Azərbaycanda istənilən sahədə dünya səviyyəsində qazanılan hansısa uğur barəsində irəli sürülən ilkin düşüncələrdən biri də budur ki, bizdə niyə bu cür uğur qazanan fikir, ideya, məhsul yoxdur. Bu suallara veriləcək müxtəlif geniş və ya qısa cavablar var. Həmin suallardan bəziləri kino/serial sahəsini də əhatə edir: Azərbaycanda niyə “Çernobıl” və ya “Taxt-tac oyunları” səviyyəsində serial çəkilmir? Bu səviyyədə serial çəkmək mümkündür?
Bu suala cavab tapmaq üçün lap əvvəldən başlamaq lazımdır. Film istehsalı maddi resurslar tələb edən məsələdir. Davamlı maddi resursların olması üçünsə film/serial sənayesi yaradılmalıdır. Yuxarıda adı çəkilən əsərlərin ortaya çıxdığı yerlər sənayeləşmiş yerlərdir. Bəs biz bu sənayeləşməyə nə qədər yaxınıq?
Sovet İmperiyasının süqutundan sonra yaranan keçid dövrü problemləri kino sənayemizdən də yan keçməyib. Mövcud bir çox kinoteatr bağlandı, xalqın rifah səviyyəsi aşağı düşdüyü üçün izləyici sayı azaldı. İzləyici sayı azaldığı üçün “kinoteatra getmək” mədəniyyəti süquta uğradı. Bu qədər çətinliklərə baxmayaraq maraqlı məqam budur ki, 90-cı illər Azərbaycan kinematoqrafiyası üçün yeniliklərin, fərqli cəhdlərin, öz tərzini yaratmağa çalışan rejissorların dövrüdür. Bu məqam başqa bir yazının mövzusudur, lakin görünür ki, maddi problemlər heç də yaradıcılığa mane olmayıb.
Kinoteatr mədəniyyətinin geri qayıtması tədrici şəkildə baş verdi və hazırda da davam edir. Müstəqillik dövrümüzdəki neft bumundan sonra insanların maddi rifahı yüksəldi və müxtəlif sahələrə investisiyalar qoyulmağa başladı. Kinoteatrlar açılmağa başladı, insanlar yenidən bu mədəni istirahət sahəsiylə ayaqlaşmağa başladı. Hazırda pis-yaxşı kommersiya filmləri istehsal olunur, izləyicilər maraqla qarşılayır və həmin filmin istehsalçıları maddi resurs axtarmaq ehtiyacı duymadan yeni film haqqında düşünməyə başlayırlar. Kommersiyaya hesablanmamış, daha çox “festival filmləri” kateqoriyasına daxil olan filmlərimizin əksəriyyəti isə hələ də “Mədəniyyət və İncəsənət Nazirliyi”ndən mədət umur. Bu “mədət ummaq” isə rejissorlara sərbəstlik vermir, nazirliyin istəkləri ilə hesablaşmaq məcburiyyəti yaradır. Kino sferamızda vəziyyət belədir. Serialda isə məsələ daha qəlizdir.
Serial özlüyündə kassa ilə maraqlanmayan məfhum olduğu üçün çətinlikləri, problemləri tamam ayrıdır. Son on ilə qədər tək-tük seriallar çəkildiyi halda, son 10 ildə kifayət qədər yerli serial çəkilib və hazırda da çəkilməyə davam edilir. Bunun əsas səbəbi prezident İlham Əliyevin 2011-ci ildə ayırdığı beş milyon manatlıq dəstək fondudur. 2013-cü ildə də eyni minvalda daha altı milyon manat ayrılmışdı. Dövlət tərəfindən dəstəklənən seriallardan başqa, bir qisim seriallar da reklam cəlb edərək öz fəaliyyətlərini davam etdirir. Həmin seriallar əsasən ucuz və bayağı yumorla izləyiciləri doyurur. Nəticədə televiziyalarımızdan müxtəlif növ, mənalı-mənasız seriallar tökülür. Kimiləri pulun “havayı” gəldiyi üçün seriallara qarşı məsuliyyətsiz yanaşıldığını, yaxşı seriallar ortaya qoyulmadığını deyir, kimiləri də keyfiyyətdən razıdır. Bəs xaricdə vəziyyət necədir?
Serial sektoru 20-ci əsrin sonundan etibarən öz qızıl dövrünü yaşayır. Ard-arda müxtəlif seriallar beynəlxalq uğur qazanır, popkulturanın bir hissəsinə çevrilir, dünyanın müxtəlif ölkələrində özünə izləyici tapır. İnternetin geniş yayılması nəticəsində serialların əlçatanlılığı da artıb. Artıq insanlar aylıq ödəniş edərək istədikləri şeyi seçib izləyə bilirlər, üstəlik heç bir reklama məruz qalmadan.
Serialın qızıl dövrünə gətirib çıxaran faktorlardan ən əsası Amerikanın sahib olduğu kino ənənəsidir. Peşəkar senaristindən tut aktyoruna, rejissorundan tut operatoruna qədər hər vəzifədə professional kadrların olması kinodan seriala doğru baş verən form dəyişikliyini çox hiss elətdirmir. Yəni onsuz da sektorun, sənayenin içində olan yüzlərlə, minlərlə adam öz işlərinin başqa bir formasını görürlər və hərdən kinodan daha çox uğur qazanırlar. Qazandıqları uğur da onlara maddi qazanc olaraq geri qayıdır. Məsələn, məşhur “Friends (Dostlar)” serialı geniş uğur qazanandan sonra altı əsas aktyora hər seriya üçün bir milyon dollara yaxın məvacib ödəyib. Ya da başqa bir nümunə: “Taxt-tac oyunları” serialının beş əsas siması hər seriya üçün bir milyondan biraz çox pul qazanıblar. Aktyorların belə yüksək məvaciblər aldığı bir yerdə, ümumi istehsalın da kifayət qədər “bahalı” olduğu məlumdur. Necə olur ki, sözügedən seriallar bu qədər yüksək büdcələrə sahib olurlar?
Bu serialların səviyyəni müəyyənləşdirməsi və bütün dünya tərəfindən mənimsənilməsi birbaşa mədəni imperializmlə əlaqədardır. Dövlətlərin qurduqları siyasi-iqtisadi hegemonluq özünü mədəni sahədə də göstərir və bu mədəni xətti izləyən, yamsılamağa çalışan digər xalqlar daim həmin mədəniyyətə gözünü dikir. Bu mədəni hegemoniya nəticəsində müxtəlif ölkələr pul verərək həmin serialların rəsmi lisenziyalarını alır, öz kanal və qurumlarında yayımlayırlar. Bundan əlavə ABŞ-da “Sindikasiya” adlanan bir yayım növü var ki, təxminən 100 (1 seriya 22 dəqiqə) seriya çəkən seriallar həmin yayım növünə daxil ola bilər. Serial illər keçdikcə təkrar-təkrar yayımlandığı üçün həmin serialın yaradıcılarına, istehsal edən şirkətə pul ödənilir. Məsələn, tarixin ən yaxşı sitkomlarından sayılan “Saynfeld” indiyə qədər bu təkrar nümayişlərdən 3.1 milyard dollar pul qazanıb. Yuxarıda adı çəkilən “Dostlar” seriyalının bir ili üçün “Netflix” şirkəti 100 milyon dollar pul ödəyib. Bu rəqəmlərin fantastikliyi bizə həm də bir şeyi deyir...
“Netflix” və bənzər platformaların ortaya çıxması ABŞ-ı öz yerindən etməyə dair uzunmüddətli planları olan ölkələr üçün fürsətdir. Bu platformalar nisbətən yüksək büdcələrlə serialları maliyyələşdirirlər. Almaniya, İspaniya, hətta Türkiyə serialları var, çəkilir. Daha çox yerli bazarlara hesablansa da, beynəlxalq izləyici üçün də maraqlı olmaq ehtimalı var.
Bir tərəfdə aktyorlara hər seriyada beş milyon dollar verilən sektor, digər tərəfdə isə serial çəkilsin deyə ayrılan 5-6 milyon manat. Uçurumun necə böyük olduğu sadəcə bu kiçik faktla belə aydın olur. Hələ məsələnin texniki tərəflərini demirəm. Bizim ölkədə bu böyüklükdə büdcə olsa, bəlkə yenə də eyni dərəcədə uğurlu məhsul ortaya çıxmayacaq. Sənaye olmadığı üçün aktyor hovuzu kiçikdir, rejissor və operator qıtlığı var, üstəlik böyük büdcələrlə işləyəcək təcrübə də yoxdur. Belə olduğu halda, azərbaycanlı kino adamlarına “Niyə bizdə Taxt-tac oyunları çəkilmir?” deyərək əsəbləşmək haqsızlıqdan başqa bir şey deyil.
Digər sahələrdə olan uğursuzluğum kino/serial sektoruna da sıçrayıb. Bu yazını səbirli oxuyan oxucunun beynindən keçən “Kiçik büdcəylə yaxşı çəkilən yaxşı kinolar var axı?” sualını hiss edirəm. Həqiqətən də, kino tarixində peşəkar olmayan aktyorlarla, kiçik büdcələrlə uğur qazanmış xeyli film var. Bu filmlər öz uğurlarını festivallara, tənqidçilərə və kinomanlara borcludular. Serialların dəyərləndirilməsi isə daha çox geniş izləyici kütləsindən asılı olduğuna görə belə bir şeyin olmaq ehtimalı çox azdır.
Qısası, biz hələ xeyli yol getməli, məsafə qət etməliyik ki, dünya bazarına çıxaracaq qədər olmasa belə, qonşu ölkələrə sata biləcək serialımız olsun. Bunun üçün isə heç bir səbəbin arxasına sığınmadan, “izləyici bunu istəyir” şüarını əlində bayraq etməyərək daim daha yaxşısı üçün çalışmalıyıq.
Bəlkə də bizdə heç vaxt hər seriyası milyonlarla dollara başa gələn “Taxt-tac oyunları” kimi bir serial çəkilməyəcək, amma cəhd etməli, başqa yollar, üsullar düşünməliyik. Cəhd etmədən, “olanımız budur” məntiqiylə davam etsək, yerimizdə sayacağıq. Məhdudiyyətləri üstünlüyə çevirməyi bacarsaq, bizi gözəl günlər gözləyir.
Hacı Səfərov