1-ci epizod
“1910-cu ilin iyun ayında mən Bakıya gəlmişdim və Bakıdan da Tiflisə gedəcəydim. Burada təsadüfi olaraq ikinci dəfə Sabirlə görüşə bildim. Bu da 1893-cü ildə ilk dəfə Sabirlə görüşdüyümüz tarixdən 17 il sonra idi...”
Bu sətirlər Azərbaycanın böyük şairi Mirzə Ələkbər Sabirlə ilk və son müsahibənin müəllifinə aiddir.
Müsahibə də elə 17 il sonrakı həmin görüş zamanı alınıb.
Sabir həmin vaxt gündəlik “Səda” adlı qəzetdə korrektor işləyir və “İslamiyyə” mehmanxanasında qalırdı. Bakıya gəlib öncə “Metropol” mehmanxanasına düşən müsahibə müəllifi Sabirlə görüşdükdən sonra onun qaldığı mehmanxanaya köçür.
“... Sabiri öz nömrəmə gətirdim və qalmağı təklif etdim. Sabir razı oldu. Əlahiddə krovat qoymaq mümkün olmadığından krovatımı ona verərək özüm kuşetkanın üstündə uzandım. Sabir yarım saatdan çox o böyrü və bu böyrü üstündə çevrildi. Səbəbini soruşduqda krovatdan şikayət edərək “məni atıb-tutur”, – dedi. Yerimizi dəyişdik. Kuşetkanın üstündə uzanan kimi “ox, buna nə demişəm, mən prujinli krovatı harda görmüşəm” - deyərək yatdı... Gecə gec yatmağımıza görə səhər bir az gec durmalı idik. Lakin konkaların zənginin səsi və bazar əhlinin hay-küyü buna mane oldu və o gün...”
Və o gün böyük şairlə tarixi müsahibə meydana çıxdı!
Kifayət qədər maraqlı, internetdən axtarış verib asanlıqla tapa biləcəyiniz həmin müsahibənin müəllifi isə Salman Mümtazdır.
Həmin vaxt onun cəmi 27 yaşı vardı. Sabirdən 21 yaş kiçik idi.
Lakin nə Mümtazın yaşının az, nə də Sabirdən yaşca kiçik olması həmin müsahibənin maraqlı, oxunaqlı alınmasına əngəl yaratmır.
Maraqlı not: Salman Mümtaz “Hophopnamə”ni çap etdirə bilməsi üçün Sabirə kifayət qədər böyük məbləğdə yardım da edib.
2-ci epizod
Salman Mümtaz 1884-cü il mayın 20-də Şəkidə anadan olub.
Şəkidə doğulmuş böyük mütəfəkkirimiz Mirzə Fətəli Axundzadəyə qohumluğu çatır.
Kiçik yaşlarında ailəsi Aşqabada köçüb, ona görə də ibtidai təhsilini orada – Xalxallı Mirzə Əsədullanın məktəbində alıb.
Ailə vəziyyətinin ağırlığı (atasını erkən itirmişdi, dolanışıq ucbatından qardaşıyla birlikdə dayılarının ticarət işlərinə kömək etməli olurdu) ardıcıl təhsil ala bilməsinə mane olsa da, elmə olan böyük həvəsi və misilsiz hafizəsi Salman Mümtazın sonrakı taleyində mühüm rol oynayıb. Müəllimi Mirzə Əsədulladan ərəb, fars, urdu dillərini öyrənməsi sayəsində Şərq klassiklərini – Nizamini, Füzulini, Firdovsini, Sədini, Hafizi gənc yaşlarından mütaliə imkanı qazanıb, üstəlik, Aşqabadda qabaqcıl fikirli ziyalılarla tanışlığı onun dünyagörüşünün mütərəqqi yöndə inkişafını sürətləndirib.
Çox keçmədən “Molla Nəsrəddin” jurnalının həm Türküstanda təbliği, yayılması ilə məşğul olub, həm də bu dərgidə şeirlərlə, felyetonlarla çıxış edib, yazılarında xalqın mədəni yüksəlişinə mane olan səbəbləri (dini fanatizmi, mövhumatı) kəskin tənqid atəşinə tutub.
Yeri gəlmişkən: “Molla Nəsrəddin”də yazmağa da Sabirdən müsahibə aldığı görüş zamanı böyük şairimizin təklifi ilə başlayıb.
Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar kimi Azərbaycanın o dövrkü aydınları ilə bir sırada dayanıb, onlarla yaxın dost və silahdaş olub.
3-cü epizod
1918-ci ildə Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayanlardan biri də Salman Mümtaz idi.
O növbəti dəfə Bakıya qayıdır; həyatının sonrakı hissəsini bütünlüklə Azərbaycan klassik ədəbiyyatının toplanmasına, nəşrinə həsr edir. Eyni zamanda “Azərbaycan” qəzetinə maarifçi yazılar yazır.
Cümhuriyyətin süqutundan sonra böyük sevgi və həvəslə girişdiyi işi – klassik ədəbiyyatımızın toplanması və çapını davam etdirir.
Təkcə 1920-1925-ci illərdə 200-ə qədər Azərbaycan klassik və aşıq ədəbiyyatı nümayəndəsi haqqında kitabçalar, əlyazmalar toplayan Salman Mümtazla bağlı daha bir heyrətamiz fakt: ötən yüzilliyin 20-ci illərinin ortalarında, cəmi iki il içində Mümtaz “Unudulmuş yarpaqlar” adlı seriyadan 10 kitab nəşr etdirmişdi; bu kitablar arasında Nəsimi, Qövsi Təbrizi, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh kimi klassiklərin əsərləri vardı.
Azərbaycan bayatılarının ilk toplayıcısı və tədqiqatçısı olan Salman Mümtazın zəngin arxivində həm də el şairlərinin, aşıqlarının irsi qorunurdu.
4-cü epizod
“1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultaya qatılan, iştirakçılara «Nəsimi» adlı yeni kitabını hədiyyə edən S.Mümtaz artıq akademik Məhəmməd Fuad Köprülüzadə, Samoyloviç, Oldenburq kimi görkəmli alimlərin hesablaşdığı ciddi tədqiqatçı kimi tanınırdı. Həmin il onun şəxsi “Kitabxaneyi-Mümtaziyyə”sinə (şəsxi kitabxana) baxan akademiklər Bartold və Oldenburq buradakı əlyazmaların zənginliyinə və elmi dəyərinə heyran qalmışdılar” – tədqiqatçı Ədalət Tahirzadə belə yazır.
Mirzə Şəfi haqqında ilk bilgilərə görə Salman Mümtaza borcluyuq. Avropaya belə ün salmış bu şairin külliyyatını ilk dəfə 1926-clı ildə məhz o çap etdirib.
Axundovun “Puşkinin ölümünə şərq poeması”nın əylazmasını, İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsərini məhz o tapıb.
Salman Mümtazın ədəbiyyatşünaslıq baxımından belə əvəzsiz işləri sadalamaqla bitmir.
5-ci epizod
1929-1932-ci illər – Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun kapitalizməqədərki dövr Azərbaycan ədəbiyyatı bölməsinin müdiri.
1932-ci ildən – Azərbaycan Dövlət Muzeyinin elmi işçisi.
1933-cü ildən – «Azərnəşr»in klassik irs şöbəsinin müdiri.
Elə həmin ilin fevralından SSRİ EA Azərbaycan Filialın ədəbi irs bölməsində elmi işçi, bir neçə il sonra isə Filialın Dil və Ədəbiyyat İnstitutu ədəbiyyat şöbəsinin müdiri.
1932-ci ildə Moskvada Sovet yazıçılarının I Ümumittifaq qurultayında iştirak edir: Qorki başda olmaqla, bir çox məşhur yazıçılarla burada tanış olur, münasibət qurur.
Bütün bunlar Salman Mümtazın tərcümeyi-halının tarixə “Qırmızı terror” kimi düşən amansız 1937-ci il repressiyasına az qaldığı bir vaxtdakı səhifələridir.
Həmin müddətdə onun necə yorulmadan, əzmlə (və işinə sevgiylə!) çalışdığını çap etdirdiyi küllliyyatlardan, elmi tədqiqat səərlərindən aydın görmək mümkündür.
6-cı epizod
2493/278 – bu, Salman Mümtazın Azərbaycan SSR DTK-dakı istintaq işinin nömrəsidir.
O, 2043 №-li məhbus idi.
Salman Mümtaz hələ 1937-ci il iyunun 19-da “ifşa olunmuş burjua millətçisi” kimi tutduğu bütün vəzifələrdən azad edilmişdi. Lakin azadlıqda idi və təhlükədən sovuşmadığını bilə-bilə nadir əlyazmaları, kitabları toplamaqdan əl çəkməmişdi.
Vaxtının əsas hissəsini qiymətli əlyazmaların, nadir kitabların cəm olduğu şəxsi kitabxanasında keçirirdi. O, buranı "Kitabxaneyi-Mümtaziyyə" adlandırmışdı.
1937-ci il oktyabrın 9-da Salman Mümtaz yaşadığı Buynakski, 25 (indiki Şeyx Şamil küçəsi) ünvanında həbs edildi.
Üç ay dəhşətli işgəncələrə məruz qaldı.
İşgəncələrə rəhbərlik edənlər arasında Azərbaycan SSR DTK-nın rəis müavini Avanesyan və üçüncü şöbənin rəisi, dövlət təhlükəsizlik leytenantı Qalstyan da vardı.
Bu adları yadda saxlamağa çalışın: onların soyadları qanlı repressiya dövründə Azərbaycanın bir çox görkəmli aydınına işgəncələr verilməsində, onların məhvində tez-tez keçir...
Üç aylıq amansız işgəncələr nəticəsiz qaldı: Salman Mümtaz ittihamnaməni rədd etdi, hətta bütün dişlərinin sındırılmasına baxmayaraq “cinayətini” boynuna almadı!
1938-ci ilin 9 yanvarında onun haqqında əmlakı müsadirə edilməklə 10 illik həbs qərarı verildi.
13 gün sonra Salman Mümtazı Orenburqa apardılar.
Təxminən 3 il sonra, 1941-ci ilin 21 dekabrında, almanların Oryola yaxınlaşdığı ərəfədə şəhərin həbs düşərgəsində saxlanılan çoxsaylı siyasi dustaqlar kimi barəsində çıxarılan ölüm hökmünə əsasən güllələndi.
Beləcə, onun adı qorxunc repressiyaya qurban gedən görkəmli aydınlarımızın sırasına yazıldı.
1956-cı il noyabrın 16-da SSRİ Ali Məhkəməsi tərəfindən Salman Mmütaza bəraət verildi, haqqındakı ittihamnamə ləğv olundu.
Bu yarımçıq ədalət idi, çünki Salman Mümtazı həyata qaytarmayacaqdı.
7-ci epizod
Bu həm də ona görə yarımçıq ədalət idi ki, təkcə Salman Mümtazı yox, onun məhv edilən zəngin arxivinin böyük hissəsini də geri qaytarmayacaqdı.
Mümtaz bu arxivi uzun illər boyunca min bir əziyyətlə, necə deyərlər, boğazından kəsərək, pulla, pulu olmadıqda qiymətli əşyalarını girov qoyaraq toplamışdı.
O, evində həbs edilərək nadir əlyazmaları, kitabları, kitabçaları elə öz kürəyindəcə maşınlara daşıtdırmış, NKVD-nin (SSRİ Xalq Daxili İşlər Komissarlığı) divarları qan, ah-aman qoxuyan zindanına gətirmiş və oradaca məhv etmişdilər!
Bu bir xalqın mədəni, mənəvi yaddaşına qarşı barbarlıq idi: tarixin müxtəlif vaxtlarında kitabları yandıran, kitabxanaları dağıdan vandalların imza atdığı vəhşilikdən mahiyyətcə heç nə ilə fərqlənməyən barbarlıq!
"Kitabxaneyi-Mümtaziyyə"dən əslində günümüzə çox az şey salamat qalıb.
Halbuki Mümtazın orada topladığı və mənəvi dəyəri heç nə ilə ölçülməyəcək kitablarının, əlyazmalarının sayı yüzlərlə idi.
"Kitabxaneyi-Mümtaziyyə"nin amansız repressiyanın caynağından qurtulan inciləri hazırda Respublika Əlyazmaları Fondunda qorunur.
Onlar indi təkcə Salman bəyin ölməz xatirəsini yaşatmır.
Həm də onunla eyni aqibəti, eyni acı sonluğu bölüşməli olmuş, yəni məhv edilmiş, yoxa çıxarılmış mənəvi incilərin ruhunu yaşadır.
Tarixdə belə hüznlü hekayət yəqin ki, çox deyil.
Ancaq bu cür barbarlıqların barı indən sonra təkrarlanmaması üçün elə bircə bu hekayət də kifayətdir.
Elnur Astanbəyli