinin sənət nümunələrinə qarşı qoymaqdan, onların arasında müqayisə aparmaqdan həzz alırlar. Bu çox ədalətsiz bir münasibətdir. Çünki, zaman hər bir şeyə (xüsusən qadın döşünə) qarşı amansız olduğu kimi sənət nümunələrinə qarşı da çox amansızdır. Müxtəlif dövrlərdə, müxtəlif əsrlərdə yaradılmış və zamanın imtahanından keçmiş əsərləri, bir dövrün əsərlərinə qarşı qoymaq, təxminən, hələ yeriməyi bacarmayan bir körpəylə, bığlı-saqqallı bir kişini dalaşdırmağa bənzəyir.
Yadıma rus kanallarından birində baxdığım bir reportaj düşür. Aparıcı küçədə, parklarda, kitab mağazalarında adamlara yaxınlaşıb, onların müasir ədəbiyyata münasibətini öyrənməyə çalışırdı. Adamların çoxu müasir yazıçılardan şikayət edirdi. Maraqlısı odur ki, şikayət edənlərin çoxu elə gənc adamlar idi. Hətta onlardan biri pafosla belə demişdi: Hanı Tolstoy? Hanı Çexov?
Birdəfəlik başa düşmək lazımdır ki, Tolstoy, Çexov kimi sənətkarlar hər il doğulmur. Tolstoy, Çexov kimi sənətkarlar əsrdə bir dəfə, bəzən iki-üç əsrdən bir doğulur. Birdəfəlik başa düşmək lazımdır ki, dahiyanə romanlar hər il yazılmır, dahiyanə filmlər hər il çəkilmir. Hər on illikdə bir-iki ortabab roman yazılsa, hər on illikdə bir-iki ortabab film çəkilsə bunun özü böyük işdi. Nə qədər çətin olsa da bu kobud faktla razılaşmaq lazımdı və bu sözləri hamıdan, hər kəsdən əvvəl elə özüm üçün yazıram.
Seymur Baycan