“Allahım, Allahım, niyə məni tərk etdin?”
İncil, Mark 15:34
Elmar İmanovun “Mövsümün sonu” filmi yaxın dövrdə Azərbaycan kinematoqrafiyasında çəkilmiş ən Qərbli və ən şəhərli filmdir. Bu “Qərb” və “Şəhər” konsepsiyaları barədə sözü açmamışdan əvvəl xatırlatmaq istərdim ki, adı çəkilən film 2019-cu ildə keçirilən Rotterdam Beynəlxalq Film Festivalında “Fipresci” mükafatını qazanıb. “Fipresci” jurnalistlər və kino tənqidçiləri tərəfindən bir çox festivalda verilən mükafatdır. Filmin mükafata layiq görülmə səbəblərini aydınlaşdırsaq, həm dünya kinosundakı meyilləri, həm də milli kinomuzun və rejissorlarımızın etmək istədiklərini anlamış olaraq.
“Mövsümün sonu” elə ilk kadrlardan nə demək istədiyini açıqca ifadə edir. Əvvəlcə Bakı panoraması, sonra hündürmərtəbəli binalar və işıqları yanan mənzillər, sonda isə ailə. Kamera bizi şəhərdən, yəni Bakıdan mənzilə doğru aparır və göstərir ki, bu andan etibarən görəcəyiniz ailənin digərlərindən heç bir fərqi yoxdur. Onlar sadəcə ümumi mənzərənin bir hissəsidirlər. Ailə həqiqətən də dünyanın istənilən yerində qarşılaşacağımız tərkibə malikdir: Ata (Rasim Cəfərov), ana (Zülfiyyə Qurbanova) və oğul (Mirmövsüm Mirzəzadə). İşsiz aktyor ata, xaricə köçmək üçün planlar quran ana və ailəsindən ayrı yaşamaq istəyən oğul ailənin portretidir. Onların gündəlik həyatına, ananın yemək bişirməsinə fokuslanan kamera izləyicini daha da inandırmaq istəyir ki, burada qeyri-adi heç nə yoxdur və gələcəkdə görəcəkləriniz də gündəlik həyatın bir parçasısıdır. Bu istiqamətin həm də dünyəviliyi əldə etmək kimi bir məqsədi var. Lokal elementlərdən təmizlənib tamamilə şəhər həyatını, balaca mənzillərə sıxılmış insanları göstərmək və onların hərəkətlərinin adiliyini, rutinini vurğulamaq da dünyəviliyə gedən yoldur. Film ərzində göstərilən məkanlar heç bir “milli” məna ehtiva etmir. Tam əksinə, bu məkanlar başqa yerdə də qabağımıza çıxa bilər. Filmin “milli” olduğu əsas yer isə obrazların dialoqları və bu dialoqlardakı çalarlardır. Bir-birinə “nağıl” danışan ailə üzvləri gündəlik həyatın çətinliklərindən, çıxıb getmək istəyindən danışanda milliləşirlər. Hətta rejissor Elmar İmanov filmin bir kadrında ortaya çıxır və işini layiqincə yerinə yetirməyən bir adama əsəbiləşir ki, əgər sənin işini də mən görəcəmsə, niyə maaş alırsan? (sitat hərfbəhərf eyni deyil – red.) Kölndə yaşayan, Azərbaycan və azərbaycanlılar üçün film çəkən rejissorun kimləri qınadığı aşkardır.
Dünya kinematoqrafiyasında “Qərb”dən kənarda varolmaq istəyən filmlər öz adət-ənənələrini, toylarını, yaslarını, milli rəqslərini göstərərək festivallarda uğur qazanırlar. “Mövsümün sonu” isə bu stilistikadan tamam kənarda qalır. Etdikləri və etmək istədikləri “Qərbin xoşuna gəlmək” deyil, yarımçıq olsa belə müasirləşən cəmiyyətə artıq “Qərbin özü” olduğunu xatırlatmaqdır . Obrazların absurda çevrilən dialoqları, bir-birləri ilə olan rabitəsizlikləri, ailə olmaq və xoşbəxtliyə çatmaq cəhdləri “Qərb” filmlərində tez-tez gördüyümüz hadisələrdir. “Mövsümün sonu” da bu baxımdan əsl “Qərb” filmidir.
Gündəlik həyatın təkrarını qıran fərqli hadisələrin görüldüyü məkanlar evin xaricində olan yerlərdir. Evdə hər şey qaydasındadır, təhlükəsizlikdir, ailə öz həyatına istədiyi kimi davam edə bilər. Lakin ata evdən uzaqlaşdıqda, ana evə qayıtmadıqda, oğul evini dəyişmək istəyəndə hər şey pozulur. Atanın qayıdışına dair açıqlaması gülünc bir nağıla çevrilir. Ana itkin düşməsi barədə danışanda seksual hekayəyə çevirir ki, atadan qisas alsın. Bütün bu nağıllar fonunda oğulun xoşbəxt olmadığı istər hərəkətlərində, istərsə də danışığında sezilir.
Dəniz mövsümü bitməkdədir, ailə də buna görə evi tərk edib Xəzərin sahillərinə yollanırlar. Yolüstü danışıqlarda ananın Almaniyaya getmək barədə söhbətləri, atanın “sən get, yaxşıdırsa, ardınca biz gələk” sözləri ailənin ümumi vəziyyətini aydın şəkildə xarakterizə edir. Filmin açarı kimi görünən ananın yoxa çıxması, hətta ölümü barədə ağla gələn senarilər xaricə getmək fikri ilə birləşir. Ananın qeybə çəkilməsi izləyicidə bəlkə də artıq çıxıb gedib, indi hava limanındadır hissi yaradır. Çünki Bakı, Azərbaycan onların özünü xoşbəxt hiss etdikləri yer deyil. Ana qayıdır, lakin izləyici qarşısına qoyulan suallar cavabsız qalmaqdadır. Ailənin xilası “ev”i tərk etməkdən və başqa bir yerdə hər şeyə yenidən başlamaqdan asılıdır. Burada qarşımıza maraqlı bir sual çıxır: Əgər ev hər şeyin qaydasında olduğu yerdirsə, niyə onu tərk etməyə çalışırlar?
Ev hər şeyin qaydasında olduğu, lakin heç kimin xoşbəxt olmadığı yerdir. Bu elə bir yerdir ki, artıq ailənin fərdləri bir və birlik olmaqdan çıxıb öz qayğılarının içində üzürlər. Həyatdan gözləntiləri, istəkləri fərqlidir. Bu fərqlilik nəticəsində bir-birlərinə danışdıqları nağıllar adiləşir, mənasızlaşır. Ailənin üzvləri yadlaşmış şəxslərdir. Kameranın obrazları daim arxadan çəkməsi rejissorun çatdırmaq istədiyi mesajın bir hissəsidir. Kameraya arxasını çevirmiş, üzünü görə bilmədiyimiz obrazlar ailə fərdlərini tam ifadə edir. Onlar bir-birlərinə arxalarını dönüblər və öz həyatlarını yaşamaq istəyirlər. Üzdən görmədiyimiz, yalnızca arxa tərəfdən gördüyümüz və nə düşündüyü, hansı hisslər keçirdiyi barədə fikrimiz olmadığı obrazların bizdə yaratdığı təəssürat əsasən tənhalıqdır. Filmin əvvəlində ana balkonda tənha dayanır, ata onu qucaqlayır. Filmin sonunda isə ata balkonda tənha dayanır və ana onu qucaqlayır. Ailəyə giriş və çıxış səhnələri bir-birini tamamlayır. Hər iki qucaqlaşma və bir olma cəhdi uğursuzluqla nəticələnir. Obrazların arxa plandan çəkilməsi, üz cizgilərinin göstərilməməsi isə finalda öz məntiqi sonluğunu tapır.
Film bir ailəni, ailənin içində olduğu böhranlı vəziyyəti göstərməyinə baxmayaraq, daha dərin məqamlara da toxunur. Bu toxunuşlar isə birbaşa oğul obrazı ilə əlaqədardır. Oğul xoşbəxt olmayan bir ailənin nəticəsidir. Obrazın özü də bu bədbəxtliyi başa düşür və başqa bir evə köçərək xilas olmaq istəyir. Sevgilisinə başqa qızlarla münasibətinin ola biləcəyini başa salmağa çalışır, lakin xəyallar gerçəkliklə toqquşur. Kirayələcəyi evin sahibi sözaltı şəkildə vurğulayır ki, özün tək yaşamalısan, başqa şəxslər gətirmək olmaz. Çarəsizlikdən bunu qəbul edən oğul nəinki başqa qızlarla, heç öz sevgilisi ilə sevişə bilmir. Sakitcə və səssizcə bir yerdə vaxt keçirən ikili sağollaşandan sonra evdə tək qalan oğul qulaqlığını taxıb musiqi dinləməyə başlayır. Kamera bu dəfə yaxın planda oğulu göstərir və onun iztirablarına şahid oluruq. Bu iztirablar bir-birinə yadlaşmış ailədən, arzuları boğan cəmiyyətdən və heç nə vəd etməyən gələcəkdən yaranır. Gözündən axan yaşla dünyaya tərk edilmiş bədbəxt oğul portreti tamamlanır. Bu portret həm də cəmiyyətin içində olduğu problemlərin, ümidsizliyin təsviridir. Gənclər ümidsiz və bədbəxtdilər, çünki bu bədbəxtlik ailələrindən miras qalıb. Ailələrin bədbəxtliyi isə sosial şərtlərdən, ictimai və siyasi vəziyyətdən qaynaqlanır. Milan Kunderanın da dediyi kimi: Yaşadığı yeri tərk etmək istəyən insan xoşbəxt olmayan bir insandır.
Ümumilikdə, Elmar İmanovun “Mövsümün sonu” filmi cəmiyyətin alt qatlarına enməyə çalışır. Eyni zamanda dünyəvi olmağı da unutmur və yaxşı aktyor oyunuyla diqqət çəkir. Üstəlik əla quruluşçu operator işi ilə özünəxas film dili yaradır ki, sadalanan meyarlar kinonu son dövrlərdə çəkilən ən yaxşı Azərbaycan filminə çevirir. Biraz qərbli, biraz da şəhərli film olduğu üçün “Mövsümün sonu” geniş kütlələr tərəfindən sevilməyəcək və böyük ehtimalla, vulqar ifadələrə görə milli-mənəvi dəyərlərimizə uyğun sayılmayacaq. Lakin göstərilənlər, qabardılan problemlər nə qədər qəbul etməsək də, təkcə qərbin yox, həm də Azərbaycanın məsələləridir. Elmar İmanovla birlikdə senarist Anar İmanova da xüsusi təşəkkür etmək lazımdır. Tragikdən komikə qədər müxtəlif tonları özündə birləşdirən dialoqlar son dövrlərdə Azərbaycan kinosundakı ən yaxşılardan biridir.
Cəmiyyəti, insanları anlamağa çalışan, problemləri ortaya qoyub bizi özümüzə göstərən filmlərimizin daimi olması ümidiylə...
Hacı Səfərov