İvanişviliyə gənclik zərbəsi: Uzurpasiya və Rusiya siyasəti yarımçıq qaldı
Gürcüstan və Rusiya arasında növbəti qırılma yaşanır. Sovet İttifaqının dağılmasından üzü bəri iki ölkə münasibətləri enişli-yoxuşlu olub və heç vaxt stabil inkişaf etməyib. Baltik respublikalarından sonra imperiyadan uzaqlaşmağa ən çox tələsən federasiya subyekti Gürcüstan olduğu üçün Moskvadan ən ağır zərbələri alan da Gürcüstan olub: müstəqillik Abxaziya və Cənubi Osetiyanın itirilməsi bahasına başa gəlib. Saakaşvili dövründə ikitərəfli münasibətlərdə 2006-cı ildə başlayan böhranın (Gürcüstandakı Rusiya hərbçilərinin casusluq ittihamı ilə həbsi və Moskvanın cavab sanksiyaları) dərinləşərək 2008-ci ilin avqustunda müharibəyə səbəb olması və Rusiya tanklarının Tiflisin 25 kilometrliyinə qədər irəliləməsi hər kəsin yadındadır.
Öz kapitalının önəmli qismini Rusiyada qazanmış və iddialara görə, hələ də “Qazprom”un səhmdarlarından olan milyarder Bidzina İvanişvilinin 2012-ci ildə iqtidara gəlməsi ilə dövlətlərarası münasibətlər konstruktiv məcraya düşdü, iqtisadi əməkdaşlığın yavaş-yavaş inkişafı müşahidə olundu. 2018-ci ilin rəqəmlərinə nəzər yetirdikdə bu inkişafı bariz şəkildə görmək mümkündür: Rusiya bu gün Gürcüstanın ikinci ən böyük ticarət tərəfdaşına çevrilib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 15,1% artaraq 1,4 milyard dollar təşkil edib və bu, Gürcüstanın ümumi xarici ticarətinin 11%-i deməkdir. Gürcüstana gələn turistlərin beşdə biri Rusiya vətəndaşlarıdır. Rusiya gürcü şərablarının əsas bazarlarından biridir, 2018-ci ildə bu ölkəyə 53,7 milyon şüşə şərab ixrac edilib və 2017-ci illə müqayisədə 12% artım qeydə alınıb. Doğrudur, diplomatik əlaqələrin bərpası və ölkə rəsmilərinin qarşılıqlı səfərləri baş verməyib, lakin iqtisadi əlaqələri siyasətdən tamamilə ayrı bir proses kimi təsəvvür etmək mümkün deyil, xüsusən də söhbət postsovet coğrafiyası üzərində neoimperial iddialara malik Rusiya kimi böyük dövlətdən gedirsə... Ötən müddətdə güclənən iqtisadi kooperasiya və rusiyalı turistlərin Gürcüstana axını əslində Moskvanın Tiflis üzərində təsir imkanlarını artıran “yumşaq güc” vasitələri idi. Yəni Gürcüstan Rusiya ilə münasibətlərdən maddi anlamda qazandıqca, Moskvadan asılılığı da artırdı. Ölkədə bilərək və ya bilməyərək Kremlin xəttini yeridən, Qərb institutlarına və dəyərlərinə qarşı təbliğat aparan ictimai-siyasi təşkilatların həm kəmiyyəti, həm də ictimai rəyə təsiri getdikcə güclənirdi. Bu sırada parlamentdə təmsil olunan “Vətənpərvərlər İttifaqı”nı və “Gürcü Marşı” hərəkatı kimi ultrasağ təşkilatları xüsusi fərqləndirmək lazımdır. (Daha az gücə və təsirə malik olan başqa rusiyayönümlü partiyalar və ictimai birliklər də var. Məsələn, sabiq parlament sədri Nino Burcanadzenin Demokratik Hərəkat – Vahid Gürcüstan Partiyası.) Radikal millətçi “Vətənpərvərlər İttifaqı”nın son illər yüksəlişi və parlamentdə təmsilçilik hüququ əldə etməsini Rusiya ilə yumşalma siyasətinin məntiqi nəticəsi saymaq olar. Bu təşkilat 2016-cı ildə keçirilən son parlament seçkilərində cüzi fərqlə 5%-lik səddi aşa bilmişdi. İddialar var ki, hakimiyyət nəticələrə yüngülvari “əl gəzdirərək” partiyanın minimum baryeri keçməsinə şərait yaratmışdı ki, parlamentdə azsaylı da olsa, rusiyayönümlü bir fraksiya formalaşsın. “Vətənpərvərlər” Gürcüstanın NATO-ya üzvlüyünün, ölkə ərazisində NATO hərbi bazalarının yaradılmasının qəti əleyhinədir və Abxaziya, Cənubi Osetiya problemlərinin həlli yolunu Rusiya və adıçəkilən regionların rəhbərliyi ilə birbaşa dialoqda görür. “Gürcü Marşı” isə özünü daha çox milli-mənəvi dəyərlərin, gürcü identikliyinin qoruyucusu kimi cəmiyyətə təqdim edir. Bu hərəkat Tiflisdə və Batumidə dəfələrlə antitürk xarakterli aksiyalar keçirib, onlar Türkiyəni Acarıstan bölgəsinin ekspansiyasında ittiham edirlər (bu iddia Rusiya mediasında da tez-tez səslənir) və türk biznesinin ölkədən qovulması tələbini irəli sürürlər. Eyni missiyanı üzərinə götürmüş bəzi şəxslər də son aylar Gürcüstanda xeyli fəallaşmışdı. Məsələn, Aleksandr Duginin yaxın çevrəsinə aid olan iş adamı Levan Vasadze liberal dəyərlərin gürcü-pravoslav ənənələrinə də dəyərlərinə böyük təhlükə olduğu yönündə təbliğat aparırdı. Özünü çox arxayın hiss edən L.Vasadze Tiflisdə aksiya keçirməyə hazırlaşan LGBT fəallarını təhdid edirdi. Gürcü pravoslav kilsəsi də bu məsələdə radikal millətçilərə dəstək verirdi. Sirr deyil ki, Rusiya pravoslavların çoxluqda olduğu ölkələrdə din-məzhəb kartından da ciddi şəkildə yararlanır, Gürcüstan da bu baxımdan istisna deyil.
[caption id="attachment_79578" align="aligncenter" width="960"] Gürcüstanda bu ilin iyun ayında baş vermiş Rusiya əleyhinə mitinqlər.[/caption]Uzun sözün qısası, vəziyyət o həddə çatmışdı ki, Gürcüstanın gündəmini dolayı yolla Rusiya müəyyənləşdirməyə və diktə etməyə başlamışdı. Toplum Rusiya ilə pərdəarxası yaxınlaşmanın fərqində idi və iyunun 20-də Pravoslavlığın Parlament Assambleyasının Tiflisdə keçirilən toplantısında baş verən hadisə - Rusiya nümayəndəsi, kommunist Sergey Qavrilovun Gürcüstan parlamentinin sədri kreslosunda oturması insanların səbr kasasını dolduran son damla oldu. Həmin günün axşamı xalq parlamentin binası önünə toplaşdı. Əvvəlcə müxalifət – Vahid Milli Hərəkat və ondan ayrılmış Avropal Gürcüstan Partiyasının liderləri kütlənin önünə düşməyə və prosesi idarə etməyə cəhd göstərdilər, sabiq prezident Saakaşvili isə polislərə müraciət edərək onları hakimiyyətə tabe olmamağa çağırdı. Kütlə parlament binasına daxil olmağa cəhd göstərdi. Bu, inqilabi ssenari idi və hakimiyyətə legitim əsaslar verdi ki, aksiyanı dağıtsın. Qeyri-adekvat güc tətbiqi nəticəsində çoxlu sayda insan yaralandı, gözünü itirənlər oldu. Lakin bu sərtlik toplumda etirazları daha da qızışdırdı və ertəsi gün meydana daha çox adam toplandı. Parlamentin sədri İrakli Kobaxidzenin Qavrilov olayına görə siyasi məsuliyyəti üzərinə götürərək istefaya getməsi yetərli sayılmadı. Siyasətçilərin tribunadan kənarlaşaraq hər hansı siyasi partiyanın üzvü olmayan gənc fəalların təşəbbüsü ələ alması və etirazları yönləndirməyə başlaması iqtidar üçün yeni situasiya idi, çünki onlar etiraz aksiyalarının arxasında Saakaşvilinin dayandığı və onun revanşa çalışdığı barədə illərdir istifadə etdikləri və müəyən təbəqələrdə qorxu yaradan ənənəvi propaqandist tezislərindən istifadə edə bilmədilər. Gürcüstanda müstəqillik dövründə doğulub böyümüş nəsil ölkənin geriyə - Rusiyanın orbitinə dönüşünü istəmir və son illər Moskvanın ölkə daxilində təsirinin artmasından ciddi narahatlıq duyurlar. İşğalçı ölkə təmsilçisini Gürcüstanın müstəqilliyinin elan olunduğu salonda, ən yüksək kürsüdə görən gənclər (və onlarla paralel düşünən yaşlılar) bunu kollaborasionizm – yəni düşmənlə işbirliyi kimi qiymətləndirdilər. Hakimiyyətin rəsmi vəzifə tutmayan milyarder tərəfindən uzurpasiyası da gəncliyi narahat edən məsələlərdən biridir və onlar ölkənin koalisiya hökuməti tərəfindən idarə olunmasına tərəfdar çıxırlar.
Hökumət artıq etiraz aksiyalarında irəli sürülən 3 tələbdən ikisini yerinə yetirib: 20 iyunda parlamrnt binasının qarşsıında tutulanların hamısı sərbəst buraxılıb və gələn il parlament seçkilərinin tam proporsional sistem üzrə keçiriləcəyi açıqlanıb. Üçüncü tələb – daxili işlər naziri Georgi Qaxariyanın istefası tələbi isə hələ ki reallaşmayıb, bu səbəblə gənclər etirazları davam etdirirlər. İvanişvil 7 illik hakimiyyəti dövründə ilk dəfədir ki, bu cür ciddi güzəştlərə gedir. Müxalifətin bacara bilmədiyini vətəndaş cəmiyyəti və gənclik bacardı. Əgər müxalifət düzgün seçki strategiyası müəyyənləşdirib, ortaya normal vizyon qoyarsa və vitrinini yeniləyib, gənc kadrları önə çıxararsa, 2020-ci il seçkilərində “Gürcü Arzusu”nu məğlub etmək şansı var. Əksinə, onlar yenə təbliğatlarını İvanişvilinin amansız tənqidi üzərində qurub, topluma yeni bir şey təklf etməsələr, ciddi dəyişiklik gözləməyə dəyməz. Eyni zamanda, müxalifət çalışmalıdır ki, 7 ildir ölkədə olmayan və Gürcüstan reallıqlarından uzaqlaşmış keçmiş prezident Saakaşvi hər seçki öncəsi olduğu kimi, yenə səhnənin önündə görünməsin. Ölkənin müasir tarixinə radikal reformator kimi damğasını vurmuş Saakaşvili anlamalıdır ki, bu mərhələ artıq geridə qalıb və tplum yenilik istəyir.
[caption id="attachment_79579" align="aligncenter" width="960"] Gürcüstanda Rusiya əleyhinə mitinq.[/caption]Azərbaycanın marağı
Gürcüstanda baş verənlər şübhəsiz ki, bu ölkənin qonşusu və əsas strateji tərəfdaşı kimi Azərbaycanı da yaxından maraqlandırır. Açıq şəkildə müşahidə olundu ki, Gürcüstanın Rusiyaya yaxınlaşması, yaxud başqa sözlə ifadə etsək, Rusiyanın Gürcüstanda təsirinin artması ilə Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı arasında korellyasiya var. Yəni Gürcüstan Rusiyadan uzaqlaşanda və Moskvanın basqılarına məruz qalanda Azərbaycana daha çox ehtiyac duyur və əksinə, Rusiyaya yaxınlaşanda Azərbaycanın Gürcüstan üçün önəmi azalır. Gürcüstanın Rusiyaya yaxınlaşması eyni zamanda Gürcüstanın Ermənistanla da yaxınlaşmasına səbəb olur və Azərbaycan üçün arzuolunmaz üçbucaq yaranır. Rusiya və Gürcüstan arasında Abxaziya və C.Osetiyadan keçməklə yeni nəqliyyat-tranzit dəhlizlərinin açılması az qala realaşacaqdı. Bu, Gürcüstandan çox, Moskva ilə İrəvanın maraqlarına uyğun idi və Ermənistanın nəqliyyat blokadasından çıxmasına, Rusiya ilə maneəsiz quru əlaqəsinə malik olmasına, Rusiyanın isə Ermənistandakı hərbi bazalarını logistik blokadadan çıxarmaq və onların təchizatını təmin etmək üçün quru dəhlizi əldə etməsinə səbəb olacaqdı. O da təsadüfi deyil ki, Keşikçidağ - David Qareci problemi də məhz bu dönəmə təsadüf etdi. Gürcüstandakı rusiyameylli şovinist qüvvələrin ortaq yönü Qərb əleyhdarlığı ilə yanaşı, həm də türk (Türkiyə-Azərbaycan) əleyhdarlığıdır. Bu səbəblə, Ermənistanda belə düşünənlər var ki, Gürcüstandakı son hadisələrin arxasında Türkiyə və Azərbaycan dayanır. Təbii ki, belə deyil. Amma 20 iyun hadisələri və ondan sonrakı proseslərin Azərbaycanın maraqlarına uyğun olması gerçəkdir. Gürcüstanın avroatlantik inteqrasiyasının uğuru Azərbaycanın da, Türkiyənin də maraqlarına cavab verir.
Şahin Cəfərli,
politoloq