81 il əvvəl bu gün haqqındakı bütün mübahisələrə və rişxəndlərə baxmayaraq, o qədər də parlaq olmayan tariximizin ən möhtəşəm insanlarından biri dünyaya gəldi.
O, insan idi. Siyasətçi ola bilmədi. Özünə sərvət toplamadı, imtiyaz istəmədi. Ailəsi üçün də həmçinin. Heç kimi alçaltmadı, aşağılamadı. Gücün və hakimiyyətin qanunlarına saymazyana yanaşdı.
Uduzdu. Çox pis uduzdu. Döyüşə girmədən uduzdu. Ölkənin və xalqın maraqları naminə olsa belə gücə əl atmadı, qan tökmədi. Atmalıydımı? Bəli!
Biz indi illər keçdikdən sonra soyuq beyinlə analiz edib bu qərara gələ bilirik. Lakin artıq gecdi. Game over. Elçibəy uduzdu. Uduzmağıyla hamımızı zibilə saldı.
Bəs biz? Xalq olaraq heç mi səhv etmədik? Özü demişkən, fağır bir prezident tapmışdılar, sağdan da döşəyirdilər, soldan da. Zatən xalq olaraq zəifə dözümsüz yanaşan, əzən, tapdalayan, səmimiyyəti zəiflik kimi görən bir psixologiyamız var.
Məzələndilər, aşağıladılar. Keçibəy dedilər, “gilas yeyən” dedilər. Nazirləri üstünə yeridi. Zəif idi çünki. Gücsüz idi. Gücü anlamadı. İstəmədi. İmtina etdi gücdən. Və?
Güclü və gücü idarə edə bilən biri gəldi və hamımızı gücün köləsinə çevirdi. Üstündən illər keçib, güclüyə gücümüz çatmır, gücdən imtina edəni söyürük.
Bəs, axı siyasətçi kimdir, belə? Siyasətçi xüsusi götürülmüş hər bir halda mövcud olan ən yaxşı və ya daha az pis olan seçimi etməyi bacaran, bunu edərkən də ölkəsinin və xalqının maraqlarına maksimum yaxın qərarı verə bilən hakimiyyət sahibi və ya hakimiyyətə iddialı şəxsdir.
Siyasətçilər çox nadir hallarda pis və yaxşı arasında seçim edə bilirlər. Seçim adətən pislə çox pis arasında olur. Hər bir siyasətçi qərar verərkən kütlənin cari qışqır-bağırına uyub tarix tərəfindən ittiham edilmək və ya xalq tərəfindən anlaşılmamaq təhlükəsini yaşayır.
Öz xalqının səviyyəsindən irəlidə olan lider çox vaxt xalq tərəfindən anlaşılmır, xalqın tələblərinin arxasınca sürünən lider isə gec ya tez tarixin məhkəməsi tərəfindən linç edilir.
Uzaqgörən və müdrik siyasətçi odur ki, öz proqressiv düşüncələri və xalqının siyasi mədəniyyət səviyyəsi arasında körpü qura bilsin. Tarixdə isə bunu etməyi bacaran liderlərin sayı iki əlin barmaqlarını keçmir.
Qayıdaq Elçibəyə. Elçibəydə nə var idi, nə yox idi? Elçibəy siyasətçi olaraq öz xalqı ilə aşağı-yuxarı eyni siyasi yetkinliyə sahib idi. İnsan olaraq isə çoxundan daha üstün. Onun ən böyük səhvi siyasətçi kimi güc qazandıqda, insani tərəfini gizlədə bilməməsi oldu.
Mərhəmət göstərdi. Hamını özünə yaxın buraxdı. Heç cür anlaya bilmədi ki, insani münasibətlərin qat-qat qəddar və amansız olduğu müsəlman şərqində səmimiyyət keçmir. Gərək güclü olasan. Ola bilmədi. Ya da olmadı, olmaq istəmədi. Gərək sərt, lazım gəldikdə qəddar olasan, dövlətin maraqları və azadlığın taleyi söhbət mövzusu olanda gözünü qırpmayasan. Edə bilmədi. Qorxdu. Hər şeydən bezdi. Qayıtdı öz kəndinə.
Yazının bu yerində bütün məhrumiyyətləri gözə alıb azadlıq mübarizəsi aparan Azərbaycan gəncliyinə bir sual verirəm. Hansı birinizdə, ya birimizdə bezmək hissi olmayıb? Və ya azadlığı uğrunda mübarizə apardığımız xalqdan lazımi dəstəyi alırıqmı? Azmı tənə eşidirik? Azmı hücum olunur bizə? Hələ biz heç nə etməmişik.
Bir də indi düşünün: Qalibiyyətlə bitən möhtəşəm xalq hərəkatının məhbəs yatmış liderisən. Oğurlamırsan, əzmirsən, saxtakarlıq etmirsən. Və ətrafda vicdanlı insanlarla xəyanətkarlar bir-birinə qarışıb. Xalq səninlə məzələnir. Ölkə müharibədədir və hər şey bir-birinə qarışıb. Sən isə sadəcə bacara bilmirsən. Və bezib qaçırsan. Çox yox, azca empatiya qura bilsək, əslində 19-cu əsr alman filosoflarını oxumağı gərəkdirəcək qədər ağır mövzu deyil, başa düşmək olar.
Elçibəy qərb liderləri kimi davrandı. Azərbaycanı qərb bildi. Biz isə şərqik və heç vaxt qərb olmamışıq. Coğrafi deyil, mənəvi anlamda. Həmişə zorbalığa, zülmə daha yaxın olmuşuq, nəinki ədalətə, sivilliyə. 80-ci illərin azadlıq dalğası və onun parlaq işıqları dünyanın ən möhtəşəm beyinlərini yanıltmışdı, Elçibəyi niyə yanıltmasın?
Bu yanılmanın bahasını bu gün bizim nəsil ödəyir. Hər şeyiylə. Və bu nəslin ən ağır qiymət ödəyən nümayəndələrindən biri olaraq, qəlbimdə ona qarşı heç bir kinim yoxdur. Niyə də olsun axı? Xalq hərəkatının səmimi, qoy lap olsun sadəlövh, lakin humanist liderinin layiq olduğu yer nifrət obyekti olmalı deyil. Qalibə yaltaqlananlar özləri bilər, biz niyə məğluba qarşı belə qəddar olaq? Uduzdu, qorxdu, qaçdı. Hə, bildik. Bəs sonra?
İlkin Rüstəmzadə