Rusiya prezidenti Gürcüstana qarşı yeni sanksiyaların tətbiqindən imtina etdi. Xatırladaq ki, iyulun 8-də “Rustavi-2” telekanalında müəllif proqramı aparan Georgi Qabuniya Vladimir Putini çox kobud ifadələrlə təhqir etmiş, bundan sonra Rusiya Dövlət Dumasında Gürcüstana qarşı iqtisadi sanksiyaların tətbiqi barədə hökumətə çağırışın yer aldığı bəyanat qəbul olunmuşdu. Deputatlar hökuməti Gürcüstandan şərab və mineral suların idxalına qadağa qoymağa, eləcə də bu ölkəyə pul köçürmələrini və digər maliyyə əməliyyatlarını dayandırmağa çağırmışdılar.
İstər Rusiyada, istərsə də Gürcüstanda və regionda böyük əksəriyyət əmin idi ki, Putin bu həqarəti cavabsız qoymayacaq və bütövlükdə Gürcüstan dövlətini cəzalandıracaq. Lakin o, gözlənilmədən sanksiyalara qarşı çıxdı və bunu gürcü xalqına hörməti ilə izah etdi. Aydındır ki, Gürcüstanın iki separatçı regionunu dövlət kimi tanımış, yaxın keçmişdə bu ölkəyə qarşı müharibə əmri verməkdən çəkinməmiş bir liderin həmin ölkənin xalqına hər hansı hörmətindən söhbət gedə bilməz. Bəs Putinin bu cür mərhəmətli və xoşməramlı davranışının səbəbi nədir?
Əvvəla, onu diqqətə çatdıraq ki, Rusiya Gürcüstana qarşı yuxarıda qeyd etdiyimiz sanksiyaları daha əvvəl – 2006-cı ildə tətbiq edib. Hətta bütün gürcü miqrantlar Rusiyadan qovulmuşdu. Lakin bu sanksiyalar o vaxt istənilən effekti verməmiş, hətta 2007-ci ildə Gürcüstanın Ümumi Daxili Məhsulu rekord həddə qədər artaraq 12,7% təşkil etmişdi. Moskvanın təzyiqləri Gürcüstanı Rusiyanın orbitindən sürətlə uzaqlaşaraq Qərbə yaxınlaşmağa və xarici iqtisadi əlaqələrini mümkün qədər diversifikasiya etməyə yönəltmişdi. Yəni 2006-cı ildə nəticə verməyən, əksinə, Rusiyanın öz maraqlarının əleyhinə işləyən tədbirlərin bu gün nəticə verməsi, Gürcüstanı çökdürməsi və onu Mosksvanın nüfuz dairəsinə qaytarması mümkün deyil. Rusiya ilə iqtisadi əməkdaşlıq Gürcüstan üçün əlbəttə ki, önəmlidir, ölkənin ixracının 13%-ə Rusiya bazarının payına düşür, Gürcüstana gələn turistlərin beşdə biri rusiyalılardır, Ruisya Gürcüstanın ikinci böyük ticarət tərəfdaşıdır. Belə bir tərəfdaş şübhəsiz ki, əhəmiyyətlidir, amma Gürcüstan bunlar olmadan da dözüm göstərə və yaşaya biləcəyini sübut edib.
İvanişvilinin qarşısına təhlükəli rəqib çıxıbSon illər həm iqtisadi kooperasiyanın artması, həm də Gürcüstan daxilində Rusiyaya yaxın siyasi qüvvələrin güclənməsi nəticəsində Moskva Tiflis üzərində və ümumilikdə gürcü toplumunda müəyyən ağırlıq və təsir imkanları qazanıb. Gürcüstanla münasibətlərin məhvi, iqtisadi tərəfdaşlığın dayandırılması və yenidən müharibə vəziyyətinin bərpası bu ölkədə antirusiya əhval-ruhiyyəsini qızışdıracaq, nəticədə Rusiya ilə əməkdaşlığın inkişafına tərəfdar olmaq vətən xainliyinə bərtabər davranış sayılacaq və son nəticədə Moskvanın Gürcüstandakı təsir imkanları sıfırlanacaq.
Digər tərəfdən, sanksiyalar İvanişvili hökumətini həm ölkə içərisində, həm də beynəlxalq münasibətlər kontekstində daha da zəiflədəcək. Sanksiyalardan zərər çəkən sahibkarlar və turizm bölgələrində iqtidardan narazılıq artacaq. Ən önəmlisi isə budur ki, Rusiya ilə münasibətlərdə 2006-2008-ci illərdəkinə bənzər böhranın yaranması “Gürcü Arzusu”nun Qərb üçün alternativsizliyini aradan qaldıra bilər. Çünki Qərbin indiyə qədər “Gürcü Arzusu”na dəstəyi, onların müxalifətə qarşı təzyiqlərinə, heç də təmiz olmayan seçkilər keçirməsinə göz yummasının əsas səbəbi cənab İvanişvilinin Rusiya ilə münasibətlərdə nail olduğu qarşılıqlı anlayış idi. Paradoksal görünə bilər, lakin Qərb maraqlıdır ki, Gürcüstanda avroatlantik inteqrasiyanı davam etdirməklə yanaşı, həm də Moskva ilə minimal səviyyədə də olsa anlaşa bilən və 2008-ci il ssenarisinin təkrarlanmasına yol verməyəcək bir hökumət iş başında olsun. İvanişvili hər iki vəzifəni ustalıqla bacardığı üçün Qərb ötən 7 ildə onu dəstəklədi və Saakaşvilinin revanşında maraqlı olmadı. Bir sözlə, Bidzina İvanişvili indiyədək geosiyasi rəqabətin hər iki tərəfini qane edən, onları toqquşdurmağa çalışmayan bir lider olub. Əgər “Gürcü Arzusu”nu Vahid Milli Hərəkatdan ayıran bu önəmli özəllik aradan qalxarsa, Qərbin bu hökuməti dəstəkləməsi üçün əsas motivasiya da aradan qalxmış olacaq. Kreml isə Gürcüstanda Rusiyaya yaxın siyasi qüvvələrin iqtidara gəlmək şansı olmadığı üçün qərbyönlülərdən ən az zərərli olanını seçmək zorundadır, bu səbəblə “İvanişvili, yoxsa Saakaşvili?” seçimində birinciyə üstünılük verməkdən başqa yolu qalmır. Ona görə də, gələn il keçiriləcək parlament seçkiəri ərəfəsində İvanişvilinin zəifləməsi Rusiya üçün sərfəli variant deyil.
Putini Gürcüstana basqıları artırmaq dan vaz keçirən başqa bir məqam da var. O, hələ ki söyləməsə də, böyük ehtimalla belə düşünür ki, iyunun 20-də Gürcüstan parlamentində baş vermiş Qavrilov hadisəsi ilə Qabuniya olayı arasında əlaqə var və bunu Rusiya-Gürcüstan münasibətlərini dəfn etmək istəyən hansısa üçüncü qüvvə (ABŞ) təşkil edib. İlk hadisədən sonra Moskva Gürcüstana uçuşları dayandırmış və bu ölkəyə turist göndərməyəcəyini açıqlamışdı. İkinci qalmaqaldan sonra Putin yəqin ki, vəziyyəti təhlil edərək baş verənlərin təsadüf ola bilməyəcəyi qənaətinə gəlib və yuxarıda qeyd etdiyimiz məqamları nəzərə alaraq fikrini dəyişib.
[caption id="attachment_80024" align="aligncenter" width="1023"] Mamuka Xazardze, TBC - Gürcüstan bankının rəhbəri[/caption]Gürcüstan artıq qeyri-rəsmi olaraq seçki kampaniyasına daxil olub və seçkilərə qədər siyasi hərarətin aşağı düşəcəyini gözləmək əbəsdir. Ölkənin ən zəngin iş adamlarından biri, “TBC Holding”in sahibi, Gürcüstanın ən strateji iqtisadi layihəsi olan Anakliya dərin dəniz limanının tikintisini həyata keçirən Mamuka Xazaradze sentyabrda ictimai hərəkat yaradacağını açıqlayıb. O, bəyanatında toplumun proqressiv və qərbyönlü hissəsinin konsolidasiyasına nail olacağını və dostlarını, onunla həmrəy olanları, müxtəlif sahələrin peşəkarlarını öz ətrafında toplayacağını bəyan edib. M.Xazaradze son aylar hökumətin təzyiqləri nəticəsində rəhbərlik etdiyi “TBC Bank”ın Müşahidə Şurasının sədrliyindən istefa verməyə məcbur olub. İş adamı prokurorluq tərəfindən çirkli pulların yuyulmasında ittiham olunur, Xazaradze və müxalifət isə bunu İvanişvilinin sifarişi hesab edir. Aydındır ki, ictimai hərəkat yaratmaq ortaya iddia qoymaq deməkdir və bu qurum seçki ərəfəsində hər an asanlıqla siyasi təşkilata transformasiya oluna bilər. Gürcüstan müxalifətinin lider böhranı yaşadığı bir dövrdə Mamuka Xazaradze müxtəlif siyasi qüvvələri öz ətrafında birləşdirərək real iqtidar alternativi yaratmaq gücündədir. 2012-ci ildə milyarder Bidzina İvanişvili məhz bu strategiya ilə hərəkət edərək böyük koalisiya formalaşdırmış və seçkidə Saakaşvilinin Vahid Milli Hərəkatını məğlubiyyətə uğratmışdı. Tarix təkrarlana bilər.
[caption id="attachment_76670" align="aligncenter" width="1050"] Şahin Cəfərli[/caption]Şahin Cəfərli, politoloq