Kann Film Festivalında son iki ildir əsas mükafat Uzaq Şərqə gedir. Keçən il yapon rejissor Hirokazu Koreedanın “Mağaza oğruları” filmi, bu il isə Cənubi Koreyalı rejissor Bonq Jun-honun “Parazitlər” filmi festivalda əsas mükafat olan “Qızıl Palma Budağı”nı qazandı. Bu iki filmdən əlavə, keçən ilə öz damğasını başqa bir film də vurdu: bir zamanlar Cənubi Koreyada mədəniyyət naziri kimi çalışan Li Çanq-Donqun “Yanma” filmi Kannda tənqidçilərin və jurnalistlərin verdiyi əsas mükafat olan “Fipreski”ni qazandı, daha sonra başqa festivallarda da uğur qazanaraq yoluna davam elədi. Elə bu yazıda da son iki ilə damğa vura-vura gedən iki Cənubi Koreya filmindən, onları birləşdirən və ayıran xüsusiyyətlər barəsində söhbət edəcəm.
İstər “Yanma”, istərsə də “Parazitlər” filmi dövrün reallıqları ilə sıx əlaqəli olan iki filmdir. Hər rejissorun dünyaya və hadisələrə baxış bucağı fərqli olsa da, onları birləşdirən əsas məsələ Cənubi Koreya reallığı və gerçəkliyidir. Bu iki filmə baxan, lakin Cənubi Koreya ilə yaxından-uzaqdan əlaqəsi olmayan izləyici belə ölkədəki şəraitin hansı yerdə olduğunu aydın şəkildə başa düşür. Ola bilər ki, bizə göstərilənlər tam real deyil, müəyyən dərəcədə rejissor toxunuşuyla başqalaşıb. Lakin incəsənət adamlarının bizdən fərqli olaraq daha həssas və problemləri daha dərindən duyduğunu nəzərə alsaq, bizə göstərilənləri həqiqət kimi qəbul etməkdə heç bir problem olmamalıdır. Mənim analizim də məhz bu minvalla davam edəcək.
[caption id="attachment_79738" align="aligncenter" width="928"] "Yanma" filmindən[/caption]“Yanma” filmi Haruki Murakaminin “İstixana yanğını” adlı hekayəsinin filmə adaptasiya edilmiş versiyasıdır. Hekayəni ustalıqla ekranlaşdıran rejissor, triller və mistika elementlərini əlavə edərək psixoloji dram janrında möhtəşəm bir film ortaya çıxarıb. Film əsgərlikdən yeni qayıtmış, atası ilə problemləri olan və işi olmayan gənc oğlanın (bundan sonra Li) başına gələnlər barədədir. Li məktəbdə birlikdə oxuduğu qızla (bundan sonra Hae-mi) qarşılaşır, aralarında münasibət inkişaf edir və hər şey yolunda gedirmiş kimi göründüyü bir halda ikilinin arasına üçüncü bir şəxs daxil olur. Bu üçüncü şəxs varlı, yaraşıqlı, işləməyən, amma “Porşe” sürən, bahalı məkanlara gedən və dünyanı səyahət edən biridir (bundan sonra Ben). İki oğlan və bir qız arasında yaranan məhəbbət üçbucağı qızın, yəni Hae-minin ortadan yox olması ilə birlikdə Li üçün obsessiyaya çevrilir. Hae-minin getdiyi, dolaşdığı hər yanı axtaran, amma əsas şübhə mərkəzi kimi varlı Beni görən baş qəhrəman getdikcə paranoyaklaşır, nə edəcəyini bilmir. Bir yandan sevdiyi qızı itirmək, digər yandan isə xəyalına belə gəlməyəcək komfortlu həyatı başqalarının işləmədən, heç bir əziyyət çəkmədən yaşaması Li üçün iztiraba çevrilir. İnsan psixologiyası ustalıqla işlənilir. Linin uşaqlığına, atası ilə münasibətinə, anası ilə arasında yaşananlara nəzər yetirir, izləyiciləri məlum sona hazırlayırlar. İzləyicini daim tətikdə saxlayan gərgin atmosfer öz zirvəsinə çatdığı anda film bitir. Mövzusuyla, tərziylə, demək istədikləri ilə film özündən əvvəlki bir çox rejissorları xatırlatsa da, onu unikal edən əsas məsələ Cənubi Koreya cəmiyyətindəki qütbləşməni, cəmiyyətin sinifləri arasındakı uçurumu dəqiqliklə göstərməsidir. “Möhtəşəm Qetsbi”yə bənzədilən Ben yüksək təbəqəni təmsil etdiyi halda, iş barədə problemi olan, olan-qalan bircə inəyini də satmağa məcbur qalan Li kasıb Koreyanın üzüdür. İnsanların kredit problemləri, həyat standartlarının aşağı səviyyədə olması rejissoru narahat edən məqamlardandır. Lakin bu məqamlar gözümüzün önündə yox, arxa tərəflərdə, xırda detallarla göstərilir. Hekayə davam edir, hadisələr cərəyan edir, Koreyanın problemləri də yavaş-yavaş izləyiciyə çatdırılır.
[caption id="attachment_79737" align="aligncenter" width="1200"] "Parazitlər" filmindən[/caption]“Parazitlər” filmi keçən il “Yanma”nın edə bilmədiyini bu il Kannda etdi. Əsas mükafatı qazandı, xeyli tərif topladı, festivalda tarixində baş mükafatı qazanan ilk Cənubi Koreya filmi oldu və nə yaxşı ki, Azərbaycanda da nümayiş etdirilməyə başladı. Əslində, filmə baxdıqdan sonra göstərilməməsi üçün heç bir səbəb olmadığını rahatlıqla anlayırsan. Bu mükafatı qazanan sələflərindən fərqli olaraq, “Parazitlər” “sıxıcı” adlandırılmayacaq filmdir. Maraqlı yumoru, yaxşı edilmiş montajı və heç aşağı düşməyən tempi ilə izləyicini özündə saxlamağı bacarır. Qara yumor və satira elementləri ilə rejissor izləyicinin sıxılmamasını hədəfləyir və bunu da bacarır. İki saat on dəqiqəlik metrajı olan filmdə izləyici bircə dəfə belə saata baxmırsa, Bonq Jun-ho məqsədinə çatıb deyə bilərik. “Parazitlər” filmi adından başlayaraq metaforlar dünyası qurur. Kinonun mərkəzində zirzəmi evlərdən birində yaşayan, yaşamaq üçün xırda-xuruş işlərlə məşğul olan dörd nəfərlik ailə var. Ailə ata, ana, oğul və qızdan ibarətdir. Bir gün oğul (bundan sonra Ki-vu) öz dostuyla danışarkən maraqlı bir təklif alır: Varlı bir ailənin qızına repetitorluq etmək. Ki-vunun dostu xaricə təhsil almaq üçün gedir, əvəzində isə dostunu bu işə düzəltmək istəyir. Beləliklə, fotoşopla düzəldilmiş universitet diplomu ilə Ki-vu iş üçün müraciət edir. Müraciət etdiyi ailə isə Park ailəsidir. Komfortlu həyat tərzi sürən bu ailə “Parazitlər”in tam əks qütbündə yerləşir. Evləri zövqlə dizayn edilib, gözəl bağçası var, hətta müharibə ehtimalına qarşı gizli sığınacaqları belə var. Bu ziddiyət filmin özəyini təşkil edir. Ki-vu müxtəlif yollarla ailəsini Park ailəsinin evinə daxil edir. Bacısını rəsm müəllimi, atasını sürücü, anasını isə xidmətçi kimi evdə işə düzəldir. Bu vaxt ərzində müxtəlif tragikomik situasiyalar yaşanır, izləyici əylənir, lakin başqalarının yerinə keçən həmin şəxslər bir şeyi unudur ki, onlar kimi çarəsiz olanlar da var. Hadisələr evsizlik, yurdsuzluk, çarəsizlik kimi vacib məsələlərə də toxunur. Filmi izləməyənlər olduğu üçün növbəti dəqiqələrdə nələrin olduğuna dair heç bir şey yazmayacağam. Burda diqqətinizi çəkmək istədiyim əsas nöqtə yenə Cənubi Koreya cəmiyyətinin içində olduğu ziddiyətli situasiyadır. Əgər “Yanma” filmində hər şey arxa planda baş verirdisə, burda mövzunun qaynar ocağı sinifli cəmiyyətdir. Bir tərəfdə zirzəmi evlərdə yaşayan kasıb insanlar yağış ucbatından evlərini itirdiyi halda, digər tərəfdə Park ailəsinin üzvü ana “Çox gözəl yağış yağdı dünən” deyir. Bir-birindən qopmuş və bir-birinin halından xəbərsiz iki təbəqə də “parazit”dir. Birinin yaşam şərtləri çox pisdir, özünü doyurmaq üçün hər əliəyriliyə və dələduzluğa hazırdır. Digərinin isə fiziki ehtiyacları qarşılandığı halda mənəvi baxımdan parazitləşib, deqredasiyaya uğrayıb. Rejissorun satirasına tuş gələn təkcə kasıblar yox, həm də varlılardır. Əgər hər iki tərəf də qarşılıqlı olaraq öz dəyərlərini itiribsə, içində olduqları deqredasiyada günahkar kimdir?
[caption id="attachment_78215" align="aligncenter" width="1050"] Hacı Səfərov[/caption]Həm “Yanma”, həm də “Parazitlər” daxili hekayələrinə baxmayaraq, sosial məsələləri də ehtiva etməyi bacarır. Rejissorlar öz cəmiyyətlərinin reallıqlarına uzaq deyil, tam əksinə, vulkanın mərkəzinə enməyə çalışırlar. Uğurları isə lokallığı qloballığa çevirə bilməkləridir. İstənilən azərbaycanlı izləyici bu filmlərə baxaraq öz ölkəsinin problemlərini də qavraya bilər. Fiziki və mənəvi baxımdan ac insanlar bizdə də yoxdurmu? Bizdə də heç nə etmədiyi halda yüksək rifaha sahib olan şəxslər və onlara qəlbinin dərinliklərində səmimi nifrət bəsləyən şəxslər yoxdurmu? Əlbəttə, var. Cənubi Koreyanın bu iki uğurlu filminin sirri də məhz burda gizlidir: Tapdıqları və göstərdikləri hadisələr təkcə Cənubi Koreya ilə sərhədlənmir, həm də dünyanın bir çox ölkəsi üçün aktualdır. Bizlər də dünyada öz sözünü deyən filmləri izləməli, anlamağa çalışmalı və öz payımıza düşənləri götürməliyik. Ətrafda baş verən hadisələri reaktiv şəkildə özündə göstərən və geniş kütlələrə çatdırmağı bacaran əsərlər filmlərdir və biz də bu filmlərdən xəbərdar olmalıyıq.
Hacı Səfərov