Müasir dünyanın ən böyük beyinlərindən biri, İsrailin Qüds Universitetinin tarix professoru Yuval Noah Harari özünün “Homo Deus” adlı bestsellerində yazır:
“60-cı illərin ortalarında kommunizm bütün dünyada demokratiyanı təhdid edirdi, demokratiya yalnız Atlantika sahillərindəki və digər bir neçə azsaylı ölkənin sahib olduğu bir şey idi. Xruşşov guruldayıb Qərb dünyasına “sizi əzəcəyik” mesajı vermişdi. Bu zaman ABŞ müdafiə naziri Maknamaranın təklifi ilə MAD(Mutually Assued Destruction-Qarşılıqlı zəmanətli məhvetmə) doktrinasını qəbul etdi.
Doktrinaya əsasən Qərb bloku Sovet blokunun istənilən qeyri-nüvə hücumuna nüvə zərbəsi ilə cavab verə biləcəkdi. Sovetlərə “əgər müharibəni başlatsaz, bu müharibədən heç kim sağ çıxmayacaq” mesajı verilmiş oldu. Və beləliklə, Qərb dünyası nüvə təhdidinin köməyi ilə sağ qaldı. 70-ci illərin gəncliyi Bitlz, Rok-n-roll və azad seksin həzzini almağa başladılar”.
Harari daha sonra əlavə edir: “Əgər soyuq müharibə dövründəki onlarla ciddi böhran, alovlanıb dünya müharibəsinə çevrilməyibsə, buna görə dünya Nüvə silahını yaradan Robert Oppenhaimerə və onun komandasına borcludur. Çünki yalnız hamının məhv olma ehtimalı, son anda supergücləri tormozlayırdı”.
Tarixdə yaşanan müharibələrə və onların başlama səbəblərinə diqqətlə baxsaq, Hararinin əhəmiyyətli dərəcədə haqlı olduğunu görə bilərik. Normalda ən azı böyük regional qarşıdurmalarla nəticələnəcək bir çox böhranlar, yalnız nüvə fəlakəti riskinə görə son anda sülhpərvər sonluqla bitib.
Nüvə silahının özünün, onun Yaponiyaya atılmasının əxlaqiliyi Amerika cəmiyyətinin özündə xeyli müzakirələrə səbəb olub. Bu yazıda əlavə nəsə yazmağa ehtiyac duymuram.
Nüvə silahının istifadə olunub-olunmamasından asılı olmayaraq, müharibə çox pis, iyrənc bir şeydir. Onminlərlə, yüzminlərlə, bəzən milyonlarla günahsız insanın həyatını itirdiyi, bir o qədərinin də həyatının alt-üst edildiyi şər mexanizmidir. Birmənalı olaraq, bütün müharibələr insanların dövlətin əlində ölüm makinasına və ya potensial qurbana çevrildiyi, çox dəhşətli hadisələrdir. Və buna görə də çoxumuz müharibələrə qarşıyıq və müharibəni və onun dəhşətlərini lənətləyirik.
Lakin başda kommunizm olmaqla heç kim və heç bir kəsim, insan iztirabları, qəlb ağrısı və humanizm üzərində monopoliyaya sahib ola bilməz.
İndiyədək tarixdə yaşanmış 5000-dən artıq müharibənin əksəriyyətinin səbəbi məhz qarşı tərəfin zəifliyi və müharibə başladan tərəfin qarşı tərəfin zəifliyiniə əmin olması olub. Nüvə dövrünün məntiqi isə buradadır. Nüvə silahına sahib olan dövlətlər bir-birilərini yer üzündən silmək gücünə sahib olduqları müddətcə onlar bir-birilərilə açıq qarşıdurmaya girməkdən çəkinəcəklər.
Ailəsi müharibə səbəbindən öz evini, yaşadığı torpağı itirmiş biri olaraq Gürcüstan sərhəddində yaşanmış hadisə zamanı humanizm maskası taxıb, alçalmanı strateji ağıl kimi qələmə verən dostlarımızdan heç də daha az müharibə əleyhdarı deyiləm. Lakin bu alçalmanın daha böyük faciələrə yola aça biləcəyini görürəm və buna etiraz edirəm.
Tarixdə bunun örnəkləri çoxdur. Ən məşhuruna nəzər salaq. İngiltərə və Fransa 1936-cı ildə silahsızlandırılmış Renn bölgəsinin remilitarizasiyasına, 1938-ci ildə Hitlerin Çexoslovakiyanı alçaltmasına və parçalamasına, ardınca işğalına razılaşmaqla sülhü qoruyub saxladığını zənn edirdilər. Əvəzində bəşər tarixinin ən böyük vəhşət maşınının inşası işində vasitəçi oldular. Hitler 1939-cu ildə Almaniya üçün Çexoslovakiyanın Sudet bölkəsindən heç də az əhəmiyyətli olmayan (əslində, qat-qat vacib və siyasi cəhətdən əxlaqlı olan) Dansiq və Polyak dəhlizi məsələsində İngiltərə və Fransanın kənarda qalacağına şübhə etmirdi. Axı, onlar Almaniya üçün daha az əhəmiyyətli məsələdə susmuş və alçalmanı qəbul etmişdilər. Və 1939-cu il sentyabr ayının 3-ü səhər saat 11-də Britaniya səfiri müharibə elan olunması haqda deklarasiya ilə Ribbentropun qəbuluna gələndə Hitler havalanmışdı.
Həmin vaxt İngiltərənin silahlanmasının və müharibəyə girməsinin tərəfdarı olan Çörçill ölkə daxilində müharibə qızışdırıcılığı ilə məşğul olmaqda ittiham edilirdi. Taleyin ironiyasına bax ki, II-ci dünya müharibəsi zamanı İngiltərə daxilində bu ölkənin müharibədən kənarda qalmasının ən böyük tərədfdarı, sülh hərəkatının lideri faşist Osvald Mozli idi.
Polşanın və bütün Avropanın azadlığı uğrunda girilən bu müharibə sonda ingilislərin öz dünya hegemonluğunu və imperiyalarını itirməklə nəticələnsə də, bu ölkənin qürur mənbəyidir.
Çörçill həmişə bildirirdi ki, işğalçının və təcavüzkarın qarşısından qaçmaq onu həmişə şirnikləndirəcək. Və başda göstərilməyən müqavimət sonda daha dəhşətli və qat-qat baha qiymətin ödənəcəyi fəlakətlə yekunlaşacaq. Onun peyğəmbərliyi öncə II dünya müharibəsində, sonra isə soyuq müharibədə özünü təsdiqlədi.
Bu hadisələr artıq tarixdir və bu gün ayrı-ayrı ifrata varan əməllərini çıxmaq şərtilə, dünyada heç bir ağlı başında tarixçi Çörçilli ölkəsini II dünya müharibəsinə saldığına görə ittiham etmir. Əksinə, İngiltərənin dünya müharibəsinə girməsi faşizmi durdurmaq baxımından tarixi dönüş nöqtəsi olaraq qəbul olunur.
Başqa bir misala nəzər salaq. Birinci dünya müharibəsi ərəfəsində İngiltərə parlamentində xarici işlər naziri ser Eduard Qreyin etdiyi “Almaniyanın Fransa ilə başladacağı müharibədə neytral qalmaq haqqımıza əks olan heç bir müqavilə imzalamamışıq” çıxışı Almaniya baş naziri Leobah fon Betmen-Holvedi və Kayzer II Vilhelmi əmin etmişdi ki, İngiltərə kənarda qalacaq. Və bu Almaniyanın Avropada hegemonluq uğrunda müharibəyə başlamaq qərarı verməsində əsas motivasiya olmuşdu. Həmin dönəmdə Rusiya xarici işlər naziri olan Sazanov da bildirirdi ki, əgər İngiltərə, Rusiya və Fransa ilə imzaladığı müttəfiqlik müqavilələrinə sadiq qalacağını, sadəcə sözdə bildirsəydi, Almaniya qarşıdurmadan yayınacaqdı. Sonda isə hamımızın bildiyi kimi, İngiltərə müharibəyə girməli oldu və yümninlərlə gəncinin ölümü formasında çox baha qiymət ödədi.
Elə, həmin 1-ci dünya müharibəsinin başlanğıcında, Avstriya vəliəhdi Franz-Ferdinandın Sarayevoda Serbiyanın dəstəklədiyi “Qara Əl” təşkilatı (həmin təşkilatın “Gənc Bosniya” qolu) tərəfindən öldürülməsindən sonra Avstriyanın verdiyi alçaldıcı ultimatumu qəbul etmək Serbiyanı xilas etməmişdi və ultimatumun 33 şərtindən 32-sini qəbul etməsinə baxmayaraq, Avstriya Serbiyaya müharibə elan etmişdi.
Qısa bir müddət əvvəl Almaniya Fransa ilə İngiltərə isə İsveçlə birlikdə 6-cı nəsil qırıcılar istehsal etmək proqramına başlayıblar. Sülhün, demokratiyanın, azadlığın qalası olan bu ölkələr sahib olduqları dəyərləri lazim gəldikdə güc hesabına qorumaq məcburiyyətində qala biləcəklərini dərk edirlər. Çünki bizdən fərqli olaraq tarixlərindəki dəhşətlərdən lazımi nəticələri çıxarıblar. Baxmayaraq ki, qarşılarında dünyanın ən böyük nüvə arsenalına sahib olan mürtəce gücü dayanıb, heç də təslimiyyət ruhunda davranmırlar. Rusiya təyyarələri hava sahəsini pozduqda, çox sərt reaksiya verirlər. Yadınıza salın, iki il əvvəl Kiçik Cəbəllütariq məsələsinə görə iki NATO dövləti-İngiltərə və İspaniya müharibənin astanasında idilər.
Hamıya məlum olan Keşikçidağ/David-Qareci məsələsinin təxribat olma ehtimalı, məncə də həqiqətə ən yaxın olanıdır. Və Gürcüstanın Azərbaycan üçün ən vacib müttəfiq qərblə həyati əlaqələr üçün vacib nəfəslik olması danılmaz həqiqətdir. Lakin bu bizim diplomatik səviyyədə sərt reaksiya verməyimizə əngəl olmamalıdır. Özünə hörmət etməyən xalqlara heç kim hörmət etmir.
İlkin Rüstəmzadə