Fransa Senatı Google, Apple, Facebook, Amazon kimi internet nəhənglərinin ölkədən əldə etdiyi gəlirdən vergi verməsi haqda qanun layihəsini qəbul edib.
Layihə Senatda qəbul ediləndən sonra nəhəng beynəlxalq internet saytları Fransadan əldə etdikləri gəlirin 3 faizini bu ölkəyə vergi olaraq verməlidirlər.
Bu qanun dünya üzrə ödədiyi vergi miqdarı 750 milyon avro olan ölkələrə tətbiq olunacaq. Belə şirkətlər Fransa üzrə ən azı 25 milyon avro vergi ödəməlidirlər.
Fransız mediasının xəbərinə görə bundan sonra Google, Amazon, Facebook, Apple, Instagram kimi təqribən 30-a yaxın beynəlxalq internet şirkətinə belə vergi tətbiq olunacaq. Fransanın bu il nəgəng internet şirkətlərindən 400 milyon avro, gələcəkdə isə 650 milyon avro əldə edəcəyi gözlənilir.
Fransa prezidenti Emmanuel Makron iki il öncəki bəyanatında demişdi ki, beynəlxalq internet şirkətləri Avropa Birliyi üzvü olkələrdə əldə etdikləri gəlirə görə vergi verməlidirlər. "Oyun qaydalarına uymayan internet nəhəngləriylə münasibəti təsirli formada qaydaya salmaq istəyirik" - deyə Makton bildirmişdi.
Xatırladaq ki, bundan öncə uzun illər Google, Apple, Facebook və Amazon kimi şirkətlər Avropa ictimaiyyəti tərəfindən gəlirlər əldə etdikləri ölkələrdən bunu gizlətməkdə ittiham olunurdu.