ABŞ-Çin rəqabətinin getdikcə gücləndiyi bir dövrdə ABŞ-Rusiya münasibətlərində zahirən çox nəzərə çarpmayan, amma səssiz və dərindən irəliləyən bir dialoq var. Hazırkı mərhələdə hansı konkret razılaşmaların əldə olunduğunu və bu dialoqun nə səviyyəyə qədər dərinləşəcəyini bilməsək də, tərəflərin ən azı bir-birinin tələb və təkliflərinə qapalı olmadığını müşahidə edirik. Bunu prezident Putinin mayın 15-də Kremldə Avstriya prezidenti Aleksandr van der Bellen ilə görüşdən sonra keçirilən mətbuat konfransında diplomatik çərçivədən bir az kənara çıxan sözlərindən görmək olar. İran məsələsinə toxunan Putin bildirmişdi ki, Rusiya yanğınsöndürmə komandası deyil və hər kəsi xilas edə bilməz. Bu bəyanat ABŞ dövlət katibi Mayk Pompeonun Rusiyaya səfərindən cəmi 1 gün sonra səsləndirildi. Pompeonun Putin və Lavrovla görüşlərində əsas müzakirə mövzusu məhz İran idi. (Digəri isə Venesuela.)
Vaşinqton-Moskva xəttində müəyyən yaxınlaşma və istiləşməni göstərən başqa gəlişmələr də var. Məsələn, “Bloomberg” bu günlərdə xəbər yaydı ki, Rusiya İrana S-400 zenit-raket kompleksləri satmaqdan imtina edib. Diqqət edin: dünya silah bazarında rəqabət kəskinləşir, ABŞ Rusiyadan bahalı silahlar alan ölkələri sanksiya ilə hədələyərək onu bu bazardan sıxışdırmağa çalışır, eyni zamanda, silah satışı enerji ehtiyatlarından sonra Rusiyanın ixracatında çox önəmli yer tutan, gəlir gətirən əsas istiqamətlərdən biridir. Digər tərəfdən, S-400 kimi strateji silah sistemlərinin satışının təkcə maddi deyil, həm də geosiyasi dividentləri var. Bütün bunlara baxmayaraq, Kremlin İrana bu silahı verməməsi onun ABŞ-ın və İsrailin maraqlarına hörmətlə yanaşdığını ortaya qoyan diqqətəlayiq faktlardan biridir. İsrail tərəfindən müntəzəm olaraq Suriya ərazisindəki İran qüvvələrinin, bəzən isə birbaşa Rusiyanın müttəfiqi Suriya ordusuna aid hədəflərin vurulmasına Moskvanın səssiz razılığını da bu kontekstdə dəyərləndirmək lazımdır. 2018-ci ilin sentyabrında İsrailin növbəti bombardmanı zamanı Suriya hava hücumundan müdafiə qüvvələrinin atdığı raketin həmin vaxt enişə keçən Rusiyanın “İl-20” hərbi-nəqliyyat təyyarəsinə tuş gəlməsi və nəticədə 15 Rusiya hərbçisinin ölümündən sonra Moskva bu ölkəyə S-300 ZRK göndərmişdi. Bildirilirdi ki, bundan sonra İsrail Suriyaya hücumlardan çəkinəcək, lakin belə olmadı. İsrail lazım bildiyi an Suriya ərazisinə zərbələr endirməyə davam edir. Şübhəsiz ki, bunun səbəbini Putin və Netanyahu arasındakı fasiləsiz dialoqda və ABŞ-ın da bu prosesin içində yer almasında axtarmaq lazımdır. Burada ABŞ və Rusiyanın üst-üstə düşən maraqları var. İsrailin təhlükəsizliyini təmin etmək ABŞ-ın Orta Şərq siyasətinin əsas istiqamətini təşkil edir. Rusiya da İsrailin təhlükəsizliyinə həssas yanaşır və yəhudi dövlətin mövcudluğunu açıq və net şəkildə dəstəkləyir. Xatırlatmaq yerinə deşər ki, Vaşinqton və Moskva “soyuq müharibə”yə yenicə başladıqları bir dövrdə İsrail dövlətinin yaradılması məsələsində konsensusa gəlmişdilər.
Hazırda ABŞ və İsrail İranın Suriyada və ümumən bölgədə möhkləmlənməyə çalışmasından ciddi narahatlıq duyurlar. İsrailin vaxtaşırı həyata keçirdiyi hava bombardmanları problemi tam həll etmir. İranı Suriyadan sıxışdırıb çıxarmaq üçün Rusiyanın dəstəyinə ehtiyac var. Bu dəstəyin detalları, nədən ibarət ola biləcəyi hazırda tərəflər arasında müzakirə mövzusudur. Hələ rəsmi təsdiqlənməsə də, iyun ayı ərzində Qüdsdə bu mövzuda çox vacib görüşün keçiriləcəyi barədə məlumat yayılıb. İsrail, ABŞ və Rusiyanın milli təhlükəsizliyə cavabdeh olan məsul şəxsləri – İsrail Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben-Şabat, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton və Rusiya TŞ katibi Nikolay Patruşev bir araya gələcəklər. Görüşdə Netanyahu tərəfindən hazırlanan və məzmunu açıqlanmayan planın müzakirə ediləcəyi deyilir.
Diqqəti cəlb edən başqa bir məsələ Rusiyanın Venesueladakı hərbi müşavir və təlimatçılarını bu ölkədən çıxarmağa başlaması ilə bağlı xəbər və açıqlamalardır. Əvvəlcə bu barədə “The Wall Street Journal” xəbər yaydı. Məlumatda bildirilirdi ki, “Rostex” dövlət korporasiyasının Venesuelada bu ölkə hərbçilərinə Rusiya hərbi texnikasından istifadə qaydalarını öyrədən əməkdaşlarının böyük hissəsi geri çağırılıb. “Rostex” bu informasiyanı təkzib etsə də, eyni gün prezident Donald Tramp “Twitter”də aşağıdakı qeydi yazdı: “Rusiya bizi məlumatlandırdı ki, Venesueladakı adamlarının əksəriyyətini oradan çıxarıb”. Trampın bu sözlərinə Putinin sözçüsü Peskovdan “biz heç kimə rəsmi məlumat verməmişik” şəklində təkzib gəldi, lakin bu təkzib daha çox Trampın bir qədər aşağılayıcı və kobud ritorikası qarşısında Moskvanın öz sifətini qorumaq cəhdi kimi görünür. Yəni Moskva demək istəyir ki, “biz ABŞ-la bərabərhüquqlu qaydada əməkdaşlıq edirik, hansısa qərarımıza görə ona niyə hesabat verək?” ABŞ Maduro rejiminin mümkün olan ən qısa zamanda devrilməsində maraqlıdır və Rusiyanın, eləcə də Çinin və İranın son illər Venesuela ilə əlaqələrinin inkişafından ciddi şəkildə qıcıqlanır. 1823-cü il tarixli Monro doktrinası ABŞ-ın xarici siyasəti üçün hələ də aktuallığını saxlayır və Vaşinqton Cənubi Amerika qitəsində kənar güclərin möhkəmlənməsini həzm etmir. Kütləvi xalq etirazlarına və sanksiyalara rəğmən hələ də ayaqda qalmağı bacaran Maduronu yıxmaq üçün onu xarici dəstəkdən məhrum etmək lazımdır. Bu baxımdan Rusiyanın öz mütəxəssislərini Venesueladan çıxarmağa başlamasını ABŞ-ın maraqlarına növbəti hörmət nümunəsi saymaq olar.
Növbəti xəbər Rusiyada həbsdə olan amerikalı iş adamı, “Baring Vostok” şirkətinin təsisçisi Maykl Kalvi ilə bağlıdır. D.Peskov M.Kalvinin vəziyyətindən təəssüfləndiklərini və onun Sankt-Peterburq İqtisadi Forumunda iştirakını arzuladıqlarını söyləyib. M.Kalvi və digər 5 nəfər “Vostoçnıy” bankından 2,5 milyard rubl oğurlanması ilə əlaqədar cinayət işi çərçivəsində saxlanılıb. D.Peskovun sözləri iş adamının tezliklə həbsdən buraxılacağına işarədir.
Rusiya ABŞ-dan nə alacaq?
Beynəlxalq münasibətləri ticarətə bənzətmək olar, əvəzsiz və təmənnasız heç nə olmur. Xüsusən də biznes təfəkkürü ilə düşünüb qərarlar verən bir şəxsin ABŞ kimi super gücün başında olduğu hazırkı dövrdə “deal” (sövdələşmə) sözü beynəlxalq münasbətlərə dair leksikonda özünə yer tutub. ABŞ Rusiyadan nəsə alırsa, əvəzində ona nəsə verməlidir. Rusiyanın İran, Suriya, Venesuela və digər beynəlxalq məsələlərdə ABŞ-la anlaşmaq istədiyi və güzəştlərə meylləndiyi göz önündədir. Bəs əvəzində Moskva nə əldə edir və ya edəcək?
Əvvəla, Suriya məsələsinin həm yekun siyasi həllində, həm də ölkənin bərpasında ABŞ-a ciddi ehtiyac var. ABŞ Suriyada kəmiyyət baxımından az da olsa, hərbi kontingent saxlayır və ölkənin şimalında kürdlərin nəzarət etdiyi geniş ərazilər həm də dolayı olaraq ABŞ-ın nəzarətindədir. Yəni qlobal gücündən və rolundan əlavə, konkret Suriya səhnəsində ABŞ təsirli oyunçulardan biri olaraq qalır, onun iştirakı və razılığı olmadan məsələnin çözümü mümkün deyil. Savaş bitdikdən sonra Suriyanın bərpası gündəmə gələcək, bunun üçün azı 400 milyard dollara ehtiyac var. Nə Rusiya, nə Çin, nə də hər hansı regional güc bu qədər vəsait ayıra bilməz və ya ayırmaz. Qərbin istər maliyyə gücünə, istərsə də liderliyi və təşkilatçılığına böyük ehtiyac olacaq. Bu məsələlərdə ABŞ Rusiyanın köməyinə gələ bilər. Artıq məlumatlar yayılıb ki, Vaşinqton Bəşər Əsəd rejiminə tətbiq etdiyi sanksiyaları yumşalda bilər.
Sanksiyalar demişkən, ABŞ hökuməti xeyli vaxtdır ki, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini uzadır. Məsələn, Sergey Skripal olayına görə sanksiyaların ikinci – daha sərt mərhələsi tətbiq olunmalı idi, amma hələ də məlum deyil ki, bu qərar nə vaxt veriləcək və ümumiyyətlə, veriləcəkmi? Konqresdə Rusiya iqtisadiyyatını, onun bank-maliyyə sektorunu sarsıdacaq sanksiya tədbirlərinin nəzərdə tutulduğu bir neçə qanun layihəsi hazırlanıb, amma hələ də müzakirəyə çıxarılmır. Heç qüvvədə olan “Amerikanın düşmənlərinə sanksiyalar yolu ilə müqavimət” adlı qanunda (CAATSA) nəzərdə tutulan sanksiyalar da tətbiq edilmir. Bütün bunlar Rusiyaya çox ciddi güzəşt deməkdir, çünki Putinə yaxın oliqarxlar Deripaska və Vekselberqin aqibəti göstərdi ki, ABŞ-ın yayğın deyil, konkret ünvana yönəlmiş maliyyə sanksiyaları dağıdıcı gücə malikdir. Trampın bu tip sanksiyaları dayandırması və ya ləngitməsi Putinlə alverdə çox önəmli rıçaqdır.
Rusiya-ABŞ dialoqundan, yaxud Putin-Tramp alverindən danışarkən Ukrayna mövzusundan yan keçmək olmaz. Ukrayna və ümumilikdə postsovet məkanı Rusiyanın həyati maraqlarının olduğu zonadır. Putin çoxdan arzulayır ki, ABŞ Rusiyanı bərabərhüquqlu tərəf-müqabil kimi qəbul edib, onunla masaya otursun və nüfuz dairələrini bölüşdürsün. Putin özünün bütün addımları və siyasəti ilə mesaj verir ki, müasir Rusiya hər mənada SSRİ-nin varisidir və onu yox saymaq olmaz. Ukraynanı əldə etməyin və postsovet məkanının Moskvanın nüfuz dairəsi kimi tanınmasının müqabilində Putin Trampa istənilən məsələdə yardım etməyə hazırdır. Tramp bəlkə də Ukraynanı çoxdan “satışa” çıxarardı, onun üçün Çinin basqı altına alınması və Rusiyanın bu siyasətdə ABŞ-a dəstək verməsi daha arzuolunandır. Amma Konqresdə və ABŞ dövlət aparatında antirusiya konsensusu formalaşıb, yeni Milli Təhlükəsizlik Konsepsiyasında Rusiya Çinlə bərabər ABŞ-ın strateji rəqibi elan olunub və Pentaqonun yeni hərbi strategiyaları da buna uyğun hazırlanıb. Yəni Rusiya ilə bağlı ABŞ-ın rəsmi dövlət siyasəti var və bunu dəyişdirmək hazırda mümkün deyil. Amma əlbəttə ki, bu, Ukrayna məsələsində anlaşma əldə etməyə əngəl deyil. Son həftələrdə Pompeo-Lavrov görüşləri intensivləşib və İran, Venesuela ilə birlikdə Ukrayna məsələsi müzakirə olunan mövzuların ilk üçlüyünə daxildir. Hətta bəzi ukraynalı politoloqlar Minsk razılaşmaları əsasında hazırlandığı iddia olunan Lavrov-Pompeo planından danışmağa başlayıblar. Ukraynada hakimiyyət dəyişikliyinin baş verməsi, Rusiya ilə münasibətlərdə radikal mövqe tutan millətçi Poroşenkonun yerinə gənc və təcrübəsiz Zelenskinin gəlməsi Ukraynanın mövqeyində müəyyən yumşalma olacağı gözləntisi yaradıb. Tramp yuxarıda qeyd etdiyimiz məqamlara görə Ukraynanı satmayacaq, amma Zelenski ilə təmaslarında onu Poroşenkonun müəyyən etdiyi radikal siyasət kursundan bir qədər ger çəkilməyə və Rusiya ilə anlaşmağa razı sala bilər. Yaxın həftələrdə Zelenskinin ABŞ-a rəsmi səfəri planlaşdırılır.
Qarşıda bizi gözləyən ən önəmli hadisə isə iyunun 28-29-da G-20 zirvəsi çərçivəsində Yaponiyada Tramp və Putin arasında planlaşdırılan görüşdür. Bu görüş və ondan sonrakı hadisələr “böyük anlaşma”nın olub-olmadığına aydınlıq gətirəcək.
Şahin Cəfərli