105 il bundan əvvəl bəşər tarixinin o vaxtadək görmədiyi miqyasda dəhşətli fəlakət - I dünya müharibəsi alovlandı. 28 iyul 1914-cü il səhər saat 11-də Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi və ardınca tarixdə tayı-bərabəri olmayan hərb maşını işə düşdü.
Bu müharibə haqqında indiyədək yüzlərlə sanballı kitab yazılıb, sənədli, bədii filmlər çəkilib və mövzu hələ də işlənməkdədir. Kiçik bir yazıda bu müharibə ilə bağlı detalların heç 1%-ni belə təqdim etmək mümkün olmasa da, Azərbaycan oxucusu üçün maraqlı ola biləcəyini düşündüyüm bəzi məqamları qısa şəkildə çatdırmağa çalışacam.
I dünya müharibəsi ibrət alınacaq dərslərlə doludur. İlk növbədə, müharibənin iyrəncliyi və hərb maşını işə düşdükdən sonra onu dayandırmağın və siyasi müdaxilənin nə qədər çətin, hətta mümkünsüz olmasını göstərməsi və faktiki olaraq sərhədsiz, bəşəri dəyərlərin hər keçən gün inkişaf etdiyi, pasportu olmayan bir insanın belə dünyanın ən ucqar yerlərinə səyahət edə bildiyi dövrdən necə nifrət, qorxu və şübhə dolu bir dövrə keçildiyi, xoşbəxt və firavan xalqların milliyətçiliyin əsiri olub bir-birini necə qanına qəltan etməsi baxımından.
Azərbaycanda orta və ali məktəblərdə tədris olunan dərsliklərdə və əlavə tarixi ədəbiyyatda sovet təsiri olduqca güclü olduğundan çox az yerli mənbədə bu müharibənin başlanmasıyla bağlı obyektiv təhlillər var. Bizim dərsliklər adətən bu versiyanı irəli sürür: İmperialist dövlətlər bir-birini qırırdılar və Avstriya-Macarıstan vəliəhdinin Sarayevoda öldürülməsindən bəhanə kimi istifadə edib bir-birinin boğazına sarıldılar. Səbəb isə maddi resurslara daha çox nəzarət etmək istəyi göstərilir. Bu səbəb heç də kiçimsənməyəcək bir detal olsa da, ümumilikdə götürüləndə müharibənin başlanmasına çox az aidiyyatı var idi.
Bəs nəhəng hərb maşını necə alovlandı? Müharibənin başlanmasına real səbəblər nə idi? Avstriya Macarıstan vəliəhdinin öldürülməsi niyə Almaniyanın Belçikaya hücümuna səbəb oldu? Bir-birilə heç bir ərazi, resurs problemi olmayan nəhəng dövlətlər Liejdən Qüdsə qədər səpələnən 20 milyon cəsədin qarşılığında nə əldə etdilər?
28 iyun 1914-cü ildə 1908-ci ildə imperiyaya birləşdirilmiş Bosniyanın Sarayevo şəhərinə hərbi təlimləri izləməkçün gələn Avstriya-Macarıstanın sevilməyən vəliəhdi, imperator Frans İosifin qardaşı oğlu (öz oğlu şahzadə Rudolf sevgi cinayətinə qurban getmişdi) Franz-Ferdinandın Serbiyanın dövlət tərəfindən dəstəklənən ultra-millətçi “Qara əl” təşkilatının “gənc Bosniya” fraksiyasının 5 üzvünün (Mehmetbaşiç, İliç, Popoviç, Qabrinoviç və Prinsip) həyata keçirtdiyi ilki uğursuz iki sui-qəsd (ilk sui-qəsd uğursuz olsa da, xam sürücü vəliəhdin ekipajını düz Prinsipin oturduğu kafenin qarşısına gətirib çıxarmışdı) nəticəsində öldürülməsi Avropada zəlzələ effekti yaratdı.
Sevilməyən vəliəhdin öldürülməsi xalq arasında böyük üzüntüyə səbəb olmasa da, Avstriya-Macarıstan rəsmiləri (daha çox avstiyalılar) onun şərq sərhədlərini daim təhdid edən Serbiyanın artıq cəzalandırılmalı olduğu qənaətində həmfikir idilər. Bu səbəbdən Serbiyaya şərtlərinin əksəriyyəti olduqca ağır və alçaldıcı olan 33 maddəlik ultimatum təqdim olundu. 1 ay sonra Serbiya Rusiyanın təzyiqilə bu ultimatuma olduqca yumşaq və barışdırıcı tonda cavab verərək, 33 maddədən 32-sini qəbul etdiyini (qəbul edilməyən və əslində kompromis təklif edilən yeganə maddə istintaqı yalnız Avstiya-Macarıstan istintaqçılarının, özü də tam və hər kəsi sorğulaya bilmək səlahiyyəti ilə aparması şərtini özündə ehtiva edirdi) bildirsə də, Avstiya-Macarıstan Serbiyaya müharibə elan etdi. Ertəsi gün özünü slavyan xalqlarının hamisi hesab edən Rusiya Serbiyanı dəstəkləmək üçün səfərbərlik elan etdi. Rusiyanın tam səfərbərlik keçirməsi (Rusiya ərazi və digər səbəblərdən qismən səfərbərlik keçirə bilməzdi) Almaniyada böyük təlatüm yaratdı və Rusiyanın tam səfərbərliyini müharibə hesab edəcəyini bildirən alman imperatoru Kayzer Vilhelmin öz xalası oğlu çar II Nikolaya yazdığı səmimi məktuba baxmayaraq, Almaniya Rusiyadan səfərbərliyi dayandırmasını tələb etdi. Rusiyanın cavab verməməsinin ardından, Almaniya ikinci ultimatumu təqdim etdi. Bu ultimatum da cavabsız qaldı və Almaniya 1 avqustda Rusiyaya müharibə elan etdi. Ertəsi gün, yəni 2 avqustda Almaniya Fransadan neytral qalıb-qalmayacağını sorğu etdi və fransızların qarmaqarışıq cavabından qane olmayan Kayzer II Vilhelm sərhəddə güya hansısa fransız təxribatını bəhanə edib Fransaya da müharibə elan etdi. Elə həmin gün Belçikaya müraciət edib Fransaya hücum etmək üçün (Fransa 50 il ərzində Almaniya ilə müharibəyə hazırlaşaraq sərhəddi qalalarla “hörmüşdü, odur ki Fransaya birbaşa hücum etmək intihar olardı) onun ərazisindən “zərərsiz keçid haqqı” istəyən və rədd cavabı alan Almaniya ertəsi gün Belçikaya müharibə elan etdi. Həmin günün axşamı İngiltərə Almaniyaya müharibə elan etdi və dünya müharibəsi başlandı. Qərarsız qalan Osmanlı imperiyası səfərbərlik başlatsa da, bir müddət sonra ingilislərdən qaçıb Bosfora sığınan, ardınca Osmanlı tərəfindən “milliləşdirilmiş” iki alman gəmisinin (“Göben” və “Breslau”- müvafiq olaraq “Yavuz” və “Midilli”) özbaşına gedib Krım limanlarını bombalaması nəticəsində müharibəyə daxil edilmiş oldu.
Müharibənin cəbhələri və gedişatı barədə vikipedia və digər mənbələrdən detallı məlumat tapmaq mümkündür. Bu səbəbdən bu hissəsinin üstündən keçərək belə miqyasda müharibənin necə alovlandığının siyasi səbəblərini izah etməyə çalışacam.
1871-ci ildə alman dövlətlərinin Prussiyanın rəhbərliyi altında birləşərək Parisi işğal etməsindən (Fransanın başlatdığı müharibənin sonunda), Parisdə Almaniya imperiyasını elan edərək Fransanın əvvəllər alman hersoqluqları olmuş iki əyalətinin - Elzas və Lotaringiya - yeni yaranmış imperiyaya birləşdirməsindən sonra Fransa-Almaniya düşmənçiliyi Avropada başlanacaq yeni müharibənin minimum iki iştirakçısını dəqiqləşdirmiş oldu. Sadəcə, Almaniyanın dahi baş naziri Otto fon Bismark Fransanın heç vaxt aradan qaldırıla bilinməyəcək incikliyini ram etməyin yollarını tapdı və Almaniyaya qarşı birləşə biləcək bütün dövlətlərlə müxtəli səviyyəli müttəfiqlik və əməkdaşlıq müqavilələri imzalayaraq Fransanı tam izolyasiyaya sala bildi. Birləşdikdən sonra get-gedə dünyanın əsas super gücünə çevrilən, ən güclü sənayeyə, elmi potensiala, effektiv hərbi gücə sahib olan Almaniya qonşularda və bütün Avropada narahatlıq yaratsa da, 300 illik parçalanmadan sonra Almaniyanı “dəmir və qan”la birləşdirən kansler Bismarkın yumşaq və və supergüclərin qıcıqlanmasına imkan verməyən xarici siyasəti 1890-cı ilə qədər vəziyyəti nəzarətdə saxlamağa imkan verdi. 1890-cı ildə Bismarkın krallıqdan imperatorluğa qaldırdığı qoca imperator Fridrix-Vilhelmin ölümündən sonra taxta oturan Kayzer II Vilhelm (böyük qardaşı Fridrixin 90 günlük taxta oturduqdan sonra vəfat etmişdi) ilk olaraq, bütün dünyanın qorxu qarışıq ehtiramla yanaşdığı və kölgəsində əziləcəyini hiss etdiyi kansleri-Bismarkı vəzifədən uzaqlaşırdı.
300 il ərzində Avropada parçalanmış halda yaşayan və bu müddətdə baş vermiş bütün müharibələrin əsas səhnəsi və qurbanı olmuş, birləşdikdən sonra isə Avropanın mərkəzindəki nəhəng halına gələn Almaniya qurumuş əllə doğulan və özünü dünya səhnəsində ulduz tək göstərməyə çalışan Kayzer II Vilhelmin ard-arda buraxdığı səhvlər nəticəsində tezliklə bütün oxları öz üzərinə çəkdi. Kayzer ilk olaraq Bismarkın səbr və təmkinlə imzaladığı müqavilələrdən imtina etdi. Almaniyanın əməkdaşlıq müqaviləsindən imtinası Rusiyanı dəhşətə saldı və bu, qısa müddət sonra Rusiya ilə Fransa arasında əməkdaşlıq danışıqlarının başlamasına, yəni həm də Fransanın diplomatik blokadadan çıxmasına şərait yaratdı. Fransız-rus münasibətlərinə Almaniyanın reaksiyası Fransanı təhqir etməkdən və Rusiyanı kiçimsəməkdən ibarət oldu, nəticədə sadəcə əməkdaşlıq sazişini (Antanta) müzakirə etmək məqsədilə başlayan danışıqlar qısa bir müddət sonra - 1894-cü ildə - Fransa-Rusiya hərbi alyansının imzalanmasıyla yekunlaşdı.
Almaniyanın bu alyansa reaksiyası özünəməxsus oldu: Baş Qərərgah rəisi Alfred fon Şliffenin rəhbərliyi altındakı alman generallar iki ay ərzində eyni zamanda həm Fransa, həm də Rusiya ilə müharibə etməyi nəzərdə tutan hərbi planı detallarına qədər işləyib hazırladılar. Planın hazırlanmasından sonra Vilhelm bütün diqqətini İngiltərə ilə müttəfiq olmaq üzərində aparılan diplomatik danışıqlara cəmləşdirdi. Çünki plan İngiltərə ilə müharibəni nəzərdə tutmurdu və plana əsasən İngiltərə minimum kənarda qalmalı idi. Və üstəlik plan Avropada kimin kimlə müharibəyə başlamasından asılı olmayaraq, almanların Belçika üzərindən Fransaya hücuma keçməsini nəzərdə tutduğundan ingilislərin ən azı kənarda qalması (yaxşı olardı ki, müttəfiq olması) almanlar üçün həyati əhəmiyyət daşıyırdı. Çünki Belçika neytrallığına Almaniya və İngiltərə də daxil olmaqla 7 dövlətin zəmanət verdiyi və İngiltərə xarici siyasət və təhlükəsizlik doktrinasında 1-ci dərəcəli əhəmiyyətə sahib olan məkan idi. Şliffen planına əsasən isə Almaniya məhz buradan keçməli idi. İngiltərə ilə müttəfiqlik Almaniyanın Fransa ilə potensial müharibəsində Belçika ərazisindən mümkün keçid anlamı daşıyacaqdı.
İngilislərlə silsilə danışıqlara başlayan və bir xeyli məsafə qət edən alman diplomatlar öz xalqının və dünyanın gözündə əzəmətli kayzer imicini qazanmaq arzusuyla alışıb-yanan Vilhelmin sarsaq addımları nəticəsində üç dəfə İngiltərə ilə müttəfiqlik müqaviləsi imzalamağın astanasında dayanmalı oldular. Almaniyanın heç bir marağının olmadığı regionlarda sadəcə reytinq uğruna İngiltərənin maraqlarına meydan oxuyan Kayzer II Vilhelm İngiltərə ilə xoş danışıqlardan bir şey çıxmayacağını və İngiltərənin ram edilməsi üçün Almaniyanın güc göstərməsinin vacib olduğunu düşünməklə ölümcül xətaya yol vermiş oldu.
Tarixində gücün qarşısında alçalmaq və qaçıb güclüylə müttəfiq olmaq ənənəsi olmayan İngiltərə bu davranışları böyük tədirginliklə qarşılamaqla bərabər, son anda mümkün fəlakətin qarşısını almağa ümidlə ipləri qırmağa tələsmirdi. Almaniyanın Transvaal, Mərakeş, İran, Balkan böhranlarındakı şıltaq mövqeyinə birtəhər səbr edən İngiltərəni əbədi və əzəli düşməni Rusiyayla müttəfiqliyə itələmək üçün lazım olan kəmağıllıq Kayzer Vilhelmdə yetərincə bol idi və böhran özünü çox gözlətmədi.
Almaniyanın son 20 ildə əldə etdiyi azsaylı müstəmləkələri çıxmaq şərtilə, böyük hərbi donanma tikməyinə heç bir ehtiyacı və Avropada quruda onun üzərinə hücum edə biləcək bircə dövlətin olmamasına baxmayaraq, əvvəlcə dünyanın ən böyük və ən güclü artilleriya qoşunlarını, ardınca isə İngiltərəyə meydan oxuyarcasına dünyanın ən böyük hərbi dəniz-donanmasını inşa etməyə başlayan Vilhelm Almaniyanı diplomatik blokadaya salmaq məsələsində tarixi uğur qazandı. İngiltərə və digər bütün dünya, dünyanın eyni zamanda ən güclü dəniz və quru qoşunlarına sahib olan və mümkün olan bütün fürsətlərdə digər dövlətləri alçaldan Almaniyanın niyyətinin xoşməramlı olduğuna inamlarını sürətlə itirdilər.
Hətta xoşməramlı halında belə kifayət qədər böyük təhdid hesab oluna biləcək Almaniyanın açıq-aşkar diplomatik aqressiya nümayiş etdirməsi beyinlərdəki bütün tərəddüdləri aradan qaldırdı və İngiltərə istəksiz olmasına və daxildəki ciddi müxalifətə baxmayaraq, Rusiya-Fransa Antantasına qoşuldu. Fransa İngiltərənin istəyi ilə dəniz donanmasını Aralıq dənizinə keçirdi və İngiltərə Fransanın dəniz sahillərinin potensial işğalçıdan (bu halda Almaniyadan) müdafiəsini öz üzərinə öhdəlik olaraq götürdü. Bu müqaviləyə baxmayaraq, son anadək Almaniya ilə danışıq və sülhü qoruyub saxlaya bilmək imkanını özündə saxlamaq istəyən İngiltərə tarazlığı bərpa edə bilmək üçün bir-neçə uğursuz cəhd etsə də, son nəticədə müharibəyə girməli oldu.
Yaponiya ilə müharibədən rüsvayçılıqla çıxmış və bütün xarici siyasət istiqamətini Balkan yarımadasına çevirmiş Rusiya və onun despotik ağası çar II Nikolay daxildəki şovinist ictima rəyin və generalitetin ciddi təzyiqi ilə balkan slavyanlarını açıq-aşkar müdafiə etməyə başladı. 1908-ci ildə Avstriya-Macarıstanın Bosniyanı işğal etməsi və Almaniyanın alçaldıcı tonda bütün dövlətlərdən Bosniyanı Avstriya-Macarıstan ərazisi kimi tanımağı tələb etməsi Peterburqda əsl zəlzələ yaratsa da çar və ölkənin daxili hazırlıqsızlığını bilən xarici işlər naziri Sazanov saray daxilindəki və hərbi qərərgahdakı şövinist dalğanı birtəhər yatıra bilmişdi. Avstriya-Macarıstanın Serbiyaya müharibə elan etməsindən sonra isə Serbiyanı tək qoymağın dünya slavyanlarının gözündə Rusiyanın nüfuzunu məhv edəcəyini düşünənlər sırasına artıq çar da daxil idi. Xalası oğlu II Vilhelmə yazdığı yalvarış tonlu məktuba baxmayaraq çar Serbiyanı dəstəkləməyi seçdi.
İngiltərə ilə danışıqlardan heç bir nəticə çıxmamasından sonra xarici siyasətində 1-ci sıraya Avstriya ilə müttəfiqlik münasibətlərini qoyan, İtaliya ilə yarımçıq müttəfiqlik müqaviləsi imzalayan (müqaviləyə görə Almaniya və ya Avstriya müharibə başlatsaydı İtaliya kənarda qalmaq hüququnu özündə saxlayırdı) və bütün mümkün böhranlarda Avstriyanı hərbi təhdid vasitəsilə olsa belə möhkəm şəkildə dəstəkləyən Kayzer Vilhelm və onun kansleri Leobah fon Betman-Holved özlərini son anadək əmin etmişdilər ki, İngiltərə Rusiya ilə müharibədə Almaniyaya qarşı çıxmaz, çox da sanballı olmayan quru qoşunlarını (dəniz qoşunlarının müharibəyə girməsi mümkün sayılsa da) fransızların yanında qırğına verməz, Rusiya itirilmiş Fransa əyalətlərinə görə Almaniya ilə müharibə riskinə getməz, İtaliya isə hansısa mümkün şikar hesabına son anda müharibəyə girməyə razı salına bilər. Hətta Avstriya belə serbləri haqlı saydığı səbəbə görə (vəliəhdin öldürülməsi həmin dövr üçün ciddi səbəb idi) cazalandırmasına, Rusiyanın sərt reaksiya verməyəcəyini hesablamışdı.
Son anda isə bütün bu hesablar alt-üst oldu. Sarayevo qətlindən və Avstriyanın Serbiyaya müharibə elan etməsindən sonra generalitetin olduqca güclü təzyiqləri ilə üzləşən, müharibə əlehdarı olduğu və Napoleon Bonapartla sülh müqaviləsi imzaladığı üçün oğlu Aleksandrın razılığı ilə General Benninqsen tərəfindən yastıqla boğulan çar I Pavelin taleyini yaşamaqdan qorxan II Nikolay müharibə başladacağını bildiyi halda səfərbərliyə razılıq verdi. Son anda Almaniyanın Rusiyayla müharibəsində neytral qalacağını hiss etdirən Fransa ilə müharibə etməmək üçün generallarına yeni hərbi plan sifariş verən, lakin alternativ planın bir neçə günə hazırlanması mümkün olmadığından(!) məcburi Fransa və Serbiya böhranıyla heç bir əlaqəsi olmayan və yaxından-uzaqdan maraqlanmayan - müharibə etməyə məcbur qalan Vilhelm (generallarından biri ona demişdi ki, Fransaya rəsmi olaraq müharibə edib, atəş açmamaq olar, çünki heç bir halda, Fransa bizə hücum etməyəcək), Belçikaya hücum etməklə, 18 yaşı tamam olmayan fanatik bir gəncin törətdiyi hadisəni 20 milyon cəsədlə müşayiət olunan qan orgiyasına çevirmək işini tamamlamış oldu. Xalqlar bu orgiyadan ayılanda müharibəyə başlayan 5 sülalədən 4-ü (Almaniya-Qoqentsollernlər, Avstriya-Habsburqlar, Osmanlı-Osmanoğulları, Rusiya-Romanovlar) taxtlarını itirdi.
Müharibədən qısa bir müddət sonra Avropa iki şərin - faşizmin və kommunizmin - caynağına keçdi, müharibənin sonunda eyforiya, çərənçilik və anlaşmazlıq şəraitində bağlanan Versal müqaviləsi cəmi 20 il (əslində 17 il) yaşayaraq, sülh müqaviləsi adı altında tarixin bugünədək gördüyü ən dəhşətli insan fəlakətini və qırğınını - II dünya müharibəsini inşa etdi.
P.S. Yazını yazarkən əlimin altında heç bir ciddi tarixi material olmadığından, hansısa detalda mümkün ola biləcək səhvləri anlayışla qarşılayacağınıza ümid edirəm.
İlkin Rüstəmzadə